Berti Foqts: “Razıyam, sabah pis oynayaq, amma hesab 0:0 olsun”

Berti Foqts: “Razıyam, sabah pis oynayaq, amma hesab 0:0 olsun”
ÖLKƏ FUTBOLU 11 Avqust 2009 / 11:25 2442
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Almaniyayla oyunqabağı mətbuat konfransı keçirdi.

- Salam aleykum. Hamınız xoş gəlmisiniz. Çox şadam ki, jurnalistlərin əksərini üzdən tanıdım. Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Bakıda belə yağış olmurdu. Almanlar yağışı özləriylə birgə gətirdilər. Amma mən ümid edirəm ki, sabah 35 dərəcə isti olacaq. Bilirəm, soruşacaqsınız ki, niyə Azərbaycana gəlmişəm. Mənim burda missiyam var. Bu ölkədə futbolu yenidən qurmaq istəyirlər. Federasiya da cavandır. Mən gördüm ki, onlar yeni yolla gedirlər. Lakin Almaniyadan fərqli olaraq, bizim Azərbaycanda seçimimiz çox azdır. Almaniyada millini 6 milyon futbolçu arasında müəyyənləşdirirlərsə, bizdə seçim sayı cəmi 200-dür. Buna baxmayaraq, sabahkı oyuna yaxşı hazırlaşmışıq. İsveçrədə təlim-məşq toplanışı keçmək istəyirdik, lakin alınmadı. Amma Allaha Şükürlər olsun ki, Azərbaycanın iki klubu Avroliqada uğurla çıxış edir. Sevinirəm ki, “Bakı” və “Qarabağ” Avroliqada play-off-a çıxıb. Bu isə futbolçulara özünəinam verir. Amma unutmayın ki, biz sabah “Honka”ya qarşı deyil, Almaniya millisinə qarşı oynayacağıq. Biz çalışacağıq ki, almanların işini mümkün qədər çətinləşdirək. Oyunçular çox yaxşı məşq edirlər.
- Sabahkı oyunda sürpriz etməyə şansımız var?
- Bu almanlardan asılıdır. Onlar bizimlə zarafat etsələr, sürpriz olacaq.
- Bəs zarafat etməsələr, necə?
- Sözsüz ki, dünyanın ən güclü komandasıyla oynayırıq. Bu zaman hesab böyük ola bilər. Amma Finlandiya və Rusiya, eləcə də İspaniyayla oyunun ilk yarım saatında yaxşı oynadıq. Bu dəfə də elə oynaya bilsək, biz sürprizə imza ata bilərik. 
- Lövlə münasibətləriniz necədir? Çünki Löv bildirib ki, sizinlə oyundan qabaq telefonla danışıb.
- Mən Lövlə tez-tez zəngləşirəm. Amma son iki üç günü çıxmaq şərtiylə. Löv Almaniya millisində mənim futbolçum olub. Löv, Birhoff və Klinsmanın millidəki işi yaxşı alınır. 2006-cı ilin dünya çempionatında bunu gördük.
- Siz deyirsiniz ki, Almaniya dünyanın ən güclü komandalarından biridir. Nəyə görə belə hesab edirsiniz?
- Ona görə ki, Almaniyada futbolçuların potensialı çox böyükdür. Bu yaxınlarda 21 yaşlılar Avropa çempionu oldular. Potensial çox güclüdür. Buna görə deyirəm ki, dünyanın ən güclülərindən biridir.
- Oyundan qabaq demişdiniz ki, qol vuracağıq. Sizcə kim qol vura bilər?
- Azərbaycan milli komandasında kifayət qədər yaxşı oyunçu var. Məsələn, Vaqif, Elvin, Vüqar. Onlar “Qarabağ”ın heyətində Avrokuboklarda gözəl oynayıblar. Buna görə də hazırda həm yaxşı formadadırlar, həm də özünəinamları var. Amma sabahkı matçda təkcə hücumçular deyil, başqaları da qol vura bilərlər. Almanlar dostpərvərdirlər, inanıram ki, bizə qol vurmağa imkan verəcəklər.
- Azərbaycanın çalışdığınız digər ölkələrdən fərqi nədir?
- Şotlandiyada işləyəndə də gənc komanda qurmuşdum burdakı kimi. Amma Azərbaycanda böyük işlər görülür. Akademiya açılıb, bu isə onu göstərir ki, futbolun gələcəyi var. Nigeriyada belə şərait olsaydı, bu cür federasiya prezidenti, vitse-prezidenti, baş katibi olsaydı, mən Nigeriyanı dünya çempionatına çıxarda bilərdim.
- Məşqlərdə görünürdü ki, siz Rəşad Sadıqovu dayaq yarımmüdafiəçisi mövqeyində oynadırsınız. Sabah Rəşadı həmin mövqedə sınamaq fikrindəsiniz?
- Düz deyirsiniz, Rəşadı mən yarımmüdafiədə sınayırdım. Amma əmin olun ki, Rəşad sabah həmişəki mövqeyində oynayacaq. Amma top bizdə olarkən müdafiəçilər də hücuma qoşulmalıdırlar.
- Sizə elə gəlmir ki, Almaniya millisinin bugünkü hücum potensialı zəifdir. Bu bizim üçün üstünlük hesab oluna bilər?
- Mən istərdim ki, Almaniya millisinin ehtiyatında oturan futbolçular Azərbaycan milli komandasında mənim sərəncamımda olsun. Həm də almanların heyətində Kloze və Ballak var ki, onlar da Bakıya gəliblər.
- Heyəti artıq müəyyənləşdirmisiniz?
- Bəli, heyəti artıq bilirəm.
- Fərhaddan başqa heyətdə yalnız gənc qapıçı Səlahət Ağayev var. Düşünmürsünüz ki, Fərhad zədələnəcəyi halda, böyük problemlə qarşılaşa bilərik?
- Düzdür, Səlahət gəncdir. Amma mən hesab edirəm ki, onu böyük gələcək gözləyir. Digər tərəfdən də başqa variantımız yox idi. Həm Rauf, həm də Kamran zədəlidir. 
- Almaniya milli komandasının zəif tərəfi varmı?
- Məncə almanların zəif tərəfi yoxdur. Biz onların güclü tərəflərini bilirik. Amma onlar bizim güclü tərəfimizi bilmirlər. Əmin olun ki. biz sabah çalışacağıq ki, yaxşı oynayaq. Amma mən razıyam ki, pis oynayaq, təki hesab 0:0 olsun.
- Deyirsiniz Bakı gözəl şəhərdir. Nəyə əsasən belə düşünürsünüz?
- Bakı həqiqətən də gözəl yerdir. İnsanları da çox gözəldir. Mən sizlərə - alman jurnalistlərə məsləhət görərdim ki, Almaniya milli komandasının məşqinə baxmayın, ondansa gedin şəhəri gəzin. 

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"