Coko Haciyevski: “İsveçrəyə 3:0-lıq qələbə üçün gəlmişik” (MÜSAHİBƏ)

Coko Haciyevski: “İsveçrəyə 3:0-lıq qələbə üçün gəlmişik”  (MÜSAHİBƏ)
MÜSAHİBƏ 26 Avqust 2009 / 01:27 3215
-  A +

“Bazel”lə Avroliqanın təkrar oyununu keçirmək üçün dünən İsveçrəyə gedən “Bakı” klubunun baş məşqçisi Coko Haciyevski Qol.Az-ın müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- “Bazel”lə cavab oyunun hazırlığı necə keçir?

- Hazırlığımız normal keçir. Həmişəki qaydada qarşıdakı oyuna hazırlaşırıq. Bakıda uşaqlar məşqlərdə çox yaxşı çalışırdılar ki, bu da məni sevindirməyə bilməz.

- Yəqin ki, ilk matçdakı məğlubiyyətdən sonra komandada ab-hava ürəkaçan səviyyədə deyil...

- Düzdür, əhvalımız bir o qədər də yaxşı deyil. Çünki gözləmədiyimiz və layiq olmadığımız məğlubiyyət aldıq. Amma deməzdim ki, ab-hava çox pisdir. Qarşıda bizi cavab oyunu gözləyir. Həmin matçda meydana həm “Bakı”nın, həm də ümumilikdə Azərbaycan futbolunun imicini qorumaq üçün çıxacağıq.

- “Bazel”ə qarşı ilk oyundan artıq bir neçə gün keçib. Yəqin ki, oyunun videoyazısına da bir neçə dəfə baxmısınız. Sizcə, həmin gün “Bakı” niyə uduzdu?

- Oyunun təkrarına həqiqətən də bir neçə dəfə baxmışam. Amma yenə də komandanın o cür “boşalması” mənə qaranlıq qalır. Sanki 60-cı dəqiqədən sonra meydanda “Bakı” yox, tamam başqa bir komanda mübarizə aparırdı. Futbolçularımı tanıya bilmədim. Görünür, qapımızda gördüyümüz ilk qoldan sonra uşaqlar psixoloji cəhətdən sındılar. Halbuki qarşıda xeyli vaxt var idi. Hesabı yenidən xeyrimizə dəyişə bilərdik.

- Çoxları oyunun qırılma nöqtəsi kimi Jabanı əvəzləndiyiniz anı görür. Əgər zamanı geri qaytarmaq mümkün olsaydı, yenidən həmin əvəzetməni edərdiniz?

- Siz məni düzgün başa düşün. Oyundan sonra dedim, indi də təkrarlayıram. Jaba özü əvəzlənməsini istədi. Bildirdi ki, artıq gücü qalmayıb. Jaba komandaya yeni qoşulub, son 1 ayda yalnız fərdi şəkildə məşq edib. Ona görə də fiziki cəhətdən çatdırmır. Düzdür, onda əsl futbolçu xarakteri var, vuruşur, meydanda canını qoyur. Amma onu əvəzləməsəydim, başqa problemlərlə qarşılaşa bilərdik.

- Komanda ilk oyundakı məğlubiyyətin şokunu tam olaraq üzərindən ata bilib?

- Düzdür, bu cür məğlubiyyət hər nə qədər ağır olsa da, onu unutmağa çalışırıq və buna məcburuq. Çünki qarşıda bizi cavab oyunu gözləyir. İndi bütün diqqətimizi qarşıdakı matça yönəltmişik.

- Cavab oyunundan nə gözləyirsiniz?

- Ancaq yaxşı oyun. İnanıram ki, komandamız səfərdə çıxış etməsinə baxmayaraq, gözəl oyun göstərəcək. Meydanda bütün gücümüzü qoyacağıq. Çalışacağıq sübut edək ki, komandamızın Avropadakı çıxışı heç də təsadüfi deyil.

- Səmimi deyin, həqiqətən də mərhələni keçmək şansımızın olduğunu düşünürsünüz?

- Tam səmimi deyirəm, şansımız var. Başa düşürəm, ilk oyundakı acı məğlubiyyətdən sonra şansımız çox azdır. Amma məncə beş faiz də olsa, “Bazel”i mübarizədən kənarlaşdırmaq imkanımız var.

- Sizcə, cavab oyununda hansı hesab qeydə alına bilər?

- Variantlar çoxdur. Məsəlçün 3:0. Kimsə inanmaya bilər. Amma biz bura 3:0-lıq qələbə üçün gəlmişik. Komandama inanıram.

- Doğrudanmı, “Bakı”nın səfərdə 3:0 hesabı ilə qalib gələcəyini düşünürsünüz?

- Bilirəm, şansımız çox azdır. Amma bütün gücümüzü meydandan qoyacağıq ki, az qalan şansımızdan da istifadə edək.

- Yəqin ki, ilk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?

- Əlbəttə. Bu matçda heyətdə 2-3 yeni futbolçu görə biləcəksiniz. Digər tərəfdən, cəzasını başa vuran Feliks də komandaya kömək edəcək. İnanıram ki, onun qayıdışı komandanın xeyrinə olacaq.

- Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Ernad Skuliç cəzalıdır. Onun mövqeyində hansı futbolçunu oynatmağı düşünürsünüz? Məsəlçün Tamaş oynaya bilər?

- Tamaşın da oynaması mümkündür. Amma başqa variantlar da var. Gəlin tələsməyək. Oyuna hələ var. Ona görə də indidən heyətlə bağlı hər şeyi açıqlaya bilmərəm.

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı