Ramazan Abbasov: “Bakı”dan getməyə məcbur idim. Çünki...”

Ramazan Abbasov: “Bakı”dan getməyə məcbur idim. Çünki...”
MÜSAHİBƏ 27 İyul 2009 / 11:36 4269
-  A +

- “Xəzər-Lənkəran”la artıq rəsmi müqavilə imzalamısan?
- Hə, 1 illik müqavilə imzalamışam. Elə bu gün, təxminən 3-4 saatdan sonra komandayla birgə Avstriyaya, təlim-məşq toplanışına yollanacağam.
- Niyə “Bakı”dan ayrılmaq qərarına gəldin?
- “Ekranas”la Bakıda keçirilən cavab qarşılaşmasında “18-liy”ə düşmədim. Bundan sonra qərara gəldim ki, komandadan ayrılmaq vaxtıdır. Çünki heç cür oynamaq şansı qazanmırdım.
- “Bakı”yla necə razılaşa bildin?
- Rəhbərliklə danışdım. Onlar qalmağımı istədilər. Dedilər ki, baş məşqçi sənə şans verəcək. Əvvəlcə qalmaq istədim. Lakin sonra düşündüm ki, 1 il ərzində mənə şans verilməyibsə, bundan sonra necə şans veriləcək. Mən də “Bakı”dan ayrılmaq istəmirdim. Amma buna məcburam. Çünki oynamaq istəyirəm.
- Klubla müqavilə məsələsini necə yoluna qoydun?
- Danışıb, razılaşdıq. Sağ olsunlar ki, məni başa düşdülər.
- “Xəzər-Lənkəran”dan kim səninlə əlaqə saxladı?
- Hələ biz Sloveniyaya təlim-məşq toplanışına yollanmamışdan qabaq onlarla söhbətim olmuşdu. Lakin mən onlara demişdim ki, klubumda qalmaq istəyirəm. Onlar da bildirdilər ki, qərar sənindir. “Bakı”dan ayrılmaq qərarına gəldikdən sonra isə “Xəzər-Lənkəran”la özüm əlaqə yaratdım. Onlar da sağ olsunlar ki, məni qəbul etdilər. 
- Səninlə kim əlaqə saxlamışdı, “Xəzər-Lənkəran”ın rəsmiləri, yoxsa baş məşqçi Ağasəlim Mircavadov?
- Məni komandasında Ağasəlim müəllim görmək istəyib. Amma təbii ki, danışıqları mənimlə o yox, klubda transfer işləriylə məşğul olan şəxslər aparırdılar. Yerli məşqçi ilə işləmək mənimçün daha rahatdır. “Xəzər-Lənkəran”ı da məhz buna görə seçdim.
- Komandadan getməklə bağlı baş məşqçi Coko Haciyevskiylə söhbətin oldu?
- Heç bir söhbətim olmayıb. Haciyevski mənə qarşı olan inamını itirmişdi. Buna görə də onunla söhbətə ehtiyac görmədim.
- Ötən mövsüm də heyətə nadir hallarda düşürdün. Bəs nə üçün komandanı çempionat başa çatan kimi yox, Çempionlar Liqasında “Bakı” üçün önəmli olan anda tərk etdin?
- İnanırdım ki, heç olmasa yeni mövsümdən forma geyəcəyəm. Amma gördüm ki, yox, bu gedişlə yeni mövsümdə də günümü ehtiyatda keçirəcəyəm. Ona görə də getmək qərarına gəldim.
- Hesab etmirsən ki, bu addımınla komandanı pis vəziyyətdə qoydun?
- “Bakı”nın heyətində kifayət qədər yüksək səviyyəli futbolçular var. Ona görə də hesab edirəm ki, mənim gedişimlə heç bir problem olmayacaq. 
- Səncə heyətdə niyə yer almırdın?
- Mən demirəmki kimsə məndən güclü idi və ya əksinə, kimsə zəif idi. Sadəcə baş məşqçidən gözlədiyim dəstəyi almırdım. Yoldaşlıq oyunlarında belə 15 dəqiqə oynayırdım.
- “Xəzər-Lənkəran”da əsas heyətə düşəcəyinə inanırsan?
- İnşallah, çalışacağam ki, əsas heyete düşüm. Bunun üçün əlimdən gələni etməliyəm. Heyətə düşmək üçün daha çox işləmək lazımdır.
- “Bakı”dan “Xəzər-Lənkəran”a keçən sayca ikinci futbolçusan. Səndən əvvəl Ceyhun Sultanov da “Bakı”nı “Xəzər-Lənkəran”a dəyişib. Amma o “Xəzər-Lənkəran”da özünü heç cür göstərə bilmədi. Eyni halın sənin də başına gələcəyindən çəkinmirsən?
- Yox, inanıram ki, hər şey yaxşı olacaq.
- Bakıdan kənarda, əyalətdə oynamaq, oradakı mühitə öyrəşmək səninçün çətin olmayacaq?
- Yox, heç bir problem olmayacaq. Futbolçu karyerası elədir ki, bu gün burdasan, sabah başqa yerdə. Ona görə də gərək hər bir mühitə uyğunlaşaq.
- 2-3 il əvvəl ölkənin aparıcı futbolçularından idin. Lakin karyeranın pik dövründə “Bakı”nı “Neftçi”yə dəyişdin. Lakin orada əsas heyətə düşə bilmədin və yenidən “Bakı”ya qayıtdın. Amma indi də yenidən bu komandanı tərk etdin. Səncə geriləməyinin səbəbi nədir? Bəlkə həmin vaxt “Bakı”nı tərk edib, “Neftçi”yə getməklə səhv etmişdin?
- “Neftçi”də oynamaq hər bir futbolçu üçün şərəfdi. Birinci dövrədə “Neftçi”nin heyətində əksər oyunlarda oynayırdım. Lakin sonradan zədələndim, qışda əməliyyat olundum. Ondan sonra yenidən formaya düşmək mənim üçün bir qədər çətin oldu. Allaha şükürlər olsun ki, indi özümü daha yaxşı hiss edirəm. Ümumiyyətlə, hər bir futbolçunun karyerasında belə hallar ola bilər. Hər il eyni səviyyədə oynamaq bir az çətindir.
- Şahin Diniyevin vaxtında milli komandanın da əsas üzvlərindən idin. İnanırsan ki. yaxın gələcəkdə milliyə qayıdışın reallaşacaq?
- Milliyə dəvət almaq üçün yaxşı oyun göstərmək lazımdır. Yaxın gələcəkdə çalışıb, yenidən millinin heyətinə düşməyi planlaşdırırram.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord