“Xəzər Lənkəran” yenə uduzdu

XƏBƏR 5 Avqust 2009 / 12:30 2205
-  A +

Dünən “Xəzər Lənkəran” Avstriya təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, üç gün öncə güclü Yunanıstan təmsilçisi “Aris”ə məğlub olan (2:3) «XL» Rumıniyanın ikinci liqa təmsilçisi - Kluj şəhərinin “Universitatea” komandasına da uduzub - 1:3.
Oyuna yarı eksperimentala, yarı optimala yaxın heyətlə (Dmitri Kramarenko - Ruslan Poladov, İvan Pexa, Kostadin Canbazov, Radomir Todorov - Devran Ayhan, Junior Osvaldo, Mario Souza , Allan Lalin, Denis Kolinkov - İvan Svetkov) başlayan “Xəzər Lənkəran” rəqibindən açıq-aşkar üstün görünsə də, qol imkanlarını sağa-sola xərclədiyindən rəqiblər fasilə 0:0 hesabıyla yollanıblar. Svetkov, Kolinkov və baxışa gəlmiş Honduras millisinin forvardı Lalin əla imkanları qaçırmaqla yadda qalıblar. Lakin ikinci hissə başlayan kimi honduraslının gözəl ötürməsindən sonra yaxşı mövqeyə çıxan Mario hesabı açıb. Sonrakı dəqiqələrdə isə oyunun axarı gözlənilmədən dəyişib. Lalinin zədələnərək meydanı tərk etməsindən bir neçə dəqiqə sonra rumınların əks-hücumu zamanı müdafiəçilərimizin süni oyundankənar vəziyyət yaratmaq cəhdi uğursuz alınıb. Daha doğrusu, bu epizodda yan xətt hakimi ofsayd işarəsini versə də, baş hakim oyunu davam etdirib və “Universitatea” futbolçularımızın çaş-baş qalmasından yararlanıb. «XL»in futbolçuları özünə gəlməmiş rumınlar daha bir dəfə fərqləniblər. Oyunun sonuna yaxın isə meydana daha bir baxışa gəlmiş futbolçu çıxıb. Svetkovu əvəzləyən Panama millisinin gənc forvardı Edvin Agilar az oynamasına baxmayaraq, fərqlənməyə imkan tapıb. Lakin hakim bu dəfə də rəqibin lehinə qərar verərək qolu hesaba almayıb.
Qeyd edək ki, baş məşqçi Ağasəlim Mircavadov ikinci yarıda Denis Silva, Ceyhun Sultanov, Alim Qurbanov, Nizami Hacıyev, Kamran Ağayev və Rəşad Kərimovun xidmətindən də yararlanıb. Yüngül zədələri olan Fatih Sonkaya, Dieqo Souza və Ramazan Abbasov bu görüşdə forma geyinməyiblər. Komandanın həkimi Boris Xetaqurov bildirib ki, bu futbolçuların, həm də dünənki oyunda ayağı burxulan Lalinin vəziyyəti normaldır.
Ağasəlim Mircavadov isə baxışda olan hər iki futbolçunu (Lalin və Agilar) ayın 6-da “Əl-Cəzirə”yə qarşı keçiriləcək növbəti sparrinqdə bir daha sınamaq istəyindədir. 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı