Fariz Nəcəfov: “Klubumuza ləkə yaxmağa çalışanın gözünü çıxardaram” (Müsahibə)

Fariz Nəcəfov: “Klubumuza ləkə yaxmağa çalışanın gözünü çıxardaram”  (Müsahibə)
MÜSAHİBƏ 24 İyun 2009 / 14:56 6723
-  A +

- “Qəbələ”nin növbəti mövsüm üçün hazırlıq planı təsdiqlənib?
- Bəli. Artıq hər şey məlumdur. Hazırlıq planımızı 3 mərhələyə bölmüşük. İlk mərhələ Qəbələdə olacaq. İkinci mərhələni isə ya Mingəçevirdə, ya da yenidən Qəbələdə keçəcəyik. Hər şey hava şəraiti və meydançaların durumundan asılı olacaq. İyunun 20-dən avqustun 2-ə kimi isə üçüncü mərhələnin hazırlığı çərçivəsində Türkiyənin İzmit şəhərində olacağıq. Komanda “İmpark” otelində məskunlaşacaq və yaxınlıqdakı bazada məşqlərini keçəcək.
- Orada neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırsınız?
- Minimum 5 oyun keçirəcəyik. Amma rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı haqqında indidən bir söz deyə bilmərəm, çünki bu, hələ təsdiqlənməyib.
- Heyətdə hansı dəyişikliklər baş verib?
- Əvvəlki dəyişiklikləri açıqlamışıq. Son dəyişikliklərə gəlincə, Murad Ağakişiyevlə artıq rəsmi müqavilə bağlamışıq. Tornike Aptsiauri isə komandadan ayrılıb.
- Tornike komandanın aparıcı futbolçularından biri idi. Onun gedişinə nə səbəb oldu?
- O çox güclü futbolçu idi və qalsaydı “Qəbələ”yə çox faydalı olacaqdı. Lakin şəxsi problemləri ucbatından yollarımızı ayırmalı olduq. Şəxsi problem deyəndə, burada gizlətməli bir şey də yoxdur. Tornikenin növbəti övladı dünyaya gəldi. Bu mənada bizə bildirdi ki, ailəsindən uzaqda qalmaq istəmir və artıq onların yanında olmaq istəyir. Nəticədə qarşılıqlı razılıq əsasında “Qəbələ”dən ayrıldı. Belə baxanda, müqaviləsi də qurtarmışdı. Sadəcə yeni müqavilə imzalamadıq.
- Heyətə yeni futbolçuların cəlb olunması prosesi necə gedir? Əcnəbi futbolçuları nəzərdə tuturam.
- Bu cür futbolçular var və ayın birində baxışa gələcəklər. Bildiyiniz kimi, komandamızın seleksiyaçı məşqçisi Vidadi Rzayev həm Ukraynada, həm də Pribaltikada olub və komandamız üçün yeni futbolular bəyənib. Qalır onları sınaqdan çıxarıb, ən layiqlilərini komandada saxlamaq.
- Yeri gəlmişkən, Rzayev bizimlə söhbətində demişdi ki, Ukraynada çox yaxşı, perspektivli gənc futbolçular olsa da, onlar Azərbaycanda oynamaq istəmirlər. Bu isə hardasa komanda üçün problem yaradır.
- Yox, Vidadi müəllim o sözü bütün futbolçular haqqında deməyib. Düzdür, həqiqətən də gənc, perspektivli futbolçular buraya gəlməkdə maraqlı deyillər. Hətta oradakından qat-qat çox pul versən belə. Çünki, ilk növbədə karyeralarını fikirləşirlər. Amma elə futbolçular da var ki, onlar üçün pul ilk növbədədir. Biz də məcburuq belə futbolçuların içərisindən yaxşılarını seçək.
- Növbəti mövsümdə komandanın qarşısına hansı hədəf qoyulacaq?
- Sözün açığı, hələ bu dəqiqləşməyib. Çünki növbəti çempionatın reqlamentinin necə olacağının dəqiq bilinmir. Görək, PFL nə qərar qəbul edəcək. Eşitdiyimizə görə, “Karvan”la “Turan” Premyer Liqada oynamaqdan imtina edə bilər. Belə olan halda, 10 komandalı çempionat keçirilə bilər. Əgər “altılıq” sistemi olarsa, ilk növbədə oraya düşməyi hədəfləyəcəyik.
- Artıq avrokuboklarda iştirak edəcək klublarımızın rəqibləri məlum oldu. Sizin də buna münasibətinizi bilmək maraqlı olardı.
- Məncə bütün komandalarımızın növbəti mərhələyə keçmək şansları var. Özü də yüksəkdir.
- Amma “Qarabağ”ın bəxtinə çox çətin komanda düşüb. Bir ağdamlı kimi komandanızın halına acıdınız?
- Həqiqətən də, “Qarabağ”ın bəxti gətirmədi (gülür). Amma bu futboldur. Hər şey ola bilər. Qarabağ adının Avropaya çıxması özü böyük uğurdur. Şəxsən mənim üçün “Qarabağ”ın mərhələ keçib, keçməməsindən daha çox, onun layiqli mübarizə aparması daha önəmlidir.
- İndi də gələk son vaxtlar mətbuatın gündəmini zəbt edən məsələyə. Söhbət “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun futbolçuların transferindən pul mənimsəməsindən gedir.
- Bütün bunlardan mənim də xəbərim var. Hazırda bu işlə məşğul oluruq. Şəxsən özüm tapşırıq vermişəm ki, araşdırsınlar görək nə məsələdir. Bunun üçün komissiya, işçi qrupu da yaratmışıq. Klubumuzun menecrinə də xüsusi tapşırıq vermişəm. Baş məşqçimiz Ramiz Məmmədovun özü ilə də danışmışıq. Bizə də maraqlıdır ki, bu söz-söhbətləri kimlər yayır, məqsədləri nədir? Ramiz müəllimi yaxından tanıyıram və inanıram ki, heç vaxt belə iş görməz. Təbii ki, qüsursuz insan yoxdur. Elə klub da tapılmaz ki, orada hansısa nöqsanlar olmasın. Amma bu məsələ tamam başqadır.
- Deyilənə görə, hər məsələdə olduğu kimi, bunda da Məmmədovu dəstəkləyirsiniz. Bunun səbəbi kimi isə qohumluq əlaqələriniz göstərilir…
- Məni tanıyan tanıyır və hamısı da bilir ki, necə adamam. Həmişə haqq-ədalətin tərəfdarı olmuşam. Heç vaxt qoymaram ki, haqq nahaqı tapdalasın. Əgər yeyintinin olduğu təsdiqlənərsə, doğma qardaşım olsa belə, onu bağışlamaram. Özü də komandaya baş məşqçi mənim istəyimlə təyin olunmur. Klubumuzun prezidenti var və hər şey birbaşa onun nəzarətindədir. İstənilən məsələ Tale müəllimlə (“Qəbələ”nin prezidenti Tale Heydərov - red) dərhal məslətətləşdirilir. Dediyim kimi, işçi qrupu yaradılıb və bu məsələni ciddi araşdırırıq. Sizi əmin edirəm, əgər kiminsə günahı olacaqsa, kimliyindən asılı olmayaraq layiqli cəzasını alacaq. Amma kimsə də, klubumuza ləkə yaxmağa çalışsa, basıb, onun gözünü çıxardaram. Sözü dedin, gərək arxasında durasan. Deyirlər, qoy fakt göstərsinlər, gətirib həmin faktı qoysunlar ortaya. Biz çirkin yollarla getmirik. Məqsədimiz Azərbaycan futbolunun gələcəyidir və bütün fəaliyyətimiz də buna yönəlib. Əsas hədəfimiz “Qəbələ”nin simasında ideal bir klub yaratmaqdır. Görürsünüz ki, infrastrukturu qururuq, futbol akademiyası açırıq. Bir daha sizi əmin edirəm - nə qədər ki, mən “Qəbələ”dəyəm heç vaxt qoymaram ki, kimsə yeyintiyə və yaxud hansısa neqativ hallara yol versin. Bir də ki kimdir bu sözləri deyən? Azər Cabbarov kimiləri. Hansı ki, heç yerdə oynaya bilmir. Niyə oynaya bilmir? Belə boş-boş danışıqların üstündə. 

Daha çox


Son xəbərlər