Vaqif Sadıqov: “İnter”in futbolçularının simasında əzmkarlıq yox idi”(Müsahibə)

Vaqif Sadıqov: “İnter”in futbolçularının simasında əzmkarlıq yox idi”(Müsahibə)
MÜSAHİBƏ 10 İyul 2009 / 13:40 3315
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun birinci köməkçisi Vaqif Sadıqov “İnter”lə “Simurq”un dünənki uğursuzluğu və milli komandanın üzvlərinin çıxışı ilə bağlı Qol.Az-a müsahibə verib

 

"İnter”in dünənki oyunu və qazandığı nəticə yəqin ki, sizin üçün gözlənilməz oldu?
- Dünənki oyuna çox böyük ümidlə getmişdim. Ən azından komandamızın minimal hesablı qələbə qazanaraq mərhələ keçəcəyinə inanırdım. Heyf ki, alınmadı. Səbəblərə gəlincə, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəblər o idi ki, komanda cəmi 2 həftə idi yiğılmışdı, heyətə yeni futbolçular, baş məşqçi cəlb olunmuşdu, Txadadzenin öz futbol fəlsəfəsini yeni komandasına aşılamaq üçün zamana ehtiyacı var. Avropa Liqası matçı öncəsi isə bunu həyata keçirmək üçün vaxtı çox az idi. Oyuna gəlincə, “İnter” həm ilk hissənin, həm də ikinci hissənin ilk 15 dəqiqəsini fəal oynadı. Lakin sonradan vaxt keçdikcə, yorğunluq hiss olunmağa başladı. Açığını deyim ki, rəqib o qədər də güclü komanda deyildi. Yəni, çox təəssüflənirəm ki komandamız mərhələ keçməyi bacarmadı.
Txadadze oyuna iki hücumçu ilə başlasa da, ilk qoldan dərhal sonra bir hücumçulu taktikaya keçdi.
- Yox, bu düzgün fikir deyil axı. Txadadze də "İnter"in timsalında “Qarabağ”, “Bakı” kimi müasir futbolda son dövrlər ən çox tətbiq olunan 4-2-3-1 sxemi ilə meydançaya çıxmışdı. Yəni, Quqlemon sırf hücumçu idi. Mərkəzdən Zlatinov, cinahlardan Qutyerreslə Cavid Hüseynov ona dəstək verirdilər. Eyni zamanda Çertoqanov və Əliyar İsmayılov da arxadan hücumlara dəstək olmalı idilər.  Bax Txadadzenin dünənki taktikası bu idi. Bu gün “Barselona” kimi komanda bu taktikadan istifadə edir. Amma problem odur ki, orada Messi, Anri, Xavi kimi icraçılar var. Bizim klublarda isə bunu bacaracaq oyunçular yoxdur. Odur ki, tətbiq olunan taktika uğur gətirmir. Bir də bilirsiniz necədir? Adətən qol buraxdıqdan sonra komandada iradə, əzmkarlıq olmalıdır ki, həvəsdən düşməsin və toparlanıb, yenidən özü üçün lazım olan qolu vursun. Amma dünən “İnter”in futbolçularının simasında bu əzmkarlıq yox idi. Ümumiyyətlə, mən belə düşünürəm ki, hər iki klubumuz son məğlubiyyətlərini ciddi araşdırsalar, yaxşı olar. Bu qədər vəsait xərclənir, nəyə görə uğur əldə olunmur? Necə olar bilər ki, "Zimbru"nun gənc futbolçuları ayda cəmi 500 dollar maaş ala-ala mərhələ keçə bilirlər, amma bizim klublarda oynayan futbolçular onlardan qat-qat artıq qazana-qazana bunu bacarmırlar?
Milli komandanın üzvləri necə təsir bağışladılar?
- Hücumda fəallıq göstərdilər, amma müdafiəyə kömək mənasında eyni fəallığı görmədim. Konkret kimisə ayrı-ayrılıqda fərqləndirmək istəmirəm. Odur ki, ümumi fikir bildirməklə kifayətlənəcəm. Əks-hucumlara fəal qoşulan milli üzvləri müdafiə olunarkən kobud səhvlər etdilər.
Oyunun son 15 dəqiqəsində tribunala toplaşan azərbaycanlı futbolsevərlər “Spartak”ı alqışlayıb, onlara azarkeşlik etməyə başladılar. “İnter”in hücumları zamanı isə öz futbolçularımızı fitə basdılar. Buna münasibətiniz?
- Münasibətim pis deyil. Azarkeş həmişə gözəl oyunu alqışlayıb. Əgər, “Spartak” dünən daha gözəl oynadısa və bizim azarkeşlər də onları alqışladılarsa, burada pis bir şey yoxdur. Amma mən çox istərdim ki, həmin gözəl oyunu bizim öz komandalarımız oynasınlar və azarkeşlərimiz də öz futbolçularımızı alqışlasınlar.
“İnter”dən fərqli olaraq, “Simurq”un mərhələ keçməməsi yəqin ki, sizin üçün gözlənilməz olmadı?
- Bilirsiniz, hələ ilk oyundan sonra mən demişdim ki, “Simurq”un işi çətin olacaq. Düzdür, həmin fikirlərimi bir qədər ehtiyatla demişdim. Amma hər şey gözlənilən idi. İsrail klubu o qədər də güclü komanda deyildi. Yəni, keçilməsi mümkün idi. Təəssüf ki, Zaqatala klubu da bunu bacarmadı. Bir də ortaya çıxan o oldu ki, “Simurq” hələ avrokuboklarda oynamağa hazır deyil. Bir məsələni də qeyd etmək istəyirəm ki, Avropa Liqası matçı öncəsi heyətdə bu qədər dəyişiklik etmək doğru deyildi.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord