Araz Nəsirov: «Xəzər-Lənkəran» ikinci dövrəyə daha iddialı çıxacaq»

Araz Nəsirov: «Xəzər-Lənkəran» ikinci dövrəyə daha iddialı çıxacaq»
MÜSAHİBƏ 11 Dekabr 2008 / 13:11 6329
-  A +

"Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Araz Nəsirovun Qol.Az saytına müsahibəsi

- Birinci dövrənin yekununu komandanız üçün necə dəyərləndirirsiniz?

- «Xəzər-Lənkəran» ilk dövrədəki çıxışını uğurlu sayıram. Dördüncü pillədə olsaq da, liderlə aramızda beş xal fərq var. Bu isə böyük deyil. Düzdür, "Xəzər-Lənkəran" klub rəhbərliyi və azarkeşlərinin istədiyi oyunu göstərə bilmir. Son turlarda arzuedilməz nəticələrin olması bəzi dəyişikliklərə səbəb oldu. Futbolda belə hallar baş verir, bunu normal qarşılamaq lazımdır. Klubun gələcəyi üçün dəyişiklik labüd idi.

- Ancaq tez-tez baş məşqçi dəyişikliyinin mənfi təsirləri də olur. Hər dəfə yeni sistemin tətbiqi üçün müəyyən vaxt tələb edilir.

- "Xəzər-Lənkəran"a yüksək şərait yaradıldığı üçün onun rəhbərliyi və azarkeşləri çox tələbkardır və qısa müddət ərzində məşqçidən uğurlu nəticə gözləyir. Komandamız yüksək şəraitə, infrastruktura malikdir. Azərbaycanın ən böyük və iddialı klublarındandır. Buna görə də bizdə nəticələri qısa zaman kəsiyində göstərmək lazımdır.

- «Xəzər-Lənkəran»a yüksək titullar - çempionluq, Azərbaycan kubokunu qazandıran Ağasəlim Mircavadovu yola salıb kluba bundan aşağı nəticə qazandıran Rasim Karanı gətirməyiniz nə dərəcədə doğru addım idi?

- Bu, klub rəhbərliyinin qərarıdır. Komandamızda həmişə əsaslara söykənərək faydalı addımlar atılır və Rasim Karanı gətirərkən də onun təcrübəsinə güvənmişdik.

- Demək istəyirsiniz, seçimdə səhvə yol verilməyib?

- Bir nümunə gətirim: Qazzayev vaxtilə SSKA-dan kənarlaşdırıldıqdan 7-8 ay sonra kluba qaytarıldı və həmin mövsüm komanda UEFA kubokunu qazandı.

Rasim Kara "Xəzər-Lənkəran"a çempionluq qazandırmayıbsa və qitəmiqyaslı yarışda "Nistru"ya uduzubsa, bu o anlama gəlməməlidir ki, həmin şəxs məşqçi və ya komandamıza layiq çalışdırıcı deyil. Rasim Kara təcrübəli mütəxəssisdir, Avropa və Türkiyədə yetərincə tanınıb. Nəzərdən qaçırmaq olmaz ki, hər məşqçinin yüksəliş və eniş dövrü ola bilər.

- Rasim Karanın uğursuzluğunun səbəbini nədə görürsünüz?

- Məncə, taktika və oyun üslubu baxımından problem yaşadıq, digər tərəfdən, yeni futbolçuların uyğunlaşması vaxt apardı. Bəzi oyunlardakı uğursuzluqlarda hakimlərin rolu oldu. Bununla belə, ilk dövrəni o qədər də uğursuz başa vurmadığımızı düşünürəm. Məşqçi öz istəyi ilə istefa versə də, onu klubda saxlamaq istədik, ancaq o, qalmaq istəmədi.

- Kara bildirib ki, istər daxildə, istərsə də kənarda təzyiqlə üzləşib.

- Mən belə deməzdim. Komandaya yüksək şərait yaradılıb, böyük məbləğdə vəsait sərf olunur və klub rəhbərliyinin istər məşqçi, istərsə də futbolçulardan nəticə tələb etməsi normal qəbul olunmalıdır. Digər tərəfdən, Rasim Kara deyib ki, onun fikirləri düzgün başa düşülməyib.

- Hakimlərdən gileyləndiniz. Rəhbərliyiniz bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmişdi.

- İnanırıq ki, futbolumuza fayda verə biləcək müsbət cavab alacağıq.

- Komandada hansı dəyişiklik gözlənilir?

- Bununla bağlı qərarı baş məşqçi verəcək. İqor Ponomaryova klubla bağlı lazımı məlumatlar, oyunların videoyazısı verilib. Baş məşqçi yanvar ayında Türkiyədə hazırlıq prosesində futbolçularla yaxından tanış olacaq. Hazırda İsveçdə olan baş məşqçimizlə sıx əlaqə saxlayırıq və bilirik ki, o, bir futbolçu ilə maraqlanır. Ponomaryov hansı futbolçunu göndərmək istəsə, bu məsələ müzakirə ediləcək. Ancaq güman ki, komandada böyük dəyişiklik olmayacaq, çatışmazlıqlar varsa, aradan qaldırılacaq və ikinci dövrəyə daha iddialı şəkildə çıxacağıq.

- Baş məşqçiniz İqor Ponomaryov oğlu Anatoli Ponomaryovu gətirməyi məsləhət bilsə, razılıq verərsiniz?

- Yalnız oğlu olduğu üçün gətirsə, qəbul etmərik. Əgər Anatoli "Xəzər-Lənkəran"da oynaya biləcək səviyyədə futbolçudursa, niyə də dəvət olunmasın?

- "Qarabağ"da uğursurzluğa düçar olan İqor Ponomaryovun "Xəzər-Lənkəran"da eyni aqibəti yaşayacağından ehtiyatlanmırsınız?

- Qətiyyən. Fikrimcə, uğur qazanmaq üçün güclü məşqçi və futbolçular yetərli deyil. Komandaya yüksək səviyyədə şərait lazımdır ki, bunlar da bizdə var. Uğurlu nəticə qazanaraq qitəmiqyaslı yarışlara vəsiqə qazanmalıyıq. Avropasayağı futbol oynamaqla istəyimizə çata bilərik. Əsas məqsədə nail olmaq üçün rəqiblərin xal itirməsinə yox, öz qüvvəmizə güvənməliyik. Çəkinmədən deyə bilərəm ki, Azərbaycanda istənilən klubu məğlub etmək gücündəyik. Avropada qazanılacaq uğur bizim üçün nəticə sayılacaq. Əminəm ki, Ponomaryovun başçılığı ilə "Xəzər-Lənkəran" böyük uğurlara imza atacaq.

- Rəhbərliyiniz Ağasəlim Mircavadovla birgə fəaliyyət göstərmiş çalışdırıcı Samir Ələkbərovu vəzifədən uzaqlaşdırsa da, yeni baş məşçqi İqor Ponomaryov onu geri qaytardı.

- Bu, addımı normal qarşılayıram. İstər Samir Ələkbərov, istərsə də Hafiz Əliyev uzun müddət klubda çalışıblar. Onların baş məşqçiyə böyük faydası dəyə bilər. Yaxın vaxtlarda Samir Ələkbərovla bir illik müqavilə bağlanacaq.

- Komandanın uğurlarında böyük xidmətləri olan Zaur Ramazanov və digər oyunçularla yolların ayrılmasına peşman deyilsiniz?

- Səviyyəli oyunçunu heç kim itirmək istəməz. Əvəzolunmaz məşqçi və futbolçu yoxdur. "Xəzər-Lənkəran" atdığı addımlara görə qətiyyən peşman deyil. Komandamız böyük klubdur və biz yox, buradan ayrılanlar peşman ola bilərlər. Burada çalışmaq, oynamaq böyük məsuliyyətdir.

- Bəzi klublar legionerlərə üstünlük verdikləri üçün qınaq obyektinə çevrilirlər. Bu sırada "Xəzər-Lənkəran"ın da adı hallanır.

- Bununla razı deyiləm. Azərbaycana səviyyəli legionerlərin gətirilməsinin faydası var. Yerli futbolçuların üzərinə daha çox çalışmaq düşür ki, bunun da xeyiri olar. Əgər bizim oyunçular rəqabətə tab gətirə bilmirsə, bu, legionerlərin günahı deyil.

- Necə fikirləşirsiniz, "Xəzər-Lənkəran"ın heyətində milli komandaya layiq futbolçular çoxdurmu?

- Azərbaycan səviyyəsində yığmaya layiq oyunçularımız var. Söhbət Rəşad Abdullayev, Rahid Əmirquliyev, Emin Quliyev, Kamran Ağayev, Dmitri Kramarenkodan gedir.

- Ancaq onların bəziləri kənarda qalıblar.

- Arzu edirik ki, hamısı milli komandada oynasın və Azərbaycanın şərəfini layiqincə qorusunlar. Bizim futbolçularımıza inamımız böyükdür. Eyni zamanda AFFA-nın tam güvəndiyi baş məşqçi Berti Foqtsun qərarına hörmətlə yanaşırıq.

- Futbolçularınızın mətbuatla ünsiyyətdə olmasına qadağa qoyulması antidemokratik qərar deyilmi?

- Bu, klubun daxili siyasətidir. Oyunlardan sonra futbolçularımıza görüşlə bağlı açıqlama verməsinə qadağa qoyulmayıb. Onlar yaxşı futbolçu ola bilərlər, ancaq jurnalist deyillər. Futbolçuların arzuolunmaz, qarışıqlıq yaradan müsahibə verməsi qəbuledilməzdir. Klubun baş məşqçisi, mətbuat xidməti var və istənilən məlumatı almaq mümkündür. Ona görə də, bu qərarın peşəkar qaydalar çərçivəsində olduğunu düşünürəm.

Anar CƏFƏRSOY

 

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı