Georgi Nikolov: “Bakı” çempionluğa layiq idi”

MÜSAHİBƏ 3 İyun 2009 / 20:12 3696
-  A +

“İnter”in prezidenti Georgi Nikolovun Qol.Az-a müsahibəsi


- İlk olaraq, geridə qalan mövsüm haqda fikirlərinizi bildirərdiniz.
- Təbii ki, geridə qalan mövsümlə bağlı planlarımız başqa cür idi. Biz iki mükafatdan birini - ya premyer-liqanı, ya da ölkə kubokunu qazanmaq istəyirdik. Amma alınmadı. Belə demək mümkünsə, “gümüş dubl” etdik. Təbii ki, bu bizim üçün ürəkaçan olmadı. Bununla belə, bir neçə dəfə demişəm, indi də deyirəm, mən mövsümü “İnter” üçün uğursuz saymıram. Çünki biz oyunumuzla sübut etdik ki, iki mükafatdan birinə sahib çıxmağa layiq idik. Amma həlledici anlarda bizə nəsə çatmadı. İnanıram ki, növbəti mövsümdə komandamız daha uğurlu çıxış edərək, bir daha yüksək nəticələrə imza atacaq.
- Necə düşünürsünüz, “Bakı” çempionluğa layiq idi?
- Əgər, onlar çempion olublarsa, deməli buna layiq idilər. Onlar yaxşı komanda qurmuşdular, təşkilatçılıqları yüksək səviyyədə idi. “Bakı” qarşısına məqsəd qoymuşdu, son anadək də həmin məqsəd uğrunda yarışdı. Yekunda da istəyinə çatdı.
- “İnter” hər iki cəbhədə uğurlu sonluğa çata bilərdi. Amma hər iki halda “Qarabağ” komandanıza mane oldu. Çempionat oyununda Quzanlıda itirdiyiniz iki xal sizə çempionluq bahasına başa gəldi. Kubokun finalında da məhz Ağdam klubuna uduzdunuz...
- Bu komandaya qarşı oyunlarımız alınmadı. Çempionat oyununda orada elə anlar oldu ki, psixoloji cəhətdən komandaya təsir göstərdi. Oyunun keçirilməyinə az qalmış AFFA, daha doğrusu PFL qərar qəbul etdi ki, matç Quzanlıda keçirilməlidir. Hansı ki, həmin vaxt biz buna hazır deyildik. İstənilən halda, düşünürəm ki, biz orada pis oynamadıq. Qələbə qolunu vurmağa yaxın idik. Amma etiraf edirəm ki, həmin matçada “Qarabağ” da yaxşı oynadı. Biz hətta uduza da bilərdik. Bir sözlə həmin matçda qələbə qazana bilmədik. Bunda “Qarabağ”ın futbolçularının yaxşı oyunun da rolu oldu. Çünki onlar həmin görüşə psixoloji baxımdan çox yaxşı hazırlaşmışdılar, 90 dəqiqə ərzində meydanda vuruşdular. O ki qaldı kubok oyununa, mən hələ də başa düşə bilmirəm ki, komandamız həmin matçda necə oldu ki, “boşaldı” və meydanda özünü itirdi? Bunun da heç bir izahı yoxdur.
- Komandanızın baş məşqçisi Valentin Xodukinin cari mövsümdəki işindən razı qaldınız?
- Xodukin imkan daxilində olan hər bir şeyi etdi. Təbii ki, bəzi narazılıqların da olması mümkündür. Bəlkə də bəzi epizodlarda, çox vacib, həlledici anlarda o daha qətiyyətli, daha özünəinamlı, daha aqressiv olmalıydı. Bu şəkildə o öz yetirmələrinə təsir göstərib, bəzi qələbə qazana bilmədiyimiz oyunları uda bilərdi. Amma onu da nəzərə almaq lazımdır ki, burada işlədiyi 3 il ərzində Xodukin “İnter” kimi gənc bir komandanı ölkənin ən güclü klublarından birinə çevirib. Prinsipcə belə demək olar, mən onun işindən yarıbayrı razı qaldım.
- Ölkə mətbuatında Xodukinin avrokuboklardan sonra postu ilə vidalaşacağı barədə məlumatlar yer alıb...
- Bilirsiniz, heç bir məşqçinin işində ona tam təminat verilmir ki, hansısa müddət ərzində o postunu tərk etməyəcək. Biz hesab edirik ki, mövsüm hələ yekunlaşmayıb, qarşıda bizi ciddi sınaq - Avroliqa gözləyir. Buna görə də düşünürəm ki, məşqçimizin taleyi komandanın Avroliqadakı çıxışından, onun “İnter”i qarşıdakı yarışa necə hazırlamasından asılı olacaq.
- Sözünüzdən belə başa düşdüm ki, komanda Avroliqada uğursuzluğa düçar olacağı halda, ukraynalı məşqçi ilə yollarınız ayıra bilərsiniz?
- Hər bir şey mümkündür. Amma hələ ki onunla vidalaşmaq barədə düşünmürük.
- Avroliqa öncəsi komandada hansı dəyişikliklər olacaq?
- Bu gün baş məşqçimizin əsas işi də elə budur. Hazırda o çoxlu sayda futbolçunun iştirakı ilə keçirilən oyunların disklərinə baxır. Menecerlər də bizə kifayət qədər futbolçu təklif edirlər. Amma biz onların arasında ən yaxşılarını seçməyə çalışırıq. Bununla belə, son sözü Xodukinin ixtiyarına vermişik. O istədiyi, hansıları ki, lazım biləcək, həmin futbolçuları komandaya cəlb etsin. Mən sadəcə olaraq, ona məsləhət görmüşəm ki, mümkün qədər “daxili bazar”a daha çox diqqət yetirsin. Legionerlərdən isə yalnız ən güclülərinə, artıq özlərini sübut etmiş, zəngin karyeraya malik oyunçulara üstünlük versin. Çünki bu cür daha davam edə bilməz. Biz əsas üstünlüyü əcnəbilərə verə bilmərik.
- Çoxları “İnter”i əcnəbi komanda hesab edir. Komandanı daha çox legionerlərə güvənməkdə, yerli futbolçulara şans verməməkdə günahlandırıb, buna görə də ciddi şəkildə tənqid edirlər.
- Bəlkə də siz haqlısınız. Amma o da var ki, bizim legioner seçimimiz nadir hallarda özünü doğrultmayıb. “İnter”də çıxış edən legionerlərin əksəriyyəti özünü təsdiq etmiş futbolçulardır. İlk növbədə Quqlemonun, Zlatinovun, Rubinsin, Assiolinin, Vilsonun adını çəkə bilərəm. Hansılar ki, mövsüm boyu gözəl çıxış edərək, öz güclərini nümayiş etdirdilər. Düzdür, bəzən yalnış transferlərimiz də oldu. Amma gəlin etiraf edək ki, futbolçu seçməyin özü də bir riskdir. Bəlkə də hansısa futbolçu güclü, səviyyəlidir. Amma burada o özünü göstərə bilmir. Sizi əmin edə bilərəm ki, biz transfer siyasətimizi bu mövsümdən etibarən bir qədər dəyişəcəyik.
- “İnter”in şərəfini qoruyan Elvin Məmmədov, Cavid Hüseynov kimi gənc futbolçular komandanızda əsas heyətə düşmürlər. Bu da onların milli komandadakı çıxışlarına təsir göstərir.
- Mən sizinlə yalnız 50 faiz razıyam. Çünki Cavidə Xodukin çempionatın sonu yaxın, özü də çox vacib matçlarda şans vermişdi. O ki qaldı Elvinə mənim ona qarşı bəzi iradlarım var. Eləcə də baş məqşçimizin. Xodukinlə bu haqda danışmışam, o da deyir ki, Elvin məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmir. Hazırlıq prosesində lazımı şəkildə çalışmayan oyunçu təbii ki, meydana start heyətində çıxa bilməz. Bununla belə, hesab edirəm ki, əgər onlar komandamızda qalsalar, növbəti mövsümdə aparıcı futbolçular olacaqlar.
- Bəs Xaqani Məmmədov? 1 il əvvəl Xaqani “İnter”in əsas heyət üzvü idi və həmçinin ölkə çempionatının bombardiri oldu. Amma son mövsümdə yalnız nadir hallarda meydana çıxdığından, milli komandaya da daha cəlb olunmur.
- Mən dərhal sizə deyim də, onun məsələsi necədir. Dəqiq xatırlamıram, Çempiona Liqası öncəsi idi, ya elə Çempionlar Liqasının gedişində, Xaqani zədə almışdı. Bu da onun formadan düşməsinə səbəb oldu. Məhz bu zədə ucbatından Xaqani mövsümə çox uğursuz başladı. Özünüz də qeyd etdiniz ki, bizim komandada kifayət qədər yüksək səviyyəli futbolçular var, rəqabət güclüdür. Məhz bunun da nəticəsində yavaş-yavaş Xaqani ehtiyatda qalmağa başladı. Lakin sona yaxın bəzi mühüm qarşılaşmalarda baş məşqçi ona şans verdi və Xaqani də özünü yalnız ən yaxşı tərəfdən göstərdi.
- Qarşıdan Avroliqa oyunları gəlir. Bu turnirdə komandanın qarşısına hansı vəzifə qoyulacaq?
- Bir həftə əvvəl komanda üzvləri - baş məşqçi, köməkçilər, idman direktoru ilə iclasımız oldu. Orada qərara alındı ki, komandanın qarşısına avrokuboklarda iki mərhələ keçmək tapşırığı qoyuldu. Amma özüm-özümə də hesab verərkən, düşünürəm ki, bu heç də asan olmayacaq. Deyərdim qazanacağımız nəticə daha çox püşkün bizə kimi rəqib seçməsindən asılı olacaq. Çünki elə ilk mərhələdə güclü rəqiblə qarşılaşası olsaq, bu zaman vəzifənin öhdəsindən gəlmək heç də asan olmayacaq. Amma təbii ki, irəliyə doğru daha bir adıım atmağa çalışacağıq.
- Komandanızın Avroliqadakı potensial rəqiblərinin demək olar ki, əksəri bəllidir. Hansı komandalarla qarşılaşmaq istəməzdiniz?
- Təbii ki, hər şey püşkatmadan asılı olacaq. Amma mən misalçun Norveçin “Rosenborq”, İsveçin “Kalmar”, Finlandiya təmsilçisi, eləcə də Britaniya klubları ilə qarşılaşmaq istəməzdim.
- Bəs kimlərlə qarşılaşmaq istərdiniz?
- Balkan komandalarından biri ilə qarşılaşsaydıq, yaxşı olardı. Hansıları ki, mən yaxşı tanıyıram. Eləcə də qonşularımızla - Gürcüstan klubu ilə də qarşılaşmaq pis olmazdı. Bu halda həm də daha az səyahət etməli olacağıq.
- Necə düşünürsünüz, avrokuboklarda çıxış edəcək digər təmsilçilərimizdən, sizcə hansı daha yaxşı nəticə göstərə bilər?
- Başqa klublar haqda danışmaq mənim üçün bir qədər çətindir. Ümumi götürdükdə deyə bilərəm ki, bizim kimi digər klublarımızın da Avrokuboklarda işi heç də asan olmayacaq. Amma mən belə hesab edirəm ki, “Simurq” sürprizə imza atacaq. Onlar uğurlu çıxışları ilə hamını sözün yaxşı mənasında təəccübləndirəcəklər. Digər iki klub haqda dəqiq bir söz deyə bilmərəm. “Bakı” və “Qarabağ” öz çıxışlarına ikinci mərhələdən başlayacaqlar ki, bu da bir tərəfdən yaxşıdır. Çünki artıq onlar birinci mərhələni avtomotik keçmiş hesab olunurlar. Amma digər tərəfdən də bu elə də yaxşı deyil. Çünki artıq ikinci mərhələdə çox güclü klublarla qarşılaşmalı olacaqlar.           
- “İnter” bu mövsüm də Avrokuboklarda ev oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək?
- Çox təəssüf ki, bu il də lisenziya ala bilmədik. Artıq iki ildir ki, nə qədər çalışsaq da, bu məsələni yoluna qoymaq mümkün olmayıb. Buna görə də yenə ev oyunlarımızı respublika stadionunda keçirəcəyik.
- Lisenziya ala bilməməyinizin səbəbi nədir?
- Bu bir qədəq dolaşıq məsələdir. Bir tərəfdən maliyyə problemləri - hansı ki, bunun üçün məyyən olunmuş böyük bir məbləğ ödəmək lazımdır, digər tərəfdən də stadionun inşası ilə məşqul olan adamların təşkilatı işlərdə buraxdığı nöqsanlar buna səbəb olub. Stadionumuza lisenziya verməli olan laboratoriya əvvəlcə çox məşqul idi, hardasa ay yarım əvvəl isə həmin laboratoriyanın fəaliyyəti donduruldu. FİFA həmin laboratoriyanın öz lisenziyasını əlindən aldı. Hazırda beynəlxalq futbol qurumu yeni laboratoriyasını müəyyənləşdirmədiyindən, biz də bu problem qarşısında aciz qalmışıq. Amma mən FİFA-da bu işlə məşqul olan şəxslərlə demək olar ki, hər həftə danışıq aparıram.
- Bu günlərdə “İnter” aşağı yaş qrupu üzrə komandası Fransada təşkil olunan beynəlxalq tunirin qalibi oldu. Klub prezidenti kimi bu münasibətlə sizi də təbrik edirik. Bu barədə də fikirlərinizi bilmək istərdik.
- Təbrikə görə çox sağ olun. Mən hesab edirəm ki, bu təkcə “İnter”in deyil, həm də Azərbaycan futbolunun qələbəsidir. Çünki Azərbaycan klubu heç də hər gün  beynəlxalq turnirin qalib olmur. Qələbəyə görə təbii ki, çox sevinirəm. Bildiyiniz kimi, artıq ikinci ildir ki, həmin yarışda iştirak edir komandamız. Uşaqlar ötən il üçüncü yeri tutmuşdular, bu ilə isə birinci oldular. Hesab edirəm ki, bu nəticə bir daha “İnter”in uşaq futbolu məktəbinin səviyyəsini göstərdi. Nəticəni heç də sürpriz hesab etmirəm. Qələbədə yeniyetmə futbolçuların, eləcə də onların məşqçilərinin böyük rolu oldu. Bir daha deyirəm ki, bu təkcə bizim yox, eləcə də Azərbaycanın qələbisidir. Ən əsas da odur ki, bu gün Fransada artıq insanlar Azərbaycan futbolu haqda danışır.
- Milli komandamızın dünən Türkiyəyə qarşı keçirdiyi oyunu izləyə bildiniz?
- Çox təəssüf ki, qarşılaşmanı izləyə bilmədim. Amma bu gün internet vasitəsiylə oyun haqda ətraflı məlumat toplaya bildim. Hesab edirəm ki, bu nəticə qanunauyğundur. Nəzərə almaq lazımdır ki, bu yoldaşlıq oyunu idi. Burada məşqçi daha çox futbolçuları, xətlərarası əlaqəni və s. öynənirdi. Digər tərəfdən də unutmayaq ki, rəqib də çox güclü idi. Türkiyə millisi hazırda qitənin aparıcı komandalarından biridir. Sözün açığı, bu oyunda millinizdən məğlubiyyətdən başqa bir nəticə gözləmirdim.
- Bəs, qarşıdakı Uelslə görüş haqda nə düşünürsünüz? Sizcə, futbolçularımız cari seçmə tsikldə axır ki, qələbə qazana biləcəklər?
- Mən hesab edirəm ki, Azərbaycan millisi qarşıdakı görüşdə heç-heçə oynasa, bu heç də pis nəticə olmayacaq. Kardifdə keçirilən ilk oyunda Azərbaycan milli komandası pis oynamamışdı. Bununla belə, nəzərə almaq lazımdır ki, rəqib Britaniya təmsilçisidir. 
- Sonda azarkeşlərə hansısa sözünüz var?
- Mən azərbaycanlı azarkeşlərə daha çox qələbə sevinci yaşamağı arzu edirəm. Uelslə oyunda hətta mənim gümanım düzgün çıxmasa və Azərbaycan rəqibini məğlub edə bilsə, buna çox sevinəcəyəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı