Berti Foqts: “Komandada böyük problemlər var”

Berti Foqts: “Komandada böyük problemlər var”
XƏBƏR 3 Sentyabr 2009 / 17:02 2222
-  A +

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Finlandiya millisiylə sentyabrın 5-də qarşılaşacaq millimizin baş məşqçisi Berti Foqts bu gün Lənkəranda mətbuat konfransı keçirərək jurnalistlərin çoxsaylı sualları cavablandırıb. Baş məşqçi əvvəlcə komandanın mövcud vəziyyəti barədə məlumat verib:


- Futbolçuların əksəriyyətinin oyun təcrübəsi azdır. Bu da futbolda vacib məsələdir. Oyunçularımdan klublarında neçə dəqiqə oynadıqlarını soruşdum. Bəziləri 90 dəqiqə oynadığını, digərləri isə əvəzetmələrlə meydana çıxdıqlarını dedilər. Əksər futbolçular isə, ümumiyyətlə, oynamayıblar. Ancaq Almaniya Bundesliqasında çıxış edən klublar artıq 7-8 rəsmi oyun keçiriblər. Finlandiyada isə çempionat davam edir. Yoldaşlıq oyunlarını da nəzərə alsaq, onlar 50-yə yaxın qarşılaşmada iştirak ediblər. Ümumiyyətlə, istər Almaniya, istərsə də Finlandiya klubları həftəiçi avrokubok, həftəsonu isə daxili çempionat oyunlarına çıxırlar. Biz bunu dəyişdirə bilmərik. Ancaq futbolçularım məşq prosesində özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar.
Beynəlxalq oyunlarda daha sürətli futbola üstünlük verilir. Bu prizmadan yanaşdıqda, bizdə böyük problemlər var. Digər problem isə 4 gün ərzində 2 rəsmi oyun keçirməyimizlə bağlıdır. Yəni sentyabrın 5-də Finlandiya ilə, 9-da isə səfərdə Almaniya millisiylə üz-üzə gələcəyik. Yaxşı olardı ki, əvvəlcə Almaniyaya, daha sonra Finlandiyaya qarşı oynayaq. Çünki güclü rəqiblə daha əvvəl qarşılaşmaq yaxşıdır. Artıq gecdir. Bunu dəyişdirmək mümkün deyil. Çox şadam ki, bu gün Lənkərandayıq. Burada çox gözəl stadion, məşq meydançası və otel inşa olunub. Bu futbolçulara da müsbət mənada təsir göstərir. Yəni məşq saat 11.00-dadırsa, futbolçular yarım saat əvvəldən meydana çıxmaq istəyirlər. Biz də sentyabrın 5-də öz oyunumuzu göstərməyə və qələbə qazanmağa çalışacağıq. Oyun zamanı səhv edə bilmərik. Uels, eləcə də Finlandiya millisiylə matçlarda buraxdığımız səhvlərin nəticəsində məğlub olduq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Futbolçular bir-birinə meydanda yardım göstərməyə, biri digərinin səhvini düzəltməyə səy göstərir. Ümid edirəm ki, rəhbərlik etdiyim komanda buradan yaxşı nəticə ilə ayrılacaq. Lənkəranda azarkeşlər həmişə komandalarına dəstək olublar.
- Bayaq futbolçuların oyun təcrübəsinin azlığından danışdınız. Sizə elə gəlmir ki, bəzi klublar milliyə oyunçu verməmək üçün millinin üzvlərini bilərəkdən ehtiyatda saxlayırlar? “İnter” və “Simurq”un oyunçularını milliyə buraxmamalarını misal çəkmək olar...
- Bu suala mən cavab verə bilməyəcəyəm. Yaxşı olardı ki, bununla bağlı “İnter” və “Simurq”un baş məşqçisinə müraciət edəsiniz. Ancaq bir faktı da qeyd edim ki, “İnter” bizimlə yoldaşlıq oyunu keçirmək istəyirdi.
- Millinin Finlandiya ilə ev oyununu Lənkəranda keçirməsi şəhərdə bayram əhval-ruhiyyəsi yaradıb. Oyun günü stadionda güclü azarkeş dəstəyinin olacağı şübhəsizdir. Necə düşünürsünüz, bu bayram ab-havası oyundan sonrada davam edəcəkmi?
- Suala görə təşəkkür edirəm. İnanıram ki, hakimin finiş fitindən sonra azarkeşlər yenə stadiondan bayram əhval-ruhiyyəsi ilə ayrılacaqlar. Sözün düzü, hələ Lixtenşteynlə oyunu Lənkəranda keçirmək istəyirdik.
 - Rəşad Sadıqovun oynamaması problem yaradacaqmı və onun mövqeyində kimə şans verəcəksiniz?
- Futbolçu zədələnibsə, heç nə etmək mümkün deyil. Xüsusilə də Rəşad Sadıqov kimi komandanın lideri və kapitanını itirmək heç də yaxşı hal deyil. Ondan başqa, Rail Məlikovla Aleksandr Çertoqanov da oynamayacaq. Bu o deməkdir ki, başqa futbolçuların özlərini göstərmək şansı var. Ancaq Rəşadın mövqeyində hansı futbolçuya şans verəcəyimi hələ bilmirəm.
- Finlandiya ilə matçdan sonra millimiz Almaniya ilə qarşılaşacaq. Rəqib komandanın üzvləri bu dəfə daha fərqli oyun sərgiləyəcəklərini deyiblər. Necə düşünürsünüz, Azərbaycan millisi Bakıdakı oyunda olduğu kimi, orada da baxımlı futbol nümayiş etdirə biləcəkmi?
- Bakıdakı oyundan sonra Almaniya mətbuatı onları ciddi şəkildə tənqid edib. Biz yenə yaxşı oynamağa çalışacağıq. Ancaq indiki halda məni Finlandiya ilə qarşılaşma maraqlandırır.
- Oyunun Lənkəranda keçirilməsinin qarşılaşmanın nəticəsinə müsbət mənada təsiri ola bilərmi?
- Ola bilər. Azarkeşlər stadiona yaxşı əhval-ruhiyyədə gələcəklər. Təbii ki, bu müsbət emosiyanın futbolçulara da təsiri olacaq. Komanda üzvləri də sentyabrın 5-ni səbirsizliklə gözləyirlər. Məşq prosesində də bunu sezmək mümkündür. İndidən uşaqların aqressiv oynayacağını deyə bilərəm.Bu gün millinin düşərgəsində olan 18-19 futbolçu Azərbaycanın gələcəyidir. Sadəcə, bir az zamana ehtiyac var. Futbolçular məşqlərini bu şəkildə davam etdirsələr, klublar da bizə yardım etsələr, 4-5 ildən sonra milli ilə fəxr edəcəyik.
- Hamımız bu oyundan qələbə gözləyirik. Lixtenşteyn kimi zəif komandanı məğlub edə bilməyən millimizdən siz nə gözləyirsiniz?
- Mən Almaniya ilə oyuna çıxanda da 1 xal qazanacağımıza ümid edirdim. Çünki komandama inanıram. Futbolçular fiziki cəhətdən yaxşı formadadırlar. Lixtenşteynə qarşı da 60 dəqiqə yaxşı oynadıq. İndi 90 dəqiqə sürətli futbol oynamağa hazırıq.
- Bu oyunda heç-heçə qeydə alınsa, bunu uğursuzluq kimi dəyərləndirmək olarmı?
- Finlandiya millisi qrupumuzda yer alan güclü komandalardan biridir. Hazırda onlar üçüncü pillədə qərarlaşıblar. Təbii ki, biz qələbə qazansaq, bu qrupun sensasiyası kimi qəbul olunacaq.
- Əgər millimiz oyundan yaxşı nəticəylə ayrılsa, Rusiya millisiylə görüş Lənkəranda keçirilə bilərmi?
- Bu suala mən cavab verə bilmərəm.
- Uzun fasilədən sonra yenidən milliyə dəvət edilən Kamran Ağayev bu oyunda meydana çıxacaqmı?
- Sabah sonuncu məşqimiz olacaq. Onun oynayıb-oynamayacağını həmin məşqdən sonra biləcəyik. Kamran öz üzərində ciddi işləyir.


Mənbə: affa.az

 


Son xəbərlər