Kamal Quliyev: “Azərbaycan millisində legionerin oynaması cinayətdir”

Kamal Quliyev: “Azərbaycan millisində legionerin oynaması cinayətdir”
MÜSAHİBƏ 10 İyun 2009 / 19:30 4384
-  A +

Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyevin Qol.Az saytına müsahibəsi

- Kamal, öncə dünənki Azərbaycan - İspaniya oyunu ilə bağlı fikirlərini bilmək istərdik.
- Gözlənilən nəticə idi. Biz ayağımızı yorğanımıza görə uzatmalıyıq. Oynayanda da gərək elə rəqiblə oynayaq ki, bu cür biabırçı hesabla uduzmayaq. İspaniyanın heyəti başdan-ayağa ulduzlardan ibarətdir. Onlar hamısı futbolun professorlarıdır. Avropa çempionunu bura dəvət edib oynayanda belə acınacaqlı məğlubiyyətin qaçılmaz olacaqdı da.
- İndi də Türkiyə və Uels matçlara toxunaq
- Elə mən də əsasən Uelslə oyunla bağlı danışmaq istəyirrəm. Öncə onu deyim ki, matçı 28-ci dəqiqəyə kimi izlədim. 28-ci dəqiqədən sonra baxa bilmədim. Yəni bunu gizlətmək fikrim yoxdur. Baxa bilmədim də, qardaş. Sizi əmin edirəm, Uelsə qarşı komandanı bizim istənilən yerli mütəxəssisimiz çıxarsaydı, ən pis halda nəticə heç-heçə olardı. Sadəcə deməyə sözüm yoxdur. Foqtsu, ümumiyyətlə, başa düşə bilmirəm. Nə onun futbol fəlsəfəsini, nə gördüyü işi, nə qurduğu taktikanı, nə də seçdiyi heyəti... Ne etmək istəyir, bilmirəm.
- Foqts oyun sonrası mətbuat konfransında deyib ki, “indi milli komanda da oynayanlar Azərbaycanın ən güclüləridir. Əgər kənarda qalan varsa mənə göstərin”.
- Kənarda qalanlar var. Düzdür, Azərbaycanda o qədər də çox səviyyəli yerli futbolçu yoxdur. Bu faktı da qəbul edirəm. Amma milli komandaya layiq olub kənarda qalanlar da var axı. Gərək bunu da deyəsən. Mən ad çəkmək istəmirəm. Çünki kimlərinsə adı yadımdan çıxa bilər. Amma elə futbolçular həqiqətən də var. Onları çağırıb, imkanlarından istifadə etmək lazımdır.
- Deməli, Foqtsun oyunçu seçimindən də narazısan?
- Nə deyim vallah? Danışsam, yenə pis başa düşəcəklər. Bilmirəm, bəlkə də, Foqts çox güclü mütəxəssisdir, sadəcə, burada işləyə bilmir. Amma inanın mənə, təkrar edirəm, Uelsə qarşı istənilən yerli məşqçimiz komanda çıxarsaydı, ən pis halda heç-heçə edərdik. Bunu dəfələrlə demişəm. Azərbaycan milli komandasını yerli mütəxəssis çalışdırmalıdır. Qardaş, əcnəbi bizim nəyimizə lazımdır axı? Bizim Avropada futbolçumuz oynayır? Əgər azərbaycanlı futbolçular da İngiltərə, İspaniya, ən pis halda Ukrayna və ya Türkiyədə oynasaydılar, avropalı məşqçiyə də ehtiyacımız olardı. Axı bizim futbolçularımızın hamısı Azərbaycan çempionatında oynayırlar. Heç Azərbaycan premyer-liqası da demirəm, Azərbaycan çempionatı deyirəm. Burada oynayan futbolçuların dilini, oyun tərzini yalnız yalnız yerli mütəxəssis anlaya bilər. Bir misal çəkim. Almaniya çempionatının başa çatmasına 2 tur qalmışdı. Televizorda Almaniya çempionatının oyununu verirdilər. Səhv etmirəmsə, “Energi” ilə “Ayntraxt” oynayırdı. Birdən kamera azarkeşləri göstərdi, gördüm Foqts da oturub onların sırasında, oyuna baxın. Təsəvvür edin, Azərbaycan milli komandasının baş məşqçisi burda bizim çempionatı izləyib milliyə oyunçu seçmək əvəzinə, gedib Almaniyada hansısa yararsız komandaların oyununu izləyir.
- Onun seçimi ilə razı olmadığını dedin. Ad açıqlamasan da, deyə bilərsən daha çox, hansı futbolçulardan narazısan yerli, yoxsa əcnəbi?
- Həm yerli, həm də əcnəbi futbolçular arasında elələri var ki, milli komandaya layiq olmaya-olmaya onun formasını geyinirlər, amma layiqlilər qalıb kənarda. Legionerlər haqda, ümumiyyətlə, heç danışmasan yaxşıdır.
- Belə başa düşdüm ki, sən də Azərbaycan millisində bu qədər legionerin oynamasının əleyhinəsən?
- Qardaş, qurban olum sənə, nəinki bu qədər, Azərbaycan millisində ümumiyyətlə legioner futbolçu oynamamalıdır. Azərbaycan milli komandasında əcnəbi futbolçunun oynaması cinayətdir. Mən bir kəlmə bunu deyirəm, başqa sözüm yoxdur. Türkiyə ilə oyunda xəcalət çəkdim. Bir millət, iki dövlət deyirik. Görün heç onların heyətlərində əcnəbi vardı? Amma bizim millidə braziliyalı çıxır, ukraynalı girir, nə bilim, serbiyalı çıxır, qaradərili girir. Yenə deyirəm, qoy məni düzgün başa düşsünlər. Klubların əcnəbiləşdirdilər bəs eləmədi, indi də milli komandaya keçiblər? İnanın ki, öz yerli oyunçularımız həmin əcnəbilərdən qat-qat yaxşı oynayırlar. Elə Rəşad Sadıqovun, Fərhad Vəliyevin və digərlərinin adlarını çəkə bilərəm. Vallah, onlar əcnəbilərdən min dəfə yaxşı oynayırlar.
- Veteran futbolçu Nazim Əliyev saytımıza verdiyi açıqlamasında Fabio Luis Ramimi kəskin tənqid edib.
- Tək o yox, bütün legionerlərin çıxışını hamı gördü. Milli komandada əcnəbilərin, özü də bu cür əcnəbilərin oynaması bizə təhqirdir.
- Son oyunlarda hiss olunurdu ki, futbolçularımızın ustalıq səviyyələri də çox aşağıdır. Bəlkə bunun da bir səbəbi odur ki, Avropada o səviyyədə oynayan futbolçumuz yoxdur?
- Yox, bilirsiniz, o həyəcandan da ola bilər. O cür komandalarla oynayırlar, tribunalar ağzınacan dolu olur, yəni, bunlar futbolçuların oyununa təsir edə bilər. Bu mənada, adi ötürmələrdə belə səhvlər etməsi haradasa başadüşüləndir. Amma təbii ki, Azərbaycan çempionatında oynamaları da burada müstəsnə “xidmətini” göstərir. Hər halda, Avropada oynasaydılar, bu səhvləri etməzdilər.
- Sizin oynadığınız dövrün millisi ilə indiki millini müqayisə etdikdə hansı fərqlərin olduğunu deyə bilərsən?
- Bu fərqi heç müqayisə etmək olmaz. Fərq dünyalar qədər. Şükür Allaha, arxiv var, millinin bütün oyunları da orada saxlanılır. Foqts Almaniyada lazımsız komandaların oyunlarını izləməkdənsə, gedib bizim dövrdəki millinin oyunlarının kasetlərinə baxsın. Fərqi özü görəcək ki, əvvəllər millimiz necə futbol oynayırdı. Düzdür, ustalığımız, fiziki-texniki hazırlığımız rəqiblərimizdən geri idi. Amma əzmkarlığımız, döyüşkənliyimiz vardı. Meydana çıxıb mübarizə aparırdıq, döyüşürdük. Bizim vaxtımızdakı milli komanda Torresin vaxtındakı millidən də güclü idi, indikindən də.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı