Zaur Həşimov: “Lənkəranda 7000 azarkeşin verdiyi effekti Bakıda 30 min azarkeş verə bilmir” (MÜSAHİBƏ)

Zaur Həşimov: “Lənkəranda 7000 azarkeşin verdiyi effekti Bakıda 30 min azarkeş verə bilmir”  (MÜSAHİBƏ)
MÜSAHİBƏ 4 Sentyabr 2009 / 19:33 3447
-  A +

“Qarabağ”ın müdafiəçisi, 2007-ci ildə Finlandiya üzərində qazandığımız tarixi qələbənin iştirakçılarından olan Zaur Həşimov sabah keçiriləcək Azərbaycan-Finlandiya matçı ilə bağlı Qol.Az- saytına müsahibə verib.

 

- Zaur, öncə 2 il bundan əvvələ qayıdaq. 2007-dəki qarşılaşmanı necə xatırlayırsan?

- Həmin oyun Azərbaycan futbolu tarixinə qızıl hərflərlə düşdü. Bizimlə oyuna kimi məğlub olmayan finləri əliboş yola salmışdıq. Uşaqlar həqiqətən əsl əzmkarlıq nümayiş etdirmişdilər. Bir sözlə, o qələbəni heç vaxt unutmayacağam.

- O vaxtkı Finlandiya ilə indiki arasında hansı fərqlər var?

- Düzünü desəm, çoxdandır Finlandiya futbolu ilə maraqlanmıram. Odur ki, bu sualınıza dəqiq cavab verməyə çətinlik çəkirəm.

- Hər halda, Avropa Liqasının ikinci təsnifat mərhələsində bu ölkənin “Honka” klubu ilə üz-üzə gəldiniz.

- Düzdür, “Honka” Finlandiya təmsilçisidir. Amma onların heyətlərində yer alan futbolçulardan heç biri milli komandanın üzvləri deyillər.

- Hər halda fin futbolunun səviyyəsi haqqında fikir yürütmək olar.

- Necə deyim, normal səviyyədə qiymətləndirmək mümkündür.

- Sabahkı oyun haqqında nə düşünürsən?

- Çətin oyun olacaq. Gəlin səmimi danışaq. Bu gün Avropada elə rəqib yoxdur ki, biz onlara rahatlıqla qalib gələ biləcəyimizi deyək. Əksinə Avropada hamı bizə zəif gözü ilə baxır və bizimlə oynamağı arzulayır.

- Yəni, finlər üzərində qələbə şansımız yoxdur?

- Şans var. Amma mənə elə gəlir ki, sabah qalib olmayacaq. Məni tanıyanlar bilir ki, heç vaxt proqnoz vermirəm. Amma bu dəfə düşünürəm ki, oyun 1:1 hesabı ilə başa çatacaq.

- Komandamızın qələbəsinə niyə inanmırsan?

- Bilirsiniz bu, psixoloji olaraq belə alınır. Təbii ki, millimiz qələbə qazana bilər. Almaniya ilə son oyunu yada salmaq istərdim. Şəxsən mən həmin qarşılaşmada millimizi tanıya bilmədim. Futbolçularımızın oyununa yaxşı mənada təəssüfləndim. O cür rəqibə qarşı açıq futbol nümayiş etdirdilər, 3-4 real qol epizodu əldə etdilər. Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, finləri məğlub edə biləcəyik. Sadəcə, komandamız insanda elə psixologiya formalaşdırıb ki, düşünürsən ki, nə qol vuracağıq, nə də qalib gələcəyik.

- Qarşılaşmanın Lənkəranda keçirilməsi nəticəyə təsir edə bilər?

- Lənkərandakı futbol atmosferini hamı bilir. Mən özüm  də orada oynadığımdan həmin hissləri yaşamışam. Bakı azarkeşləri məndən inciməsin. Onlar ya komandamız mərkəzi keçəndə canlanırlar, ya da cərimə zərbəsi vuranda. Lənkəranda isə hamı bir ağızdan 90 dəqiqə durmadan komandalarını alqışlayırlar. İnanıram ki, azarkeşlər Finlandiya ilə oyunda da öz dəstəklərini komandamızdan əsirgəməyəcəklər. Orada 7000 azarkeşin verdiyi effekti Bakıda 30 min azarkeş verə bilmir.

 

 

 

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı