Təbriz Həsənov: «İnanıram ki, zəhmətimiz hədər getməyəcək»

Təbriz Həsənov: «İnanıram ki, zəhmətimiz hədər getməyəcək»
MÜSAHİBƏ 5 Avqust 2009 / 15:35 3492
-  A +

Xəbər verdiyimz kimi, iyulun 14-dən etibarən «Akademiya» (U-15) komandası «Fənərbaxça» klubunun bazasındadır. Komanda Türkiyəyə məşqçi Təbriz Həsənovun rəhbərliyi ilə gedib. «Akademiya»nın hazırlığı ilə bağlı T.Həsənov AFFA-nın saytına müsahibə verib.
- Artıq 3 həftədən çoxdur Türkiyədəsiniz. Təəssüratlarınızı bilmək istərdik…
- Buraya gəldiyimiz gündən bizə böyük diqqət göstərilir. «Fənərbaxça» klubunun rəhbər şəxsləri tərəfindən qarşılandıq. Bir neçə televiziya və qəzet Türkiyəyə gəlişimizi işıqlandırdı. Bildiyiniz kimi, «Fənərbaxça»nın bazasındayıq. Kluba məxsus «Dərəağzı» bazasında məşq keçirik. Bir sözlə, hər şey çox yüksək səviyyədədir. Komandanı «Fənərbaxça»nın forması ilə təchiz ediblər. İlk məşqimizdə klubun prezidenti Əziz Yıldırım gəlib bizimlə maraqlandı. Sözün açığı, belə bir şey olacağını gözləmirdik. Hətta türkiyəli məşqçilər də təəccübləndilər. Çünki Əziz Yıldırım adətən aşağı yaş qrupu üzrə komandaların məşqinə getmir. Ancaq bizim ilk məşqimizi təxminən saat yarım izlədi, uşaqlarla söhbət etdi. Məşqdən sonra mənimlə görüşüb uşaqlar haqda məlumat aldı. Hər hansı problemimizin olub-olmadığını soruşdu. Bu, uşaqların da məsuliyyətini artırdı.
- Əsasən hansı problemlərlə qarşılaşırsınız?
- Sözün açığı, uşaqların elə bir problemi yoxdur. İlk günlər buraya uyğunlaşmaqda çətinlik çəkirdilər, o da artıq həll olunub. Bu uşaqların elə yaş dövrüdür ki, gərək onların hər bir istəyinə xüsusi diqqətlə yanaşasan. Elə uşaqlar var ki, ilk dəfədir evlərindən, valideynlərindən uzaq düşüblər, təlim-məşq toplanışı görməyiblər. İlk günlər bununla bağlı müəyyən çətinliyimiz oldu. Artıq buradakı rejimə tam alışıblar.
- Məşqlər necə keçir? Ümumiyyətlə, gündəlik proqramınız necədir?
- Məşqləri İrfan Saraoğlu keçir. Çox təcrübəli məşqçidir. Uzun illər «Fənərbağça»nın müxtəlif yaş qruplarından ibarət komandalarında məşqçi işləyib. Onun öz proqramı var və buna uyğun hazırlıq keçirik. İlk iki həftədə uşaqlar gündə bir dəfə məşq edirdi. Həftə ərzində uşaqların hamısı «Fənərbağça»nın sponsorlarından olan «Acıbadem» xəstəxanasında həkim müayinəsindən keçdilər. Bu proses 3-4 gün çəkdi. Şükür Allaha, uşaqlarda ciddi bir problem yoxdur. Bundan əlavə, test-normativlər verdik. Testlərdə əsasən topla, topsuz hərəkətlər, tullanmalar, dözümlülük və s. yoxlandı. Uşaqlarda irəliləyişin olub-olmamasını yoxlamaq üçün üç aydan sonra yenidən testlər götürüləcək. Ümumilikdə, hər bir işə çox peşəkar yanaşırlar.
- Buradakı toplanışın ilk günləri ilə müqayisədə indi uşaqların hazırlığında müsbət dəyişikliklər varmı?
- Əlbəttə. Elə uşaqlar var idi ki, ilk günlər çətinlik çəkirdilər. Xüsusən texniki hərəkətlərin icrasında müəyyən problemlər var idi. Artıq uşaqlar verilən tapşırıqları sərbəst yerinə yetirə bilirlər. Düzdür, səhvlər olur, ancaq həvəslidirlər, öyrənmək istəyirlər. Gündən-günə irəliləyiş hiss olunur.
- Türkiyəli məşqçilərin futbolçularımız haqda fikirləri necədir? Bu barədə onlarla söhbətiniz olurmu?
- Məşqçilər uşaqların texniki cəhətdən yaxşı vəziyyətdə olduqlarını etiraf edirlər. Əsas çatışmayan cəhətləri futbol savadının yetərli olmamasıdır. Yəni futbolu düzgün oynamırlar. Futbol bilikləri zəifdir. Məşqçilər də əsasən bunu aradan qaldırmağa çalışırlar. Fiziki cəhətdən də çatışmazlıqlar var. Yeri gəlmişkən, artıq gündə iki dəfə məşq keçirik.
- Uşaqlar darıxmırlar ki?
- Çalışırıq ki, darıxmasınlar. Bu yaşda uşaqlar uzun müddət ailələrindən, valideynlərindən uzaq düşüblər. Onların bütün fikirlərini hazırlığa yönəltmişik. Buraya nəyə görə gəldiyimizi izah edirik. Özlərinin də böyük həvəsləri var ki, futbolçu kimi yetişsinlər, gələcəkdə milli komandanın şərəfini qorusunlar.
- Darıxmamaları üçün nə kimi işlər görürsünüz? Misal üçün, psixoloji söhbətlər aparırsınızmı?
- Bəli, ümumi də söhbət edirəm, təkbətək də. Onların darıxmamaları üçün müxtəlif oyunlar, gəzintilər təşkil edirik, muzeylərə, «Fənərbaxça»nın oyunlarına aparırıq və s. Bundan əlavə, İstanbulun tarixi yerlərinə səyahət edirik. Bazar günləri səhər yüngül məşqlər keçirik. Axşamlar ya kinoya, ya da teatr tamaşasına baxmağa gedirik. Bazar ertəsi istirahət günümüzdür.
- Uşaqların valideynlərindən sizinlə əlaqə saxlayan və ya buraya gələnlər olurmu?
- Xeyr, gələn yoxdur. Gələn olsa da, uşaqlar bazadan kənara çıxa bilməz. Bir-iki nəfərin Türkiyədə yaşayan qohumları gəlib, onlar da bazada görüşüblər. Ancaq mütəmadi olaraq valideynləri ilə telefon vasitəsilə danışırlar.
- AFFA rəhbərliyi uşaq futbolunun inkişafı üçün silsilə tədbirlər görür. «Akademiya»nın (U-15) Türkiyənin «Fənərbaxça» klubunun bazasında hazırlıq keçməsi görülən işlərin tərkib hissəsidir. Necə düşünürsünüz, komandada böyük perspektiv vəd edən, gələcəyin istedadlı futbolçusu ola biləcək uşaqlar varmı?
- Burada hazırlıq keçən uşaqlara bu imkanı yaratdığına görə AFFA rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Uşaqların Türkiyədə hazırlıq keçməsinin böyük əhəmiyyəti var. Bu, Azərbaycan futbolunda gedən inkişafın göstəricisidir. İndi çəkdiyimiz zəhmətin bəhrəsini gələcəkdə görəcəyik. İnanıram ki, buradakı uşaqların əksəriyyəti bütün yaş qrupu üzrə milli komandaların şərəfini qoruyacaqlar. İnanıram ki, bu zəhmətimiz hədər getməyək.
- Bir məşçi kimi bu toplanış sizə nə verib?
- Buradakı hazırlıq prosesi mənim üçün də böyük bir məktəbdir. Burada olduğum müddətdə çox şey öyrənirəm. Günlərim hədər getmir. Məşqçi kimi təcrübəmi toplayıram, dünya görüşümü artırıram. Bütün bunlar gələcəkdə işimə yarayacaq.
- Yoldaşlıq görüşlərinin keçirilməməsi nə ilə əlaqədardır?
- Bu, gələcək planlarımıza daxildir. Türkiyəli məşqçilər uşaqları tanımaq, nəyə qadir olduqlarını öyrənmək üçün 2-3 ay vaxt istəyiblər. Çünki bu uşaqlar birlikdə futbol oynamayıblar. Yaxın 2-3 ayda türkiyəli həmyaşıdları ilə yoxlama görüşləri keçirəcəklər.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord