“Neftçi”nin uğursuzluğunda daha çox günahkar mənəm”

XƏBƏR 17 Noyabr 2008 / 14:40 4757
-  A +

 “Milli komandaya çağırılacağımı gözləmirdim. Bildiyimə görə, həmkarım Kamran Ağayevin anası vəfat edib və məni onun əvəzinə yığmaya çağırıblar”. Bunu “Neftçi” klubunun qapıçısı Anar Nəzirov deyib.
Milli komandamızın ötən həftə dörd günlük hazırlıq prosesində iştirak edən 23 yaşlı qapıçı Albaniya yığması ilə yoldaşlıq görüşünə çağırılan 22 futbolçu arasında yer almamışdı. Anar son iki turda “Qarabağ” və “Karvan”la görüşdə səhv etməsinə baxmayaraq, yığmamızın baş məşqçisi Berti Foqts ona güvənib: “Neftçi”də buraxdığım səhvləri boynuma alıram. Son oyunlarda uğursuzluğumuza görə, daha çox özümü günahlandırıram. Elə alınıb ki, səhvlərim həlledici olub və görüşün taleyinə təsir göstərib”.
Nəzirovun fikrincə, uğursuz oyunu yığmada psixoloji durumuna mənfi təsir göstərməyəcək. Qapıçı milli komandamızda debütə özünü hazır sayır: “Uğursuz oyundan sonra özümü tez toparlaya bilirəm. Mənə yığmada şans verməsələr, bunu normal qarşılayacağam. Buraxdığım səhvlərdə uzun müddət oyun praktikası sarıdan korluq çəkməyimin böyük təsiri var. “Neftçi”nin heyətində meydana çıxana qədər mayda “Turan”ın heyətində oynamışdım. Qapıçı üçünsə oyun praktikası vacibdir. Ancaq buna görə başqa kluba keçmək fikrim yoxdur. Çünki “Neftçi”də əsas heyət düşmək uğrunda güclü rəqabət var. Rəqabət olan yerdə isə inkişaf olacaq” ( “APA-Sport”).

Son xəbərlər