Berti Foqts «Qarabağ»ın zəfərinə kölgə saldı

Berti Foqts «Qarabağ»ın zəfərinə kölgə saldı
ÖLKƏ FUTBOLU 11 Avqust 2009 / 17:35 2666
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bugünkü mətbuat konfransında avroliqada «Qarabağ» və «Bakı»nın uğurla mübarizə apardığını qeyd edib və ardınca işlətdiyi bir fikirlərilə bu uğurlara kölgə salıb. Daha dəqiqi, sabah qarşılaşacağımız Almaniya komandasıyla bağlı jurnalistin sualını cavablandırarkən nəyə görəsə Foqtsun yadına birdən-birə «Qarabağ» komandasının əzab-əziyyətlə məğlubiyyətə uğratdığı Finlandiyanın «Honka» komandası düşüb. Almaniyalı məşqçinin açıqlamasına diqqət yetirin: «Almaniya millisi «Honka» deyil».
Əlbəttə, peşəkar məşqçi olan Foqtsun bu fikrinin əleyhinə getmək niyyətində deyilik. Mətləbi çox uzatmadan onu demək kifayətdir ki, Finlandiya və Almaniya futbolunu tərəzinin eyni gözünə qoymaq ən azı sadəlövhlük olardı. Bəli, Almaniya «Honka» deyil və ola da bilməz.
«Honka» avroliqada özüylə bərabər və bəlkə də özündən birbaş üstün olan komandalarla mübarizə aparıb, birini udub, digərinə uduzub. «Honka»nı mübarizədən «Qarabağ» komandası kənarlaşdırıb. Necə, hansı əziyyətlə, bunu bizim futbol azarkeşləri yaxşı bilirlər.
Əslində kimsə «Honka»nı dağ başına qaldırmır. Bəli, «Honka» çox güclü və nəhəng komanda deyil. Amma bu, peşəkar məşqçi kimi Avropa çempionu adını qazanan birisinə həmin klubu aşağılamağa ixtiyar vermir. Berti Foqts bu gün səsləndirdiyi fikirlərlə əslində biz azərbaycanlıların - «Qarabağ» komandasının çoxsaylı azarkeşinin hissələriylə oynayıb. «Almaniya» «Honka» deyil» söyləmək «Qarabağ»ın Avropadakı uğurlarına gölgə salmaq deyil, bəs nədir?
«Qarabağ»ın futbolçusu sabah Azərbaycan milli komandasının tərkibində Almaniyaya, bundan təxminən bir həftə sonra isə Hollandiyada «Tvente»yə qarşı oyunda meydana çıxacaq. Belə mühüm matçlar  ərəfəsində Berti Foqts, yəni Azərbaycan milli komandasının baş məşqçisi işləyən bir adam futbolçuya inam bəxş etmək əvəzinə onu ruhdan sala biləcək açıqlama verir.
… «Qarabağ» avroliqada bu mərhələyə asanlıqla gəlməyib. Berti Foqtsdan fərqli olaraq, «Qarabağ»ın idarəçiləri, məşqçilər korpusu komandaya faydasız legionerləri deyil, Azərbaycana can yandıran, Azərbaycanı və onun xalqını sevən vətənpərvər futbolçuları toplayıb. «Qarabağ»ın Avropadakı zəfərinin sirri bu futbolçulardakı böyük inamın, sarsılmaz birliyin nəticəsində mümkün olub.
Cənab Foqts, bəli, Almaniya «Honka» deyil.
«Qarabağ»ın diz çökdürdüyü digər rəqib «Rusenborq» da qətiyyən Almaniya ola bilməz. Amma inanın, «Rusenborq» Almaniya ola bilməsə də, sizin məğlub edə bilmədiyiniz Uels, Lixtenşteyn və Finlandiya komandasından çox-çox güclü klubdur.
 

Daha çox


Son xəbərlər