Hüseyn Məhəmmədov: “Allaha and olsun, oyunlara pul qoyuluşundan zəhləm gedir”

Hüseyn Məhəmmədov: “Allaha and olsun, oyunlara pul qoyuluşundan zəhləm gedir”
MÜSAHİBƏ 7 Sentyabr 2009 / 19:00 3859
-  A +

"KARYERAMI BU ŞƏKİLDƏ BİTİRMƏK İSTƏMİRƏM. ÇİYİN-ÇİYİNƏ OYNADIĞIM FUTBOLÇULARDAN DİQQƏT GÖZLƏYİRƏM”

 “Standard” klubunun sabiq qapıçısı Hüseyn Məhəmmədovun Qol.Az saytına müsahibəsi

 

- “Standard”dan ayrılmağının səbəbi nə oldu?

- Müqaviləm bitdi. Rəhbərlik yeni müqavilə bağlamaq istəmədi. Yəqin məndən güclü qapıçı gətiriblər. Mən komandada layiqincə mübarizə aparmışam. Hər halda özünüz də görürdünüz ki, mən oynayan zaman bu komanda necə çıxış edirdi. Yəqin belə məsləhət olub. Klub rəhbərliyi ilə indiyə kimi dostluğum davam edir. Aramızda heç bir münaqişə, inciklik olmadı. Mənim kiməsə “qurban olum, məni komandaya götür” deyə bir xarakterim yoxdur.

- Bir ara qapıçılar üçün məşqçilik kursları açacağını deyirdin.

- Mən hələ futbolu atmamışam axı. Futbolu qurtarandan sonra bu işlərlə məşğul olmaq planım var. Sadəcə, futbolsuz qalmağıma bir az pis olmuşam. Mənim bu qədər nailiyyətlərim var. Bunların bir anda puç olmasını istəmirəm.

- Legioner limitinin tətbiqi ilə bağlı nə deyə bilərsən?

- Açığı mən belə bir vəziyyətlə üzləşəcəyimi (klubsuz qalmasını nəzərdə tutur – red.) gözləmirdim. Bunun da fikrimcə, öz səbəbləri var. Ən əsası da legioner limitinin olmamasıdır. Mən burda Berti Foqtsu dəstəkləyirəm. Baş məşqçi də limitin qoyulmasının tərəfdarıdır. O da əlində çoxlu futbolçu seçiminin olmasını istəyir. Yoxsa Ramiz Məmmədov kimi demir ki, 8+3 limitini üç ildən sonra tətbiq etmək lazımdır. Niyə ay Ramiz Məmmədov? Niyə? Klublar özləri bu işdə maraqlı olmalıdırlar. Yerli futbolçulara diqqəti artırmalıdırlar. Məni düzgün başa düşün. Mən bəzi futbolçulardan deyiləm ki, özüm oynamadığıma görə digər futbolçuları da “baltalayım”. Gələn legionerlər də səviyyəli deyillər. Mən şəxsən bugün çempionatımızda iştirak edən legioner qapıçılardan heç birini özümdən güclü saymıram. Əgər hazırda Azərbaycan futbolu inkişaf edirsə, bunda mənim də payım var. İndi biz qalmışıq qıraqda. Legionerlər isə burda gəlib rahat pul qazanır. Əksinə onlar futbolumuzun səviyyəsini aşağı salır. “Qarabağ” göstərdi ki, əgər yerli futbolçulara inam olsa, onlar meydanda layiqincə vuruşarlar.

- Digər Premyer Liqa klublarından sənə təklif göndərən yoxdur?

- Ola bilər ki, kiməsə lazım olum və mənə dəvət göndərələr. Açığı hələ ki, gözləmə mövqeyi tutmuşam.

- Hüseyn, sanki bir az inciksən...

- Mənim kimdənsə inciməyə haqqım yoxdur. Sadəcə karyeramı bu şəkildə bitirmək istəmirəm. Çiyin- çiyinə oynadığım futbolçular - hansı ki, indi məşqçidirlər - onlardan diqqət gözləyirəm. İstəyirəm, maraqlansınlar ki, görəsən, Hüseyn hardadır, nə iş görür.

- Millinin Finlandiyaya qarşı oyununu izlədin?

- İzlədim və çox bəyəndim. Ona görə ki, Finlandiya qarşısına bir legioner çıxmışdı. Qalan hamısı yerli futbolçular idi. Millidə legionerlərin çox olduğu zamanlarda nə oynamışıq ki? Bərbad oyun göstərirdik. Heç olmasa, uduzuruqsa, yenə öz futbolçularımızla uduzaq. Tribunada oturan azarkeşlərin dedikləri sözü başa düşmək lazımdır. Azarkeşin təkcə “halal olsun” deməsi biz futbolçulara həddindən artıq ruh verirdi. Halbuki legioner o sözü anlamır. 

- Milli niyə məğlub oldu? Halbuki hər şey yaxşı gedirdi. Hətta qol da vurmuşduq.

- Futbolda yaxşı bir söz var. Bəxt amili. Mən bununla əlaqələndirərdim. Məncə, oyunun ədalətli nəticəsi 1:1 idi. İkinci qolun qapımızdan keçməsi çox kuryoz oldu.

- Bildiyimizə görə, oğlun sənin yolunu davam etdirir.

- Bəli. İndi o, U-15-lə bir yerdə “Fənərbaxça”nın bazasındadır. Oğlumun oyununu izləyiblər. Xoşlarına gəlib.

- Milli sentyabrın 9-da səfərdə güclü Almaniya ilə qarşılaşacaq. Berti Foqts almanları udacağımızı deyir.

- Foqts deyir, almanları udacağıq? Vallah, mən bir söz deyə bilmərəm. Futboldur. Sürprizlərlə doludur. Hər nəticə ola bilər. Proqnoz verə bilmərəm. Amma mən bir şeyə əminəm ki, komandamız orda biabırçı hesabla məğlub olmayacaq. Əksinə çıxıb layiqincə vuruşacaqlar.

- Finlandiya ilə oyunqabağı futbol ictimaiyyəti arasında qapını Fərhadın, yoxsa Kamranın qoruması haqda müzakirələr gedirdi. Sənin bu barədə fikrin necədir?

- Fikrimcə , qapıda Fərhad durmalı idi. Çünki Fərhad neçə oyundur “Qarabağ”ın heyətində oynayırdı. Artıq praktikası var idi. Kamran isə zədədən sonra oyun praktikasının olmaması ilə əlaqədar özünü bir qədər narahat hiss edirdi.

- Kamranla Fərhadın hansı fərqli cəhətləri var?

Hərəsinin özünə görə oyun keyfiyyətləri  var. Fərqləndirmək o dərəcədə mümkün deyil. Normal qapıçılardır. Kamran bir qədər Fərhaddan aqressiv görsənir. Əksinə Fərhad bir qədər sakit olur oyunlarda.

- Oyunlara pul qoyuluşu etdiyin və hətta kontorlara külli miqdarda borcunun olduğu haqda şayiələr gəzir.

- Mənim buna ehtiyacım yoxdur. Mən səmimi insanam. Əgər olsa, açıq deyərəm. Bunlar bizlik iş deyil.  Allaha and olsun, zəhləm gedir bu işlərdən. Düzdür, bəzən dostlarım oyunlar haqda bir futbolçu kimi mənim fikrimi soruşurlar. Mən deyirəm ki, tutaq ki, “Ayaks” filan komandanı uda bilər. Amma özüm pul qoyuluşları etmirəm.

 

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın