Mahir Şükürov: “Rəqib futbolçunu vurduğuma görə peşmanam”

Mahir Şükürov: “Rəqib futbolçunu vurduğuma görə peşmanam”
MÜSAHİBƏ 10 İyul 2009 / 18:53 3622
-  A +

- İlk olaraq, dünənki oyun haqda fikirlərini bildirərdin.
- Mən oyundan qabaq da demişdim ki, biz erkən qol vurmamalıyıq. Bu bizə pis təsir edə bilər. Çox təəssüf ki, qorxduğum da başımıza gəldi. Komanda erkən qol vurduqdan sonra, uşaqlar da arxayınçılıq yarandı. İlk qolu vurduqdan sonra komanda daha da “açıldı”. Halbuki biz arxaya çəkilib, hesabı qorumalıydıq. Bu zaman rəqibi əks-hücumda yaxalayıb, hesab arasındakı fərqi daha da artıra bilərdik. Amma təəssüf ki, alınmadı.
- Buraxılan qollarda müdafiəçilərin nə dərəcədə günahı oldu?
- Qol buraxmışıqsa, tək müdafiəçilər deyil, bütün komanda günahkardır. Çünki komanda meydanda 11 nəfərlə mübarizə aparır, 4 müdafiəçiylə deyil. Bir-bir ad çəkmək düzgün olmaz. Amma ilk iki qolu həqiqətən də heç nədən buraxdıq. O topları buraxmamalıydıq. Amma indi oldu da, artıq heç nəyi geri qaytarmaq mümkün deyil.
- Ümumiyyətlə, necə düşünürsən, “İnter” “Spartak”ı niyə keçə bilmədi?
- Komandanın heyətində ciddi dəyişikliklər baş verib. Heyətə yeni baş məşqçi, yeni futbolçular cəlb olunub. O cümlədən də mən “İnter”ə qayıtdım. Turnirə hazırlaşmaq üçün cəmi 15 gün vaxtımız oldu ki, bu da çox azdır. Bu müddət ərzində yeni komanda formalaşdırmaq heç də asan deyil. İnanıram ki, vaxtımız bir qədər çox olsaydı, “Spartak”ı keçər bilərdik.
- Səncə, bu məğlubiyyətdə baş məşqçinin nə dərəcədə günahı var?
- Hesab edirəm ki, bu məğlubiyyətdə məşqçinin heç bir günahı yoxdur. Çünki o yenidir və müəyyən vaxta ehtiyacı var. Txadazenin “İnter”ə çox xeyri dəyəcək.
- Txadadzedən əvvəl “İnter”də Xodukinin rəhbərliyi altında oynamısan. Bu iki məşqçi arasında hansı fərqlər var?
- Fərqlər böyükdür. İndi biz ən əsası top saxlamağa çalışırıq. Görəndə ki, boş oyunçu yoxdur, topu qapıçıya da qaytarırıq. Amma Xodukinin vaxtında belə deyildi. O tipik Ukrayna futbolu oynadırdı. Necə deyərlər, vur qabağa. Amma qabağa vurmaqla da iş bitmir axı. Gərək oyun qurasan.
- Xodukin müdafiə futbolu oynadırdı. Amma özün də dedin ki, dünən komanda əks-hücumda oynasaydı, daha yaxşı olardı. Bu o deməkdir ki, dünən “İnter”i meydana Txadadze yox, Xodukin çıxarsaydı, qələbə qazanmaq olardı?
- Vallah, onu deyə bilmərəm. Amma inanmıram ki, Xodukinin rəhbərliyi altında son mövsümdə çıxış edən “İnter” dünənki oyunda qələbə qazanardı. “Spartak” da zəif komanda deyildi. Onlar atletik futbola üstünlük verirdilər. Fiziki cəhətdən çox güclü idilər.
- Öz oyunundan nə dərəcədə razı qaldın?
- Bu haqda mənim danışmağım düz çıxmaz. Baş məşqçi bu haqda desə, daha yaxşı olar. Amma dünən oyundan sonra mətbuata açıqlamasında mənimlə Qutinin adını çəkib ki, bu iki futbolçu yaxşı oyun göstərib. Bu isə o deməkdir ki, oyunumdan razı qalıb.
- Azarkeşlər haqda nə deyə bilərsən? Matçın sonuna yaxın nəticədən narazı olan azarkeşklər sizi fitə basır, “Spartak”ın futbolçularını alqışlayırdılar...
- Mən bilirəm ki, azarkeşlər də bizim qələbə qazanmağımızı istəyirdilər. Əgər onlar bunu istəməsəydilər, heç stadiona gəlməzdilər. Bu hərəkəti də hirsli olduqlarından etdilər. Onları da başa düşürəm. Əlbəttə, biz də istəyirdik ki, qələbə qazanaraq, onları sevindirək. Amma alınmadı. Bu məğlubiyyətə görə bütün azarkeşlərdən üzr istəyirəm.
- Azarkeşlər arasında hətta “Neftçi”, “Neftçi”, qışqıranlar da var idi.
- Hə. Oyunun gedişində bunu eşidirdim. Buna görə də onlara çox sag ol deyirəm.
- Oyunun sonuna yaxın əsəblərini cilovlaya bilmədin və açıq-aşkar rəqib futbolçuya zərbə endirdin...
- İlk növbədə onu deyim ki, hələ ilk matçda “Spartak”ın futbolçuları bizə qarşı çox kobud oynayırdılar. Künc və cərimə zərbələri zamanı bizi vururdular. Hətta epizodların birində Assiolinin burnundan ciddi zərbə endirdilər. O ki qaldı, sən deyən epizoda, mən orda rəqibimi vurmadım. Sadəcə olaraq, yerə yıxıldım. Əlim də bərk əzildi.
- Necə yəni vurmadın. Axı hamımız gördük ki, sən ona açıq-aşkar zərbə endirdin.
- Yox, əslində bunu etmək istəmirdim. Amma hirsimi boğa bilmədim. Komanda meydanda uduzanda, insan çox əsəbi olur.
- Rəqibə zərbə vurduğunu etiraf edirsən. Amma onu da etiraf et ki, bu heç də peşəkar futbolçuya yaraşan hərəkət deyil.
- Hə, düzdür. Əslində mən ona zərbə vurmamalıydım. Buna görə sonradan peşmançılıq hissi də keçirdim. Hətta özüm-özümə də dedim ki, nahaq onu vurdum. Gərək bunu etməyəydim. Amma ilk oyunda da o məni bir neçə dəfə vurmuşdu.
- Belə çıxır ki, ondan intiqam aldın?
- Yox, təbii ki, yox. Bunu ona görə dedim ki, bilin ki , ilk matçda onlar da bizə qarşı kifayət qədər kobudluq edirdilər. Amma bir daha təkrarlayıram ki, etdiyim hərəkətə görə peşmançılıq hissi keçirirəm. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı