Georgi Nikolov: “Görüş heç-heçə bitməli idi” (Müsahibə)

MÜSAHİBƏ 3 İyul 2009 / 14:00 3774
-  A +

- Dünənki oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Düzünü deyim ki, Bakıya yeni gəldiyimizdən, hələ tam olaraq özümüzə gəlməmişik. Yol yorğunluğu qalmaqdadır
Qayıdaq dünənə. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Ümumilikdə, pis oynamadıq. Məğlubiyyətə layiq deyildik. Məncə, oyun ən azı heç-heçə bitməli idi. İlk hissəni hardasa nizam-intizamsız oynadıq. Rəqib isə bundan istifadə edib, qapımızdan erkən qollar keçirdi. İkinci hissədə isə əksinə, yaxşı oynadıq. Tam üstünlük bizim tərəfimiz oldu. Nəticədə Qutyerres möhtəşəm qola imza atdı. Hesabı bərabərləşdirə də bilərdik. Kifayət qədər qol imkanlarımız oldu. Təəssüf ki, həmin imkanlardan istifadə edə bilmədik.
Yəqin ki, Qutyerresin qolunun bizə çox xeyri oldu. Hər halda, 0:2-dənsə, 1:2 daha yaxşı nəticədir.
- Əlbəttə. 1:2 səfər qarşılaşmaları üçün pis nəticə sayılmamalıdır. Əsas odur ki, qol vura bildik. Düşünürəm ki, Qutyerresin vurduğu qol iyulun 9-da keçiriləcək təkrar qarşılaşmada bizə çox kömək edəcək.
“Spartak” necə komanda təsiri bağışladı?
- Çox möhkəm komanda idi. Texniki cəhətdən o qədər də yüksək səviyyədə oynadıqlarını deyə bilmərəm. Amma fiziki hazırlıqları əla idi. Çox sürətlə qaçırdılar. “İkinci mərtəbə”də çox yaxşı oynayırdılar. Hündürboy futbolçuları çox idi. Əksəriyyətinin boyu 190 sm-lə 2 m arasında idi.
Təkrar oyundakı şanslarımızı necə qiymətləndirirsiniz?
- İlk oyunda qol vurmağımız yaxşı oldu. Şans təbii ki, var. Sadəcə, öz oyunumuzu oynamalıyıq. Evdə ən azı 2:0 qələbə qazanmalıyıq. Bir preziden kimi öz komandama inanıram. Üstəlik, doğma meydanımızda, doğma azarkeşlərimizin gözü önündə oynayacağıq.
Özünüz də qeyd etdiniz ki, ilk hissədəki qısa zaman kəsiyində 2 top buraxdınız. Sizcə, bunun səbəbi nə oldu?
- Ani diqqətsizlik. Yenə deyirəm, ümumilikdə, rəqibdən üstün oynadıq. Hətta, ikinci hissədə topla oynama faizlə 70-in 30-a bizim xeyrimizə idi. İlk qolda müdafiə xəttimiz səhvə yol verdi. Mənə elə gəlir, həmin epizodda oyundankənar vəziyyət də var idi. Lakin oyunun kassetinə təkrar baxmaq lazımdır. Odur ki, bu haqda konkret fikir bildirmək istəmirəm. Səhv istənilən halda özümüzdə oldu. Uğur qazanmaq istəyirsənsə, ilk dəqiqədən son dəqiqəyə kimi intizamlı oynamalısan.
Slovakiyada sizə qarşı münasibət necə idi?
- Çox gözəl. Orada bizə qarşı münasibət əla idi. Elə buradan sizin sayt vasitəsi ilə slovaklara göstərdikləri yüksək qonaqpərvərlik və diqqətə görə, öz minnətdarlığımı bildirirəm.
Təkrar qarşılaşma Bakıda olacaq. Burada isə havanın hərarəti son vaxtlar müsbət 35 dərəcədən yüksək olur. Məhz bu amil, slovaklarla təkrar oyun öncəsi bizə əlavə üstünlük sayıla bilər?
- Mən belə düşünmürəm ki, Bakıdakı isti hava slovaklara ciddi problem yarada bilər. Onsuz dünən Slovakiyada da havanın hərarəti yüksək idi. Biz ötən il Bakıda “Partizan”ı qəbul edəndə də temperatur yüksək idi. Amma qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Yəni, deməyim odur ki, bu faktorun nəticəyə ciddi təsir edəcəyinə inanmıram.
Dünən keçirilən “Simurq” - “Bney Yehuda” oyununa giriş pulsuz idi. “İnter” - “Spartak” matçında da eyni hala şahid ola bilərik?
- Təbii ki, bizim oyunumuza da giriş pulsuz olacaq. Mən bütün azarkeşləri stadiona dəvət edirəm. Çünki “İnter” Avropada bütün Azərbaycanı, onun adını, futbolunu təmsil edir. Odur ki, burada fərq qoyulmamalıdır. Bütün fanatlardan dəstək gözləyirəm. Fərqi yoxdur, həmin fanatlar “Bakı”nın, “Xəzər-Lənkəran”ın, “Qarabağ”ın, “Neftçi”nin, yaxud, digərlərinin fanatlarıdır. Qoy tribunaları doldursunlar və “İnter”i dəstəkləsinlər. Biz də bütün gücümüzü maksimum ortaya qoyacağıq ki, növbəti mərhələyə keçməklə, onları sevindirək.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı