Zeynal Məmmədov “Levski”nin prezidentinin cavabını verdi

Zeynal Məmmədov “Levski”nin prezidentinin cavabını verdi
MÜSAHİBƏ 29 İyul 2009 / 18:36 3649
-  A +

“Bakı”nın baş meneceri Zeynal Məmmədov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçı çərçivəsində dünən keçirilən “Bakı” - “Levski” qarşılaşması ilə bağlı Qol.Az saytına müsahibə verib

 

- Öncə dünənki qarşılaşma ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Çox maraqlı oyun oldu. Düzdür, komandamız ilk hissədə yaxşı oyun göstərə bilmədi. Yəni, “Bakı”nın ifasında görməyə adət etdiyimiz rəngarəng oyunu görə bilmədik. Amma ikinci hissədə komanda toparlana bildi. “Levski” bilirsiniz ki, köklü klubdur. Demək olar hər il avrokuboklarda iştirak edir. Elə son 10 ilin 6-nda Çempionlar Liqasında, 4-ündə isə UEFA kubokunda mübarizə aparıblar. 3 il bundan qabaq UEFA kubokunun yarımfinalına kimi irəliləmişdi. 3 il qabaq isə Çempionlar Liqasının qrup mərhələsində “Barselona”, “Çelsi”, “Verder” kimi klublara qarşı oynayıb. Bununla belə, “Bakı” dünən öz gücünü göstərə bildi və sübut etdi ki, heç də rəqibindən zəif deyil.
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Hakimlik çox bərbad vəziyyətdə idi. Norveçli hakim halal qələbəmizi əlimizdən aldı. Elə Felipenin epizodunu göstərmək kifayət edir. Həmin epizodun heç şərhə ehtiyacı yoxdur. Hər şey göz önündə idi. Rəqib futbolçu Felipeye qarşı olduqca kobud oynadı və aşkar onbirmetrlik cərimə zərbəsi təyin edilməli, bir sarı vərəqəsi olan rəqib futbolçu isə meydandan qovulmalı idi. Hər şeyi qoyuram bir kənara. Ən pis halda rəqib qapısına sərbəst zərbə təyin olunmalı idi. Amma referi gəlib, bizim əlehimizə cərimə zərbəsi təyin etdi. Bir sözlə, norveçli hakim halal qələbəmizi əlimizdən aldı. Təsəvvür edin, həmin epizodda rəqibin qapısına onbirmetrlik cərimə zərbəsi təyin edilir və futbolçusu meydandan qovulur. O zaman çox rahatlıqla qələbə qazana bilərdik.
- Hakimin dünənki idarəçiliyini “Qarabağ” - “Rusenborq” matçı ilə əlaqələndirmək olar?
- Elə mən də düşünürəm ki, hakim “Rusenborq”un heyfini bizdən çıxdı. Bilirsiniz, onlar heç cürə özlərinə sığışdırmırdılar ki, “Qarabağ” onların ən məhşur klubunu məğlub edərək, avrokuboklardan kənar qoyub. Açığını desəm, hələ oyundan əvvəl içimdə belə bir qorxu var idi. Oyundan sonra da əmin oldum ki, narahatlığım əbəs deyildi.
- UEFA-ya şikayət etmək fikriniz var?
- 2006-cı ildə “Sioni” ilə oyunda da eyni hadisə başımıza gəlmişdi. O vaxt da hakimlikdən narazılğımızı qeyd etmişdik. İndi də qeyd edək, lap tutalım həmin hakimi 3 oyunluq cəzalandırsınlar. Bununla mənim əldən çıxan qələbəm geri qayıdacaq?
- Təkrar oyundan nə gözləyirsiniz?
- Onu dəqiq bilirəm ki, döyüşsüz təslim olmayacağıq. Son ana qədər vuruşacağıq ki, mərhələni keçək. Əgər səfərdə qol vura bilsək, o zaman qələbə qazanmasaq da, qollu heç-heçə ilə belə növbəti mərhələyə vəsiqə qazanacağıq. Hər halda inanıram ki, yenidən azarkeşlərimizi sevindirəcəyik.
- Felipenin durumu necədir?
- Artıq yaxşıdır. Tam özünə gəlib və xəstəxanadan evə buraxılıb. İnşallah, təkrar qarşılaşmada komandaya kömək edə biləcək.
- İlk anda zədəsi çox ciddi idi. Ümumiyyətlə, nə baş vermişdi?
- Rəqib futbolçu onun başına təpiklə güclü zərbə vurmuşdu. Nəticədə Feliks də hüşünü itirərək yerə yıxılmışdı.
- İkinci hissənin gedişində əvəzlənən Amiran Muciri Haciyevskiyə etirazını çox kobud şəkildə bildirdi və tərəflər arasında mübahisə yaşandı. Oyunsonrası mətbuat konfransında isə makedoniyalı mütəxəssis “komandada komandir mənəm” deməklə gürcünün mütləq cəzalanacağını bildirib. Maraqlıdır, Muciri cəzalanıb?
- Bununla bağlı mənə jurnalistlər tərəfindən çox zənglər olub. Məncə şişirdilməsinə o qədər ehtiyac olmayan bir məsələdir. Baş verənlər komandanın, konkret Muciri ilə Haciyevskinin daxili işləridir. Biri baş məşqçidir, digəri isə oyunçu. Öz aralarında həll edəcəklər. Mən ancaq onu deyə bilərəm ki, günahkar mütləq cəzasını alacaq.
- İlk hissədə Batevlə Barbosa arasında da gərginlik yaşandı. Bunun səbəbi nə idi?
- Hamısı oyundan doğan gərginlikdən irəli gəlirdi. Səhv etmirəmsə, orada Barbosa səhvə yol verdi, Bates isə ona iradını çatdırdı. Nəticədə aralarında mübahisə düşdü. Oyunun fasiləsində soyunub-geyinmə otağına daxil olub, hər ikisi ilə söhbət etdim. Oyundan sonra da həmçinin. Artıq hər şey geridə qaldı və Bateslə Barbosa arasında heç bir problem yoxdur.
- Komanda Bolqarıstana nə vaxt gedir?
- Avqustun üçü, ya da dördü yola düşürük.
- Yəqin xəbəriniz var ki, dünən gecə “Levski” Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qalıb.
- Bəli xəbərim var. Öz günahlarıdır. Azərbaycan hökuməti 4 ay bundan qabaqdan bəyan edib ki, iyulun 1-dən etibarən gecə saat 00:00-dan səhər saat 06:00-a qədər bütün uçuşlar dayandırılır. Əgər bu zaman kəsiyində kim uçmaq istəsə, zəhmət çəkib, 25 min avro ödəməlidir. Bunu biz də bolqarların diqqətinə çatdırmışdıq. Hətta oyundan qabaq demişdik ki, bəs gələndə xəbər edin sizi qarşılayaq, yerləşdirək. Amma bu, onların acığına gəldi və dedilər ki, özümüz edəcəyik. Yenə də gedib onları qarşıladıq və öz qonaqpərvərliyimizi göstərdik.
- Bu gün bolqar mətbuatına açıqlama verən “Levski”nin prezidenti deyib ki, onlar da Sofiyada “Bakı”nı 4 saat hava limanında saxlayacaqlar.
- Qoy saxlasın, görüm, necə saxlayacaq?!. Bununla mədəniyyətlərini, qonaqpərvərliklərini göstərmək istəyirlər də.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı