Çempionlar Liqasında son tur həyəcanı

Çempionlar Liqasında son tur həyəcanı
DÜNYA FUTBOLU 28 Noyabr 2013 / 12:36 3360
-  A +

Çempionlar Liqasında qrup mərhələsinin başa çatmasına bir tur qalmış daha iki klub növbəti mərhələyə adını yazdırıb.

Qol.Az-ın məlumatına görə, dünən səfərdə "Bayer" (Leverkuzen) klubunu 5:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" və "Olimpiakos"a 2:1 hesabı ilə qalib gələn PSJ klubları "pley-off"a vəsiqəni təmin edib.

Buna qədər isə "Barselona", "Atletiko" (Madrid), "Bavariya", "Mançester Siti", "Real" (Madrid) və "Çelsi" klubları 1/8 finala yüksəlmişdi.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Qalatasaray" klubu dünən "Real"a 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələ şansını hələ də saxlayır. Bunun üçün İstanbul təmsilçisi son turda doğma azarkeşləri önündə "Yuventus"a mütləq qalib gəlməlidir. Əks təqdirdə "Cim Bom" ÇL-də mübarizəni dayandırmalı olacaq. 

"Qalatasaray"ın hətta Avropa Liqasından kənarda qalmaq ehtimalı da var. Belə ki, Roberto Mançininin komandası son turda "Yuventus"a məğlub olarsa və "Kopenhagen" "Real"dan bir xal qopara bilərsə, o zaman Avroliqada mübarizəni Danirmarka təmsilçisi davam etdirəcək. 

Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan digər 8 komandanın adına isə son turda aydınlıq gələcək. A qrupunda əsas mübarizə "Şaxtyor" (Donetsk) və "Bayer" (Leverkuzen) klubları arasında gedəcək. B qrupunda hər üç komandanın - "Yuventus", "Qalatasaray" və "Kopenhagen"in növbəti mərhələ şansları qalır. C qrupunda "Olimpiakos" və "Benfika" klubları 1/8 final mərhələsinə yüksəlmək uğrunda yarışacaqlar. 

D qrupunda isə həm "Bavariya", həm də "Mançester Siti" klubları artıq 1/8 finala vəsiqəni təmin ediblər. E qrupunda növbəti vəsiqənin sahibinə son turda keçiriləcək "Şalke" - "Bazel" matçından sonra aydınlıq gələcək. F qrupunda mübarizə əsasən "Arsenal", "Borussiya" (Dortmund) və "Napoli" klubları arasında gedəcək. 

G qrupunda keçiriləcək son turun oyunlarından sonra ikinci pillənin sahibi müəyyənləşəcək. Bu qrupda həm "Porto", həm də "Zenit"in 1/8 finala vəsiqə qazanmaq şansı var. Nəhayət H qrupunun mərkəzi görüşü Milanda baş tutacaq. Burada keçiriləcək "Milan" - "Ayaks" matçından sonra 1/8 finala vəsiqə qazanacaq ikinci komandanın adı bəlli olacaq. Bu oyunda "Milan"ı bir xal da qane edəcək. 

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları dekabrın 10 və 11-də keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı