Mehman Allahverdiyev: «Gəncədə futbolun bərpa olunmasını səbirsizliklə gözləyirlər»

Mehman Allahverdiyev: «Gəncədə futbolun bərpa olunmasını səbirsizliklə gözləyirlər»
MÜSAHİBƏ 26 Dekabr 2008 / 19:55 6452
-  A +

«Kəpəz» klubunun keçmiş vitse-prezidenti və baş məşqçisi Mehman Allahverdiyevin Qol.Az saytına müsahibəsi


- «Kəpəz»ə sponsor tapılması məsələsi nə yerdədir və növbəti çempionatda iştirak mümkün olacaqmı?
- AFFA prezidenti Rövnəq Abdullayev çox sağ olsun ki, «Kəpəz»ə sponsor tapılması üçün əlindən gələni edir. Fikrimcə, nəinki burada, hətta respublikanın hər yerində Gəncədə futbolun bərpa olunmasını səbirsizliklə gözləyirlər. Futbolun inkişafında bölgələr böyük rola malik ola bilər. Gəncə də belə regionlardandır. Bu vəziyyət burada məşq edən yeniyetmələri ruhdan salır.
- Problem həllini tapsa, sizi komandada görə biləcəyik?
- İnşallah. Bu, sponsordan asılı olacaq. Lövğalıq olmasın, bilirsiniz ki, «Kəpəz» vaxtilə rəhbərliyim dövründə üçqat Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb. Həmçinin, çempionatda iki dəfə gümüş və eyni sayda da bürünc medala sahib çıxıb.
- «Kəpəz» hansı liqada oynayacaq?
- Bunu deyə bilmərəm, AFFA qərar verəcək. Birinci divizionda oynasaq da, eybi yoxdur. Ən əsası komanda olsun.
- Gəncədəki stadion nə vəziyyətdədir?
- Təəssüf ki, çoxdandır oyunlar keçirilmir. Stadionun rəhbəri Vüqar müəllim çalışır. Ancaq idman qurğusunu saxlamaq heç də asan deyil, o qədər problemlər var. Sponsor tapıldıqdan sonra stadionda mütləq bərpa işləri aparılmalıdır.
- Milli çempionatın oyunlarını izləyirsiniz?
- Bəli.
- Yalnız televiziyadan?
- Xeyr. Yevlax, Tovuza gedib oyunlara tamaşa edirəm. Bakıya gələndə də qarşılaşmalara baxıram.
- Çempionatın səviyyəsi haqda nə düşünürsünüz?
- Bu gün sponsorlara təşəkkür edirəm ki, futbolun inkişafı naminə klublara kömək edirlər. Böyük məbləğdə vəsaitlər xərlənməsinin və yaradılan yüksək şəraitin qarşılığında nəticə verməmək böyük günahdır. Ağıllı məşqçi belə vəziyyətdə nəticə göstərməlidir.
- Belə çıxır ki, bəzi məşqçilərdən gileylisiniz?
- Qətiyyən. Maliyyə imkanlarını yaxşılaşdıran «Simurq» Premyer-liqada uğurlu çıxış edir.
- Klublardan təklif almısınızmı?
- Bəli, bu günlərdə Premyer-liqanın iddialı klublarından təklif almışam.
- Konkret hansı komandalardan?
- Bunu açıqlamaq etik cəhətdən düzgün çıxmaz. Axı, həmin komandalarda çalışan məşqçilər var.  
- Təkliflərə müsbət cavab verəcəksiniz?
- Rövnəq müəllimin «Kəpəz»ə sponsor tapacağına çalışmasından sonra bizdə böyük ümid yaranıb. Çox istərdim ki, yenidən Gəncə futbolunun inkişafına çalışım.
- Legionerlər haqda fikrinizi bilmək istərdik.
- Nə deyim? Yalnız yığmada legionerlərin çox oynamasının əleyhinəyəm. Xarici ölkələrin milli komandalarında da belə oyunçular var. Ancaq onlarda məqsəd final mərhələsinə vəsiqə qazanmaqdır. Milli komandada öz futbolçularımıza yer verilsə, daha yaxşı olar. Bəlkə mən səhv fikirdəyəm. Əcnəbi məşqçi və futbolçuların əsas məqsədi pul qazanmaqdır. Yığmada təcrübəlilərlə gənclər vəhdət təşkil etməlidir.
- Foqts haqda nə deyərdiniz?
- Burada istər Foqts, istərsə də Kapello və ya Terim olsun, indiki durumda yığmamız seçmə mərhələlərin qrup turnirində ən yaxşı halda, axırdan ikinci yeri tutacaq. Klublarda futbolçuların səviyyəsini artırmaq lazımdır. Məncə, yavaş-yavaş hər şey yoluna qoyulacaq.
Anar CƏFƏRSOY        

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı