“Bir-iki uğursuz nəticə baş məşqçi barədə sərt qərar çıxarmağa əsas vermir”

“Bir-iki uğursuz nəticə baş məşqçi barədə sərt qərar çıxarmağa əsas vermir”
XƏBƏR 31 Oktyabr 2009 / 21:40 2032
-  A +

"Biz "Gəncə" klubunun həm rəhbərliyinə, həm də baş məşqçisinə tam inanırıq və etibar edirik. Yeni yaranan komanda inkişaf mərhələsindədir, bundan sonra da Azərbaycan futboluna öz töhfəsini verəcək". Qol.Az-ın məlumatına görə, bu sözləri Gəncə Regional Futbol Federasiyasının (RFF) rəhbəri Xanlar Fətiyev komandanın baş məşqçisi Fuad İsmayılovun iki uğursuz oyundan sonra istefaya göndəriləcəyi barədə yayılan şayiələrə münasibət bildirərkən deyib. X.Fətiyev vurğulayıb ki, “Gəncə”nin son iki oyunda uduzması heç də bu komandanın zəif oyun nümayiş etdirməsi ilə əlaqədar deyil: "Mən həm Gəncədə "Bakılı", həm də Bakıda "Neftçi İSM"lə oyunu özüm canlı izləmişəm. "Gəncə" yetərincə yaxşı oyun sərgilədi. Lakin "Bakılı" ilə oyunda penaltilərin verilməməsi, "Neftçi İSM"lə matçda isə qapıçı Xəyal Zeynalovun qırmızı vərəqə alması sonda nəticəyə təsirini göstərdi. Bu oyunlar zamanı bir sıra neqativ halların baş verdiyi barədə yayılan söz-söhbətlərə isə biz fikir vermirik. Biz istəyirik ki, "Gəncə" hər bir çətinliyə baxmayaraq, yaxşı futbol nümayiş etdirərək qalib gəlsin. Klub yeni bərpa olunub. Artıq yavaş-yavaş formalaşmağa başlayır. Bir-iki uğursuz nəticə baş məşqçi barədə sərt qərar çıxarmağa əsas vermir. Avropada da bu, belədir. Hansısa tanınmış komanda bir neçə dəfə uğursuzluqla qarşılaşırsa, həmin dəqiqə baş məşqçini istefaya göndərmirlər. Biz inanırıq ki, komandamız I divizionda yenə liderliyini bərpa edəcək".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı