Bu necə premyer liqadır?!

Bu necə premyer liqadır?!
YAZARLAR 12 Avqust 2014 / 13:04 9035
-  A +

Azərbaycanda futbol mövsümü sürprizlərlə başladı – cəmi bir tur arxada qalıb, azarkeşlər artıq bir neçə qeyri-adiliyin şahidi olublar.

Onlardan ən ağırçəkilsi Azərbaycan superkubok oyununun təxirə salınmasıdır. PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyevin sözlərinə görə, avqustun 13-də ölkə çempionu “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” arasında Qəbələdə təşkili nəzərdə tutulmuş görüş, klubların qarşılıqlı razılığı əsasında, keçirilməyəcək. Hər iki klub PFL-ə xahiş-müraciəti Avropa Liqasında mühüm oyunlarının olması ilə əlaqələndirib. Daim başıbəlalı superkubok qarşılaşmasının nə vaxt reallaşacağı isə heç kimə bəlli deyil.

Digər təxirəsalmanın, başqa sözlə, sürprizin ünvanı “Bakı” klubudur. Sən demə, paytaxt təmsilçisi çempionatda iştirakla bağlı lazımi sənədləri PFL-ə təqdim etməyib (?!). Amma adıçəkilən qurum “humanizm” nümayiş etdirərək klubu iştirakçılar sırasından kənarlaşdırmayıb, üstəlik, “Simurq”la matça görə texniki məğlubiyyət də hesablamayıb, bütün bunlar azmış kimi, avqustun 15-dək vaxt da verib ki, əyər-əskikliyini düzəltsin.

“Neftçi” Naxçıvana, debütantla oyuna ikinci heyəti göndərib, həm də baş məşqçisiz! Bu necə peşəkarlıqdır?! Bu necə premyer liqadır?! Ümumiyyətlə, bu, nə deməkdir?! Heç bir əndazəyə sığmayan belə hərəkətdən sonra, əlbəttə, Azərbaycan çempionatının oyunlarına azarkeş gəlməyəcək.

Naxçıvana əsas futbolçuları aparmamağı avroliqada mübarizəni davam etdirməklə bağlamaq, 0:3 hesablı məğlubiyyəti isə təcrübəsiz gənclərin etimadı layiqincə doğrulda bilməməsi ilə izah etmək insanları, sadəcə, ələ salmaqdır.

Nəhayət, “Qarabağ” 3:0 qalib gəldiyi oyunda səhv əvəzetmə ilə legioner limitini pozub özünü “yandırır” və “Sumqayıt” həmin hesabla “texniki qələbə” qazanan tərəf kimi meydanda fəxri dövrə vurur.

Əslində, bütün bunları təbii qarşılamaq lazımdır. Birinci dəfə deyil ki... Yəni, təəccüblənmək lazım deyil. Mən də baş verənləri gərəksiz yerə azacıq təəccüblə qarşıladım, deyəsən. Amma nahaq, çünki bir çempionatın ki, baş sponsoru bukmeyker kontorudur, bundan artığını gözləməyə dəyməz. Hələ biz mövsüm boyu bu cür ağırçəkili sürprizlərin çox şahidi olacağıq...

Rövşən BİNNƏTLİ

Bakupost.az


Son xəbərlər