"Qarabağ"ın "İnter"(esnı) oyunu

"Qarabağ"ın "İnter"(esnı) oyunu
YAZARLAR 4 Oktyabr 2014 / 15:18 12155
-  A +

Möhtəşəm “Cüzeppe Meatsa”nın uzun-uzadı dəhlizləri ilə keçib jurnalistlərin toplaşdığı zala daxil olanda gördüm ki, burada ab-hava xeyli gərgindir. Elə bil, uduzan tərəf biz yox, italyanlar idi. Mətbuat konfransında “İnter”in baş məşqçisi Matsariyə verilən suallardan da anladım ki, italiyalı həmkarlarımı belə qələbə məmnun etməyib.
 
Doğrudan da, “Qarabağ” Milanda çox “interesnı” futbol oynadı. Belə oyunlarda adətən klublarımız ilk 10-15 dəqiqədə qol buraxmamağa çalışır ki, ab-havaya uyğunlaşa bilsinlər. Lakin Qurban Qurbanovun komandası “Cüzeppe Meatsa”da oyuna o qədər fəal başlamışdı ki, Matsari gözlərinə inana bilmirdi. Belə baxanda, “İnter”lə oyunda “Qarabağ” düşündüyü hər şeyi edə bildi: Qol epizodları yaxaladı, topa nəzarət etdi, dəfələrlə rəqibi top itirməyə vadar elədi. Nə çatmadı? Məncə, ustalıq. “İnter”in heyətində İkardi topu bilyard şarı kimi tora göndərdisə, bizdə İlqar Qurbanov çox uyğun mövqedən ötürmə verdi. Reynaldo təkbətək çıxdı, ancaq qol vura bilmədi. “İnter” isə ilk təhlükəli hücumunu qolla tamamladı. Hərçənd orada qol olmamaq ehtimalı daha böyük idi.
 
Bəzi futbolçuların zəif təsir bağışlaması, deyilən səhvləri təkrarlaması da Qurban Qurbanovu məyus etdi. Tanınmış mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyətə yox, edilən səhvlərə üzüldüyünü dilə gətirdi.
 
“İnter”lə oyunda ən çox diqqətçəkən isimlərdən biri İlqar Qurbanov oldu. Sağ cinah müdafiəçisi o qədər fəal idi ki, həm öz yerinə, həm də heç cür ab-havaya uyğunlaşa bilməyən Corc Leroyun yerinə qaçırdı. Qurbanov hücumlara qoşulmaqla yanaşı, müdafiədə də öz işini görürdü. Xüsusilə, xətti müdafiə zamanı mərkəzə düşərək, bir neçə kəsərli ötürmənin qarşısını aldı. Bədavi Hüseynovu isə Qurban Qurbanovun Azərbaycan futboluna növbəti bəxşişi adlandırardım. “Qarabağ”a gələndə sıradan təsir bağışlayan Bədavi indi oyunu ilə göz oxşayır. Gənc futbolçu son dərəcə inamlı, soyuqqanlı, topla səliqəli rəftarı ilə seçilir. Elə Qara Qarayev də “İnter”ə qarşı çəkinmədən öz oyununu oynadı.
 
Matçdan sonra bir italyan jurnalistlə söhbət elədim. “Qarabağ”ı çox bəyəndiyini dedi və “İnter”lə oyunda Riçard Almeydanı fərqləndirdi. Hə, Almeyda da çox yaşı oynadı. Ancaq mənə elə gəlir ki, braziliyalı istedad  o qədər oyuna alüdə oldu ki, bir anlıq qarşısındakı komandanın “İnter” olduğunu unutdu. Buna görə də, oyunun sonlarında bir neçə səhvə yol verdi.      
 
“Sent-Etyen”lə oyundan sonra fransızların baş məşqçisi “Qarabağ”ı qrupun favoriti adlandırmışdı. “İnter”lə oyundan sonra isə Matsari ikinci vəsiqəni “Qarabağ”ın qazanacağını düşündüyünü dilə gətirdi. Rəqiblərin gözünün odunu almışıq. Göstərdiyimiz oyunun nəticəsini də ala bilsəydik...
 
 
Emin ABBASOV

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı