Rəşad Sadıqov: “Adnan Yamanın dediklərinin hamısı yalandır”

MÜSAHİBƏ 15 Avqust 2009 / 15:38 3959
-  A +

Milli komandamızın kapitanı, “Qarabağ”ın üzvü Rəşad Sadıqovun Qol.Az-a müsahibəsi

- “Kocaelispor”un Transfer Komitəsin Sədri Adnan Yamanın sənə qarşı irəli sürdüyü ittihamlardan xəbərin var?
- Xeyr, nə deyib ki?
- O bildirib ki, Almaniyayla oyunda Bakıya gəlib, səninlə görüşüb. Transferinlə bağlı razılaşmısınız. Hətta konkret rəqəm də açıqlayıb.
- Belə bir söhbət olmayıb. Ümumiyyətlə, Yaman Almaniyayla oyuna gəlməyib axı. Onunla sonuncu dəfə 3-4 gün qabaq danışmışam. Aramızda heç bir razılıq olmayıb. Onun dediklərini hamısı yalandır.
- Səncə niyə belə deyib?
- Nə bilim vallah. Heç mən də baş açmadım. Halbuki onunla yaxşı münasibətlərimiz var.
- Yaman keçən dəfə “Rusenborq”la oyuna gələrkən danışıqlarınız nə yerdə qalmışdı?
- Həmin vaxt razılığa gələ bilmədik. Söhbət burda konkret hansısa rəqəmdən getmir. Çünki bu komandada altı ay oynadım, amma pulumu tam ala bilmədim. İndiyə qədər mənə borcları var. Onlar deyirdilər ki, razılaşdığımız məbləği sənə ancaq ya sentyabrda, ya da oktyabrda verə bilərik. Mənsə pulun yarısını əvvəlcədən istəyirdim. Çünki artıq bir dəfə yalan danışdıqlarına şahid olmuşam.
- Ümumiyyətlə, Yamanla sonuncu dəfə nə vaxt danışmısan?
- Hardasa 3-4 gün qabaq mənə zəng vurmuşdu. Bildirdi ki, prezident istefa verib, komandada vəziyyət qarışıqdır. Başçımız yoxdur, görək nə olur. Məndən daha bir həftə-on gün gözləməyimi istədi. Mənsə cavabında bildirim ki, əgər belədirsə, mən başqa klublarda danışığa başlayıram. Onlar artıq bir neçə dəfə məni aldadıblar. Çünki keçən dəfə də dedilər ki, istədiyin məbləği hesabına yatıracağıq. Ancaq 10 gün gözlədim, hesabıma heç bir qəpik də pul yatmadı.
- Başqa klublarla danışıqlar aparırsan?
- Türkiyə Superliqasında çıxış edən 3 klub məni heyətində görmək istəyir. Özü də hər üçünün baş məşqçisi xidmətimdə maraqlıdır. Onlarla söhbətim olub. İnciməyin, amma klubların adını açıqlamayacağam. Komandadan biri hətta müqaviləyə qol çəkməyə çağırırdı. Amma mən ora getmək istəmədim. Çünki həmin komandada maliyyə problemi var. İstəmirəm ki, “Kocaelispor”da başıma gələnlər yenidən təkrar olsun. Digər iki klublada danışıram. Hər ikisində bu yaxınlarda prezident seçkisi olmalıdır. Görək də nə olur. Amma mən onlara bildirdim ki, indi zədəliyəm. Bunu gizlədib, onları aldatmaq istəmədim. İndi həmin klublardan cavab gözləyirəm.
- Deyirsən ki, Türkiyə klublarıyla danışıq aparırsan. Axı “Qarabağ”la 1 illik müqavilə imzalamısan...
- Düzdür, “Qarabağ”la 1 illik müqavilə imzalamışam. Amma rəhbərliklə aramızda razılıq var ki, Türkiyə klublarından hansı biriyləsə anlaşsam, karyeramı məhz orada davam etdirəcəyəm. Əslində “Tvente”ylə ilk oyundan sonra artıq Türkiyəyə yollanmalıydım. Lakin zədə almağım planlarımı pozdu. Amma bilmək olmaz, bəlkə də elə “Qarabağ”da qaldım.
- Zədən nə yerdədir? Həkimlər konkret olaraq, nə deyirlər?
- Ayağımda 4 sm yırtığ var. Murad Mərdanlıyla görüşdüm. O dedi ki, bu halda 6 həftə futbol oynaya bilməzsən. Amma mən çalışıram ki, zədəmi tez sağaldım. Günün 10 saatını elə zədəmi sağaltmaqla məşğulam.
- Sonda “Tvente”ylə oyun haqda fikirlərini öyrənmək istərdik.
- Sözün açığı, hələ püşkdən əvvəl demişdim ki, ispan və holland komandalarıyla düşməsək, əla olar. Çünki həm ispanlar, həm də hollandlar texniki, sürətli futbol oynayırlar. Bir sözlə ağıllı futbol. Bu cür komandalara qarşı oynamaq isə bizim üçün çox çətindir. Amma nə etmək olar? Püşkün nəticəsini müzakirə etməyə dəyməz. İnanıram ki, bu dəfə də hər şey yaxşı olacaq. Komanda oyuna tam gücüylə hazırlaşır. Biz əvvəlki görüşlərdə kollektiv oyun göstərdik, ayrı-ayrı oyunçuların hesabına. İnanıram ki, nə mənim, nə də Elnurun yoxluğu özünü göstərəcək. Həm Aftandil Hacıyevin, həm də Zaur Həşimovun durumu hazırda yaxşıdır. Bizi layiqincə əvəzləyəcəklərinə əminəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı