Ağasəlim Mircavadov: «Karanın dedikləri peşəkar məşqçiyə yaraşmayan sözlərdir»

Ağasəlim Mircavadov: «Karanın dedikləri peşəkar məşqçiyə yaraşmayan sözlərdir»
MÜSAHİBƏ 9 Dekabr 2008 / 14:40 5333
-  A +

Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- 2008-ci ili başa vurmaq ərəfəsindəyik. Bu ili Azərbaycan futbolu üçün necə dəyərləndirərsiniz?
- Əvvəlcə çempionat barədə danışaq.Turnir cədvəlinə baxdıqda hər şeyin qanunauyğun olduğunu görürük. «Simurq»un ilk üçlükdə olması çoxlarına sürpriz kimi görünsə də, mən bunu adi qəbul edirəm. Çünki hələ əvvəlki çempionatdan «Simurq» öz meydanında yaxşı çıxış edirdi. «Simurq» «ev»də cəmi iki heç-heçə edib, qalanlarında qələbə qazanıb ki, bu, yaxşı göstəricidir. Zaqatala klubu rəqib meydanından da xal qazanmağı bacarıb, yalnız bir oyunda «İnter»ə məğlub olub.
«İnter»in birinci yerdə olması təbiidir.
Mən bu mövsüm «Bakı»dan sabit oyun gözləyirdim. Çünki onlarda yaxşı transferlər olmuşdu.
Ümumiyyətlə, hazırkı çempionatı əvvəlkindən fərqləndirən əsas cəhət çoxlu legionerin olmasıdır. Legioner limitinin ləğvindən sonra bəzən heyətdə 9-10 legioner oynayıb. Bu, mənim fikrimcə, doğru bir şey deyil, yığma komandaya təsir edir və edəcək. Yerli oyunçularla legionerlər arasında rəqabət olmalıdır. Bəlkə də yerli futbolçunun səviyyəsi artıqdır, amma məşqçilər üstünlüyü legionerlərə verirlər.
AFFA-nın əvəzedici heyətlər arasında da çempionatı keçirməsini dəstəkləyirəm. Federasiya bütün yaş qrupundan olan yığma komandalara yaxşı şərait yaradıb. Bizdə heç vaxt belə şey olmamışdı. Bunun əvəzində isə gərək milli komanda yaxşı çıxış etsin. Ola bilər ki, hansısa oyunda mübarizə aparmışıq, amma uduzmuşuq. Çoxusu deyir ki, Albaniya və Lixtenşteynlə oyunlarda yaxşı oynamışıq. Mən belə fikirləşmirəm. Milli komandada oyunçuların tez-tez dəyişməsi sabit heyətin formalaşmamasına gətirib çıxarır. Öz klubunda əsas heyətdə çıxış etməyən futbolçular milli komandaya dəvət edilir və oynayır. Onların oyun praktikası az olduğu üçün yığmada zəif çıxış edirlər.
Hesab edirəm ki, bu gün milli komandanın məşqçiləriylə klub məşqçiləri arasında bir sistem yaradılmalı, qarşılıqlı hörmət olmalı, Azərbaycan futbolunun inkişafı naminə hərəkətlər edilməlidir.
- Gəlin, premyer-liqaya qayıdaq. Çempionatın səviyyəsi artıbmı?
- Təkrar edirəm, yalnız legionerlərin sayı çoxalıb. «Simurq», «Bakı»… «Xəzər-Lənkəran» birdən-birə üç yerli və aparıcı oyunçunu - Mahir Şükürov, Elmar Baxşıyev və Zaur Ramazanovu komandadan çıxardı, yerlərinə də legionerlər gətirdi. Amma birinci dövrənin «Simurq»a qarşı keçirilən son oyununda gördük ki, «Xəzər-Lənkəran»da yerli futbolçuların vəhdəti daha çoxdur, nəinki legionerlərin.
Fikrimcə, çempionatın səviyyəsində elə bir artım yoxdur. Ola bilər ki, bir-iki legionerin səviyyəsi yüksəkdir, amma qalanları orta səviyyədədir.
- Azərbaycanda çıxış edən ən yaxşı legionerlər kimlər olub ki, onları bu gün işləyəcəyiniz komandada görmək istərdiniz?
- Adamiya, Subaşiç, Ramim, Avqusto - bunlar çox səviyyəli futbolçulardır.
- Bu il şəxsən sizin üçün müəyyən mənada həm düşərli oldu, həm də uğursuz. İlin başlanğıcında «Xəzər-Lənkəran»la «Birlik kuboku»nu qazandınız, avrokuboklarda isə zəif çıxış etdiniz.
- Hələ «Birlik kuboku»nu qazanandan sonra rəhbərliklə qərara gəldik ki, Avropa kuboklarında uğurlu çıxış etmək üçün komandaya yeni oyunçular lazımdır. Təəssüf ki, istədiyimiz transferlər çox gec alındı. Həm də UEFA-nın yeni qaydalarından gec xəbər tutduğumuzdan təzə oyunçuların adlarını iştirak siyahısına daxil edə bilmədik. Əvvəllər futbolçuların adını matça 1-2 gün qalmış iştirak ərizəsinə sala bilirdik, bu dəfə belə olmadı. Nəticədə yeni gətirdiyimiz dörd futbolçu kənarda qaldı ki, bu da oyunumuza birbaşa təsir edən amillərdən idi.
Ümumiyyətlə, mənim fikrimcə, bizim klubların transfer siyasəti düzgün qurulmayıb. Biz çempionatın başlamasına 1-2 ay qalmış futbolçu axtarırıq. Halbuki bu iş daha əvvəldən, deyək ki, yeni çempionata 5-6 ay qalmış həyata keçirilməlidi. İkinci və ən əsas problemlərdən biri də odur ki, baş məşqçilər işlədikləri komandada qalıb-qalmayacaqlarını bilmirlər. Əgər onların müqaviləsi 3-5 il müddətinə imzalansa, əlbəttə, bu zaman məşqçinin seçim imkanları, düşünmək üçün vaxtı daha çox olar.
Rusiyanın Mərkəzi Ordu İdman Klubunda seleksiya işi yaxşı qurulub. Jounu komandaya transfer etmək üçün bir il onun Braziliyada oyunlarını izlədidər. Bundan sonra onu komandaya transfer etdilər, bir il çempionatda oynadıqdan sonra onu baha qiymətə satdılar. Yəni Qazzayev bilirdi ki, üç il MOİK-də işləyəcək, onu görə də sistemi qurmağı bacardı. Əgər bizdə məşqçilərlə uzunmüddətli müqavilə olsa, bu iş Azərbaycanda da həyata keçirilə bilər.
- Hazırda işsizsiz. Bundan sonra nə etmək fikrindəsiz?
- Sağlıq olsun, görək necə olur. Mənim işim ancaq futbolla bağlıdır. Futboldan uzağa getməyəcəm, başqa işlər mənlik deyil. Bir onu bilirəm ki, Allah hara qismət eləsə, orada vicdanla işləyəcəyəm.
- Yəqin ki, klublardan sizə təkliflər daxil olub.
- Yox, hazırda heç bir yerdən dəvət almamışam.
- Sizdən sonra «Xəzər-Lənkəran»a gətirilən Rasim Kara istefa verəndə birdirdi ki, klubu qəbul edəndə komanda hazır vəziyyətdə deyildi.
- Mən heç vaxt həmkarım haqda pis fikirdə olmamışam və olmayacam. Biz sovet futbol məktəbinin yetirmələri kimi, həmişə çalışmışıq ki, həmkarlarımıza hörmətlə yanaşaq, öz sistemimizi quraq. Eyni qaydada deyə bilərdim ki, mən «Xəzər-Lənkəran»a gələndə o komandanı Pasulkoyla Kara çalışdırırdı, həmin heyətdən 10 oyunçunu çıxardım. Bu o demək deyil ki, komanda pis idi, sadəcə, mən öz sistemimi qururdum. Bu sistem bizə uğur gətirəcəkdi və gətirdi də. Biz çempion olduq, Azərbaycan və «Birlik» kuboklarını aldıq.
Əgər «Xəzər-Lənkəran» həqiqətən də pis vəziyyətdəydisə, nəyə görə, «Karvan»a məğlubiyyətdən sonra komanda keçirdiyi yeddi oyunda qələbə qazandı?! Hesab edirəm ki, bu, peşəkar məşqçiyə yaraşmayan sözlərdir. Peşəkar məşqçi heç vaxt belə fikir işlətməz.
- «Xəzər-Lənkəran»ın hazırkı çıxışıyla bağlı nə deyə bilərsiz?
- Komanda yaranandan Mübariz və Mais Mənsimov qardaşlarının bir məqsədi olub: «Xəzər-Lənkəran» iddialı olsun, çempionluq uğrunda mübarizə aparsın və Avropada gözəl çıxış etsin. Bu, doğru fikirdir və mən bunu həmişə dəstəkləmişəm və dəstəkləyəcəyəm. Lənkəranda futbola böyük həvəs var, komandanın azarkeş ordusuna söz ola bilməz.  Azarkeşlər həmişə komandalarını hucumameylli futbol göstərdiyini görüblər və onlar istəyirlər ki, belə də qalsın.
Bu, futboldur, komanda udar da, uduzar da. Amma gərək komanda sonadək mübarizə aparsın, hucüm etsin. Bu əsasdır. «Xəzər-Lənkəran» həmişə irəlidə olmalıdır. Komandanın yüksəklərdə olmağa haqqı da var. Həm klubun fəxri prezidenti Mübariz müəllimin, həm prezident Mais müəllimin diqqəti və dəstəyilə o bölgədə futbol olub, olacaq da. Mən də azarkeşlərə minnətdarlığımı bildirirəm ki, məni unutmurlar. Az əvvəl də zəng edib bayramımı təbrik etdilər. Onlara bildirdim ki, komanda yenə yaxşı oynayacaq, bir az səbrli olun.
- Son olaraq, milli komanda haqda fikirlərinizi bildirərdiz.
- Mən həmişə gənc futbolçuların tərəfini tutmuşam. Bir şərtlə ki, o, yığmada oynamağa layiq olsun. Yığmaya gənc oyunçular dəvət edilməlidir, komandanın özəyi olmalıdır. Yəni hazır vəziyyətdə olan futbolçu komandaya çağırılmalıdır. Zəif, amma lider futbolçunu yığmaya çağırmaq səhvdir.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın