Pokora klubların “bostanına daş atdı”

XƏBƏR 17 Noyabr 2008 / 13:29 4556
-  A +

“Liderliyimiz niyə qanunauyğun olmasın ki? Səviyyəli futbolçulardan ibarət komandamıza böyük pullar xərclənməsə də, hər halda, maliyyə vəziyyətimiz sabitdir”. Bunu “APA-Sport”a açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Hesabat turunda öz meydanında “Bakı”nı məğlub etməklə, Premyer Liqada liderliyi yenidən ələ keçirən “Simurq”un çalışdırıcısının fikrincə, rəqib komandalardan yalnız maliyyə vəziyyətinə görə geri qalırlar: “İnter”, “Xəzər-Lənkəran”, “Bakı” kimi ağlasığmaz məbləğdə pullar xərcləmirik. Biz azad agent statusuna malik futbolçuları komandamıza cəlb edirik. Ancaq bu, o demək deyil ki, maliyyə planında ciddi problemimiz var. Heç vaxt maaşlarla bağlı gecikmə olmayıb”.

Böyük pulların böyük problem yaratdığını vurğulayan Pokora komandasının öz meydanında uğurlu çıxışına belə izah verib: “Spesifik komandayıq. Futbolçular Zaqatala stadionuna gələn azarkeşləri sevindirmək üçün alışıb-yanırlar. Onların bütün fikri ilk dövrəni liderlər qrupunda başa vurmağa yönəlib. Hətta qoyulan mükafat haqda da düşünmürlər. Cari mövsümdə mükafatçılar sırasına düşmək vəzifəsini yerinə yetirməyə çalışacağıq. Buna nail olmasaq belə, heç kim başımı kəsməyəcək. Əsas problemimiz ehtiyat oyunçular skamyamızın qısa olmasıdır. Zədəlilərimizin çoxluğu nəticəsində əsas heyət oyunçularını yüklənirlər”.

Pokora “Simurq”un baş məşqçisi kimi missiyasını da müəyyənləşdirib. Onun ən böyük arzusu üç ildir çalışdırdığı komandanı avrokuboklara çıxarmaqdır: “Bu vəzifəni yerinə yetirsəm, xarici klubları avrokuboklarda Zaqatalaya gətirsəm, çox şad olardım. Fikrimcə, Zaqataladakı yeni stadionda qitə miqyaslı oyun keçirmək olar. Misal üçün “Şəfa”da projektorlarda lampaların sayı 700 min, stadionumuzda 800 mindir. Bu isə beynəlxalq tələblərə cavab verir. Zaqatalada yeni stadion açılandan sonra burda hamı futbolla yaşayır. Belə bir bölgəni futboldan məhrum etmək cinayət olardı. Azərbaycanda futbolu inkişaf etdirmək üçün bölgələrdə xüsusi diqqət ayırmaq lazımdır”.

Qeyd edək ki, üç ildir güclülər dəstəsində mübarizə aparan “Simurq” yüksək liqaya çıxandan sonra Roman Pokoranı baş məşqçi postuna gətirib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı