Hakim jurnalistə hərbə-zorba gəldi

XƏBƏR 19 Oktyabr 2009 / 13:55 1942
-  A +

Dünən UniBank Premyer Liqanın yeddinci turu çərçivəsində keçirilən “Muğan” - “İnter” oyununda insident yaşanıb. Qol.Az-ın məlumatına görə, qarşılaşmanın dördüncü hakimi Zöhrab Əliyev jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə imkan verməyib. Z.Əliyev Salyan klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Səmədov və “azerisport.com” saytının fotomüxbiri Ruslan Mikayıllıya vəzifələrini yerinə yetirməyə mane olmaq istəyib. Məsələylə bağlı Ruslan Mikayıllı bunları deyib: “Qaydalara əsasən fotoqraf qapıdan 5-6 metr aralıda dayanmalıdır. Biz isə 5-6 yox, hətta bir qədər də arxadaydıq. Birdən hakim bizə yaxınlaşaraq, hədə-qorxu gəlməyə başladı. Əks halda oyunu dayandıracağını dedi. Biz də bu səbəbdən geri çəkildik. Orada isə həm meydanı yaxşı görmək olmurdu, həm də polislər bizi uzaqlaşdırmaq istəyirdilər. Birtəhər birinci hissəni başa vurduq. Fasilədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məni yanına çağırdı. Bu haqda danışdıq və mənə bildirdi ki, get, əvvəldən dayandığın yerdən şəkil çək. Mənim bütün hakimlərə böyük hörmətim var. Amma Zöhrab Əliyev düzgün danışmırdı. Həmin vaxt o bizə yaxınlaşanda mənim əynimdə gödəkcə yox idi. Əgər bunu bahəna etsəydi, razılaşardım. Amma o kənarda dayanmağımızı istədi. Həm də mənə hədə-qorxu gəldi və bildirdi ki, səninlə sonra danışacağam, nə bilim təkbətək görüşərik və s”.

Sözügedən məsələylə bağlı hadisənin canlı şahidi olan AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da münasibətini öyrəndik: “Həqiqətən də həmin oyunda dördüncü hakimlə fotoqraf arasında insident yaşandı. Fotoqraflar künc bayrağından iki, qapıya doğru getdikcə isə 6 metr aralıda dayanmalıdırlar. Həmin anda isə fotoqraf qapıya daha yaxın məsafədə dayanmışdı. Həm də onun əynində gödəkcə yox idi. Lakin mən fasilədə özüm tapşırıq verdim ki, onların işinə mane olmasınlar. İstəmədim ki, insident daha da böyüsün. Hakim jurnalistə hədə-qorxu gəlməkdə səhvə yol verdi. O, belə etməməliydi. Amma biz həmişə hakimlərin daha da savadlanması üçün işlər görürük. Gələcəkdə də belə olacaq”. 


Son xəbərlər