Samir Əliyev: “İnter”in heyətində 30 legioner vardı. Axırı nə oldu?”

Samir Əliyev: “İnter”in heyətində 30 legioner vardı. Axırı nə oldu?”
MÜSAHİBƏ 1 İyun 2009 / 18:56 3860
-  A +

“Neftçi”nin hücumçusu Samir Əliyev Qol.Az saytına müsahibə verib.


- Artıq çempionat müəyyən müddətdir başa çatıb. Fikirləşməyə, təhlil etməyə daha çox vaxtınız olub. Səncə, “Neftçi”nin bu mövsüm uğursuz çıxışının səbəbi nə oldu?
- Əsas səbəb Gede idi. Başqa elə bir səbəb göstərə bilmirəm. Gələn kimi, komandanı dağıtdı. 4-5 aparıcı futbolçunu klubdan kənarlaşdırdı, bəzilərini əvəzedici komandaya göndərdi. Uzun illər formalaşmış bir kollektivi bu cür dağıtmaq olmazdı axı. Nəticəsi də gördüyünüz kimi oldu.
- Sənə elə gəlmir ki, Demyanenko qalsaydı, hər şey daha fərqli olardı?
- Mən də elə düşünürəm. Çünki, Demyanenko gedəndə hələ heç nə itirilməmişdi. 3 oyuna 3 xal yığmışdıq, çempionat yenicə başlamışdı. Mənə elə gəlir ki, ukraynalı ilə birlikdə çempion olmasaq da, kuboku götürə bilərdik.
- Nədənsə hamı Gedeni günahlandırır. Yəni, xal itirdiyiniz oyunlarda az da olsa, futbolçuların günahı yox idi?
- Futbolçunun nə günahı ola bilər axı? Biz məşqçinin verdiyi tapşırığı yerinə yetirirdik. Gedenin taktikası belə idi ki, qoymurdu arxada top saxlamağa. Deyirdi vurun qabağa. Bu isə “Neftçi”nin futbol fəlsəfəsinə uyğun gəlmirdi. Təsəvvür edin, o, Adamiya kimi futbolçunu göndərmişdi əvəzedici komandaya. Bilirsiniz, bu cür hərəkətlər digər futbolçulara da mənfi təsir edirdi.
- Sən özün də artıq əvvəlki kimi çıxış edə bilmirsən...
- Zədələr mənə mane oldu. Birini sağaldıb təzə-təzə oynamağa başlayırdım ki, yenidən zədələnib sıradan çıxırdım. Amma burada öz günahımı, daha doğrusu səhlənkarlığımı da etiraf etməliyəm. Bəzən elə olurdu ki, zədəmi tam sağaltmamış, yenidən meydana qayıdırdım. Yəni, bir qədər də səbr edib zədənin tam sağalmasını gözləyə bilərdim. Lakin oynamaq istəyi güc gəlirdi.
- Əvvəllər axı bu qədər zədə almırdın. Bəlkə yaşla bağlıdır?
- Mənim nə yaşım var ki? Hələ 30 yaşındayam.
- Amma bir şey də var ki, 17-18 yaşında xəsarət alan futbolçunun həmin zədəsini sağaltması üçün 2 həftə lazım olursa, 25-26 yaşlı futbolçu üçün 1 ay tələb olunur.
- Yox, bu fikri tam olaraq qəbul eləmirəm. Mən Rusiyada oynayanda “Lokomotiv”də 18 yaşında futbolçu var idi, zədə aldı, iki il özünə gələ bilmədi. Amma futbolçu var ki, 35 yaşında zədə alır, tezliklə bərpa olunub qayıdır futbola. 
- Artıq çəki ilə bağlı da problemin var.
- Bunu qısa zamanda həll edəcəyimə inanıram. Hələ Ukraynada oynadığım dövrdə zədələnib Bakıya qayıdırdım və burada olduğum müddətdə 7-8 kq artıq çəki alırdım. Lakin Ukraynaya qayıtdıqdan sonra qısa müddətdə həmin çəkini atırdım. İyulun 1-də “Neftçi”nin təlim-məşq toplanışı başlayır. Məncə həmin toplanış çəkimi atmaq üçün kifayət edəcək. Çünki, özüm də boynuma alıram ki, geridə qalan mövsüm “Neftçi” üçün heç nə edə bilmədim. Odur ki, tezliklə əvvəlki formamı bərpa edib, komandaya xeyir verməliyəm.
- Geridə qalan mövsümü də dəyərləndirərdin. Çempionat necə keçdi?
- Gəl, heç çempionat haqqında danışmayaq. Çünki danışılası bir şey yoxdur.
- Niyə?
- Yeni heç bir şey görmədim. Nə mübarizə var idi, nə də intriqa. Yeganə sevindiyim məqam “Qarabağ”ın kuboku qazanması oldu. Çünki orada əksəriyyət yerli futbolçular idi. 2-3 əcnəbi futbolçu var idi. Amma sübut etdilər ki, yerli futbolçular heç də əcnəbilərdən geri qalmırlar. “İnter”in heyətində 30 legioner vardı. Amma axırı nə oldu? Ağdam klubu yerli futbolçuların hesabına onları məğlub edib, kuboka sahib çıxdı. “Qarabağ”ın kuboku qazanmasına həm də ona görə sevindim ki, orada Qarabağ adı var və bu adla bizi Avropada təmsil edəcəklər.
- Belə başa düşdüm ki, legionerlərin çoxluğunun əleyhinəsən?
- Əlehinə deyəndə, səviyyəli futbolçunun heç kim əlehinə deyil. Məsələn “Xəzər-Lənkəran”dan İvan Svetkov, Ahmet Dursun, eləcə də öz komandamızdan Nyaqa, Aliutanın adlarını çəkə bilərəm. Amma digər əcnəbilərin çoxu elə bizim kimi oynayır. Ən dəhşəti odur ki, gənc nəsil yetişmir. Axı kimə baxıb öyrənsinlər? Yerli futbolçular yavaş-yavaş karyeralarını başa vururlar. Əcnəbilərdən də öyrənməli bir şey yoxdur.
- Konkret olaraq limitin neçə olmasının tərəfdarısan?
- Heç olmasa hər komandanın heyətində 5-6 azərbaycanlı futbolçu oynamalıdır. Bir tərəfdən də baxanda heç o qədər səviyyəli yerli futbolçu da yoxdur.
- Son mövsümü əvvəlki illərlə müqayisə etdikdə inkişaf olmadığını dedin. Səncə, ən güclü mövsüm hansı idi?
- 2004-05 mövsümü. Hansı ki, “Neftçi” qızıl oyunda “Xəzər-Lənkəran”ı məğlub edib, çempion olmuşdu. Həmin çempionat ən güclü idi. O vaxt çempionluq uğurunda 7-8 komanda mübarizə aparırdı. “Karvan”, “MKT-Araz”, “Turan”, “Qarabağ”, “İnter”, “Neftçi”, “Bakı”, “Xəzər-Lənkəran” kimi eyni güclü komandalar var idi.
- “Bakı”nın çempionluğunu necə qəbul edirsən?
- Bu mövsüm qızıl medallar uğurunda 3 əsas iddiaçı var idi. “Bakı”, “Xəzər-Lənkəran” və “İnter”. “Bakı” digər iki komandadan fərqli bir şey göstərmədi. Nə də onlardan ikibaş üstün idi. Sadəcə rəqiblərinin xal itkilərindən lazımınca faydalanıb, qızıl medalları təmin etdi. Amma bir məsələ də var ki, əgər çempion olublarsa, demək layiqdirlər.
- Sabiq klubların - “Xəzər-Lənkəran”la “İnter”in çıxışlarını necə dəyərləndirərdin?
- Ən çox “Xəzər-Lənkəran”a görə heyfsləndim. O qədər sərmayə qoyuldu, transferlər edildi, amma komanda avrokuboklara gedə bilmədi. Amma neyləmək olar? Bu futboldur. “Nyukasl” kimi komanda birinci diviziona düşdü. Daha çox mənə təsir edən bilirsiniz nə oldu? İvan Svetkov, Ahmet Dursun kimi futbolçular qala-qala Avropa Liqasında ayaq üstə dura bilməyən futbolçular oynayacaq.
- Keçmiş komanda yoldaşın Rəşad Sadıqovun çıxışı haqda da fikirlərini bilmək piz olmazdı.
- Rəşad gərək indi yox, hələ 21-22 yaşı olarkən Azərbaycandan gedərdi. Çünki, çox istedadlı futbolçudur. Düzdür, yenə də gec deyil. Amma 21-22 yaşında getsəydi, daha yaxşı olardı. Bir dəfə getmişdi “Kayserispor”a. Amma sonradan nə baş verdi bilmədim, qayıtdı. İndi gərək daha da irəli gedə. Şəxsən mən elə düşünürəm ki, Rəşadın səviyyəsi “Kocaelispor”dan yuxarıdır və o, daha güclü komandalarda oynamalıdır.
- Legioner həyatı yaşamaq bizim futbolçuların yaralı yeridir. Məsələn, hamı pulu düşünür. Futbolu düşünən, çətinliyə qatlaşan, əziyyət çəkib ölkədən kənara çıxan, karyerasını fikirləşən yoxdur.
- Razıyam. Bizim futbolçularda xarakter yoxdur. Futbolçu üçün də əsas olan xarakterdir. Yadımdadır, mən Ukraynada oynayanda “Rubin”in baş məşqçisi Kurban Berdiyev gəlmişdi və ona məni məsləhət görəndə imtina eləmişdi. Demişdi ki, “azərbaycanlı futbolçuların xarakteri çox zəifdir”.
- O zaman bizimkilərin niyə Rusiya Premyer Liqasında oynaya bilməmələri məlum oldu. Görünür, orada artıq bizim futbolçular haqqında bu cür düşüncə formalaşıb.
- Görünür elədir. Şəxsən mən hazırda elə bir futbolçumuzu görmürəm ki, onda istək olsun gedib xaricdə oynasın.
- Maraqlıdır ki, eyni sözləri sənin haqqında da deyirlər. Hamı indi də bu cür fikirləşir ki, Samir o vaxt pula üstün tutub Rusiyada qalmadı və “Xəzər-Lənkəran”a gəldi.
- Yox, mən pula görə gəlmədim. O vaxt nə pul alırdım ki, burda? “Uralan”da “Xəzər-Lənkəran”dan 3 dəfə çox pul alırdım. Sadəcə həmin komanda dağıldı. Düzdür, başqa təkliflər var idi. Həmin təklifləri dəyərləndirib Rusiyada qala bilərdim. Amma mən “Xəzər-Lənkəran”a gəldim və bu gün də buna görə peşmançılıq çəkirəm. Gərək həmin vaxt Azərbaycana qayıtmayaydım. Bu mənim ən böyük səhvim idi.
- Bir qədər də milli komandamız haqqında danışaq. Sabah Türkiyə ilə qarşılaşırıq. Bu oyundan nə gözləyirsən?
- Düzü mən bilmirəm rəqib bizə qarşı tam heyətlə oynayır yoxsa yox.
- Demək olar tam heyətlə oynayacaqlar.
- Yenə də nəsə demək çətindir. Bəlkə “qardaş, qardaş” deyib tam güclərini qoymayacaqlar ki, görüş heç-heçə bitsin. Hər halda, bizim üçün əsas olan Uelslə oyuna hazırlaşmaqdır.
- Bəs, Uelsi necə, məğlub edə biləcəyik?
- Çətin olacaq. Amma inanmaq istərdim ki, belə də olacaq.
- Foqtsun gəlişindən sonra milli komandada inkişaf görürsən?
- Foqtsla bağlı yalnız onu deyə bilərəm ki, millidə legioner futbolçunun oynamasına qarşıyam. Yenə güclü futbolçular olsalar, deyərəm hə.
- Amma Foqts da buna qarşı öz arqumentini ortaya qoyur ki, “Kimi çağırım? Hansı komandaya baxırsan legioner oynayır”.
- Bu mənada Foqtsa da haqq qazandırıram. Həqiqətən də, çempionatda o qədər əcnəbi oynayır ki, milli komandanın baş məşqçisinin seçim imkanı sıfıra bərabər olur.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı