Fatih Terim: «Əgər qismətdirsə, Azərbaycanda işləyərəm»

Fatih Terim: «Əgər qismətdirsə, Azərbaycanda işləyərəm»
MÜSAHİBƏ 18 Dekabr 2008 / 19:54 6318
-  A +

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin Qol.Az saytına eksklüziv müsahibəsi

- Sizin fikirləriniz Azərbaycanda həmişə maraqla qarşılanıb. Bildiyiniz kimi, Azərbaycan futbolu bu gün Avropada çox geridə qalır. Bizim Türkiyə futbolunun heç olmasa, 50 faizinə çatmağımız üçün nə məsləhət görərdiniz?
- Bu yaxınlarda yaxşı bir xəbər aldım ki, mənim «Qalatasaray»da uzun illər çalışdığım dostum Ali Yavaş Azərbaycanın «Qəbələ» klubuyla anlaşıb və orada Futbol Akademiyasının rəhbəri kimi çalışacaq. Deməli, azərbaycanlı qardaşlarımız da nəhayət, bizim təcrübəmizdən istifadə etməyə qərar verdilər. Son 15 ildə Türkiyədə futbol çox böyük inkişaf yolu keçib. Bunda uşaq futboluna yatırılan sərmayənin böyük rolu olub. Artıq gənclərimizə daha geniş imkanlar açmışıq, onların çox erkən yaşlarda məşqçilərlə tanış olmasına, yaxşı futbol təhsili almasına şərait yaratmışıq. Türkiyə neçə ildir ki, Avropa futbolunu yaxından izlədiyi üçün uyğulanan bütün yenilikləri anında tətbiq edə bilir. Öz üzərində daha yaxşı çalışan gənc çox güclü olur, texniki və taktiki mənada yaxşı yetişir. 16-17 yaşına çatanda avropalı rəqibləriylə qarşılaşır, onlardan bir futbolçu kimi əksik olmadığını sübüt edir. Hətta daha yaxşı durumda, rəqibini yenə bilmək gücündə olduğunu görür. Bütün bunlar gənclərin psixoloji durumunun güclənməsinə, özünəinamının artmasına yol açır. Qısası, hər şeyə təməldən başlamaq lazımdır. Daha çox uşaq futboluna fikir versəniz, yaxşı şərtlərlə futbol oynatsanız, onları yaxşı yetişdirsəniz, onlar öz sözlərini deyə biləcəklər. Türk insanın potensialı kimsədən əksik deyil. Yetər ki, öz üzərində daha yaxşı çalışsın.
Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini yenicə qazanıb, ona görə də sizin futbolunuzun zamana ehtiyacı var.
- Sizin baş məşqçi olduğunuz vaxtda Türkiyə milli komandası iki dəfə Azərbaycanla qarşılaşıb. Bizim komandayla bağlı fikirləriniz necədir?
- Azərbaycanla oyunlardan sonra bu nəticəyə gəldim ki, sizin futbolçular güclü, sərt və mübarizdirlər. Hamısı son dərəcə faydalı idmançılardır. Ancaq texniki və taktiki baxımdan hələ Avropa səviyyəsində deyillər. Bunun da səbəbi çempionatın səviyyəsiylə bağlıdır. Əgər daxildə oyunların keyfiyyəti, çempionatın səviyyəsi artsa, bu, təbii ki, milli komandaya müsbət təsir edəcək. Bunun üçün həm də yaxşı stadionlara ehtiyac var. Texniki baxımdan hazırlıqlı, yaxşı ötürmələrlə oynayan komandaları önə çıxaran yaxşı meydanlardır, onlar oyunun səviyyəsini qaldırır. Heç şübhəsiz, bu zaman yaxşı yetişmiş gənclər məşqçilərin dəstəyilə daha keyfiyyətli oyun sərgiləyəcək.
- Azərbaycan klublarının, milli komandamızın oyunlarını izləyirsinizmi?
- Milli komandanızın matçlarını yaxından izləyə bilmirəm. Amma bilirəm ki, alınan nəticələr ölkənin futbolsevərlərini təmin etmir.
- Bakını yaxından tanımaq imkanınız oldumu? Azərbaycanlı futbol tərəfdarlarının Türkiyə milli komandasına, türk klublarına və şəxsinizə olan maraqdan xəbəriniz varmı? Bunu ona görə soruşdum ki, bəzi ulduz türk futbolçularının və məşqçilərinin Azərbaycanın hətta bir türk dövləti olmasından xəbərləri yoxdur.
- Nə yazıq ki, Bakını gəzməyə və tanımağa fürsətim olmadı. Oyun üçün getdiyimizdən vaxtımız az idi. Məşq, toplantı, oyunu fikirləşəndə oteldən çıxmağa vaxt tapılmır. Amma bununla belə, o qısa zaman kəsiyində Azərbaycan xalqının mənə və futbolçularıma göstərdiyi ilgidən, məhəbbətdən məmnun qaldım. Bizi hər zaman yaxşı qarşılayan azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Zatən, sonuncu Avropa çempionatının yarımfinalında oynayanda təkcə Türkiyənin deyil, bizimlə eyni coğrafiyada yer alan bir çox millətin təmsilçisi olduğumuzu daha yaxşı anladıq. Qətərdən Özbəkistana, Bosniyadan Misirə qədər hər yerdən təbrik və dəstək mesajları aldıq. Bütün müsəlman qardaşlarımızın qəlbi bizimlə birgə döyünürdü. Təkcə onlar deyil, Rumıniya, Bolqarıstan, Yunanıstan kimi qonşularımız da Avropa çempionatında bizi dəstəklədilər. Bu qədər insanı sevindirmək asan deyil. Amma futbolun belə şeyləri də var. Milyonlarla insana sevinc bəxş etdiyimiz üçün qürur duyuruq.
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Türkiyə milli komandasıyla İstanbulda yoldaşlıq görüşünün keçiriləcəyini, amma dəqiq tarixin müəyyənləşmədiyini bildirib. Sizin üçün bu oyunun nə zaman keçirilməsi daha uyğundur?
- Bilirsiniz ki, artıq UEFA və FİFA-nın təqvimləri çox gərgindir. Klublar o qədər çox oyun keçirir ki, milli komandaların özəl matçlar oynamalarına az vaxt qalır. 2010-cu ilə qədər bizim özəl matç təqvimimiz dolub. Amma ilk fürsəti tapan kimi, azərbaycanlı qardaşlarımızı İstanbulda qəbul etməkdən mutluluq duyarıq.
- Türkiyə klublarının azərbaycanlı futbolçuları transfer etməməsi nəylə əlaqədardır: bizim futbolçular Türkiyə çempionatının (super liqa, 1-ci liqa) tələblərinə cavab vermir, yoxsa klublarınızın Azərbaycan futbolçularının oyunlarını seyr etmək imkanları olmayıb?
- Bu sualı mənə yox, klub məşqçilərinə ünvanlasanız, daha doğru olardı. Türkiyəyə gələn, super liqa komandalarında oynayan bir neçə azərbaycanlı futbolçunu xatırlayıram, amma bu, yetərli deyil. İki ölkə arasında tarixi və mədəni bağlılığı düşünəndə Türkiyəyə daha çox azərbaycanlı futbolçunun gəlməsi lazımdır. Bunun üçün öncə azərbaycanlı oyunçuların özlərini yaxşı tərəfdən göstərmələri şərtdir. Sonra türk klubları Azərbaycan çempionatını yaxından izləyəcəklər.
- Sizin üçün uyğun şərtlər olarsa, Azərbaycan milli komandasında və ya bizim klublardan birində çalışarsınız?
- Özünüz də bilirsiniz ki, futbolda hər an hər şey baş verir. Futbol sürprizlərlə dolu bir idman növüdür. Peşəkar həyat da belədir. Mən bu gün Türkiyə milli komandasının rəhbəriyəm, amma gələcəkdə harada olacağımı necə söyləyə bilərəm?! Əgər qismətdirsə, Azərbaycanda işləyərəm.
Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı