Şakir Qəribov: “Lippert işini düzgün qura bilmir»

Şakir Qəribov: “Lippert işini düzgün qura bilmir»
MÜSAHİBƏ 27 May 2009 / 16:03 3716
-  A +

Olimpiya milli komandamızın sabiq baş məşqçisi Şakir Qəribovun Qol.Az-a müsahibəsi

- Şakir müəllim, öncə U-21-in özbəklərlə son oyununa münasibətinizi bilmək istərdik.
- Bu, bir yoldaşlıq görüşü idi. Baş məşqçi ilk növbədə taktiki sxemləri sınaqdan çıxardır, futbolçuları müxtəlif mövqelərdə yoxlayır. Əsas olan qarşıdakı seçmə mərhələ oyunlarına hazırlıqdır. Amma bir məsələ də var ki, yoldaşlıq görüşlərinə də dırnaqarası baxmaq olmaz və həmin oyunların nəticələri də əsas götürülməlidir. Komandanın gələcək oyunlarda uğur qazanması yoldaşlıq görüşlərinin nəticələrindən çox asılıdır. Üstəlik, evdə oynayırdıq. Mən bildiyimə görə, Lənkəranda komandamızı yetərincə azarkeş dəstəkləyib. Özü də son dəqiqəyə kimi. O qədər insan oraya nəyə görə gəlmişdi? Gözəl futbol izləmək, komandamızın oyunundan zövq almaq üçün. O qədər dəstəyin qabağında U-21 qələbə qazanmağa borclu idi. Özbəkistan bizdən güclü komanda deyil, axı. Özü də bizdən fərqli olaraq, onlarda U-21 yox, U-20-dir.
- Artıq 1 ildən artıqdır almaniyalı Lippert komandaya rəhbərlik edir. Özü də vəzifəni sizdən təhvil alıb. Amma aradan keçən müddətdə heç bir irəliləyişə nail ola bilməyib. Bunun səbəbi nədədir?
- Məni o vaxt U-21-ə AFFA-nın keçmiş rəhbərliyi dəvət etmişdi. 2006-cı ildə İrlandiyaya məğlub olaraq mübarizəni dayandırdıqdan sonra Nazim Əliyev postundan ayrıldı və 10 ay komanda fəaliyyət göstərmədi. Nəhayət, o vaxtkı AFFA prezidenti, rəhmətlik Ramiz Mirzəyevlə baş katib Fuad Əsədov məni çağıraraq dedilər ki, bəs, vəziyyət çox pisdir gəl komandanı yenidən yığ. Mən də qorxmadım, məsuliyyəti üzərimə götürdüm. 1986-87-ci il təvəllüdlü futbolçulardan ibarət komanda yaratdım. Həmin vaxt o futbolçular öz yaşlarında ölkənin ən güclüləri idilər. Yadımdadır, Bakıda Yunanıstana 0:2 hesabı ilə məğlub olduğumuz oyundan sonra jurnalistlər soruşdular ki, “niyə uduzduq?” Mən də dözməyib demişdim ki, “axı Şakirdən nə istəyirsiniz? Olanımız budur da, bundan artığını bacarmır, bizim uşaqlar”. Təsəvvür edin,  Yunanıstanın 6 futbolçusu ölkə xaricində legioner həyatı yaşayırdı. Bundan sonra heyəti tam dəyişdim və 1988-89-cu il təvəllüdlü futbolçuları U-21-ə cəlb etdim. Hansı ki, bu gün həmin uşaqlar komandanın əsasını təşkil edirlər və əsas milliyə namizəddirlər. O, vaxt mən nüfuzuma zərbə altına qoymaq naminə olsa da, buna getdim. Həmin uşaqlar İtaliya, Xorvatiya kimi komandalara qarşı oynayıb təcrübə yığdılar. Yadımdadır, mətbuat demişdi ki “Şakir İtaliyaya 0:5 hesabı ilə uduzdu”. Amma aradakı fərqi heç kim görmək istəmirdi. Bir daha təkrar edirəm, həmin vaxt mənim komandaya cəlb etdiyim futbolçular hazırkı komandanın əsasını təşkil edirlər.
Gələk sualınıza. Bilirsiniz, bizim bədbətxçiliyimiz nədir? Yerli mütəxəssis 1-2 oyun uduzan kimi deyirlər, işləyə bilmir, istefaya getməlidir. Amma elə ki, əcnəbi gəldi, deyirlər, vaxt vermək lazımdır. O vaxtı yerli məşqçiyə niyə vermirlər? Əcnəbi məşqçiyə olan bu qədər inamın səbəbi nədir? Halbuki heç bilmirik kimdir, nəçidir.
- Lippertə hər cür şərait yaradılıb. Sizin vaxtınızda çətin ki, belə şərait olaydı…
- Siz nə danışırsınız? Bizim vaxtımızda şərait nə gəzirdi? İldə bir turnirə gedirdik, ya, yox. Daha bunları deməyə ehtiyac da yoxdur. Hər kəs gözəl bilir ki, nə vəziyyətdə oyunlara hazırlaşırdıq. Amma indi baxın. AFFA, konkret Rövnəq Abdullayev bütün yaş qrupundan olan milli komandalar üçün hər cür şərait yaradıb. U-21 bir təlim-məşq toplanışını başa vurub qayıdıb. İndi hazırlaşırlar Türkiyəyə getməyə. Oradan da İngiltərəyə yola düşəcəklər. Biz bunları təsəvvür belə etməzdik.
- Elə isə niyə nəticə yoxdur?
- Çünki baş məşqçi işini düzgün qura bilmir. Heç futbolçuları da mövqeləri üzrə düz oynatmır. Yarımmüdafiəçini müdafiədə, müdafiəçini yarımmüdafiədə, nə bilim, orta xətt oyunçusunu hücumda oynadır. Halbuki təkrar edirəm, ona nəticə vermək üçün hər cür şərait yaradılıb. Lippertin bəhanə üçün zərrə qədər də əsası yoxdur. Lakin alman məşqçi bütün bunların qarşılığında nəticə verə bilmir. Niyə irəliləyiş yoxdur, bu, mənə də təəccüblü qalıb.
- Avropada U-21-in üzvlərinin əksəriyyəti birinci divizionda aparıcı klubların öndə gedən futbolçuları qismində meydana çıxırlar. Bəlkə bizdə aşağı liqanın yox səviyyəsində olması da uğursuz çıxışın əsas səbəblərindəndir? Çünki elita klublarında çox az sayda futbolçu oynamaq şansı qazanır.
- Mənim vaxtımda heç o da yox idi. İndi heç olmasa, Elvin Məmmədov, Tural Nərimanov,  Maksim Medvedyev, Rauf Əliyev, Cavid İmamverdiyev, Eşqin Quliyev mütəmmadi öz klubunda oynayır. Adlarını çəkdiyim futbolçuların hamısını mən gətirmişdim milli komandaya. Bünövrəni mən qoymuşam. Təsəvvür edin, klublar gəlib millinin düşərgəsindən futbolçu götürürdü. Halbuki əksinə olmalı idi. Amma mənin seçim imkanım yox idi. Gedib küçələrdən uşaq yığırdım. Nizami Haciyevi küçədən tutub gətirmişdim komandaya. Heç kimin tanımadığı uşaqları tapıb futbola gətirirdim. Bəxtiyar Soltanov ortaya çıxardıq, parladı. İndi daha çox irəli getməli idi. Mən istəyirəm klubunda ona daha çox şans versinlər.
- Mətbuat və azarkeşlər Özbəkistanla son oyundan sonra çox narazı qalıblar. Sizə elə gəlmir ki, Lippert artıq istefaya getməlidir?
- Mətbuatın və azarkeşlərin narazılığı haqlıdır və onları başa düşmək lazımdır. Düzdür, Lippert mənim həmkarımdım. Onun haqqında nəsə demək düzgün çıxmaz. Amma bir daha təkrar edirəm, U-21-in baş məşqçisi işini düzgün qura bilmir. Onun tutduğu istiqamət düzgün deyil. Buna görə də, yaradılan o cür şəraitin qarşılığında nəticə verə bilmir. Əcnəbi, qoy gəlib, klubda işləsin. Elə güclü mütəxəssisdirlərsə, bacarıqları varsa, bunu klubda sübut etsinlər. Bizə klubda futbolçu yetişdirmək lazımdır, millidə yox. Milli komandada yerli mütəxəssis işləməlidir. Azərbaycana canı yanan, onun üçün hər çətinliyə qatlaşmağa hazır olan biri lazımdır, əcnəbi məşqçi yox. Mənim vaxtımda Yaşar Vahabzadə ilə birlikdə U-17 iki dəfə Avropada mərhələ keçdi. Arif Əsədovla işlədiyimiz dövrdə U-19 erməniləri məğlub etdi. Həmin oyundan sonrakı sevinci gözlə görmək lazım idi. Sonra gedib Fransanı məğlub etdik. Axırı nə oldu? Heç quru «sağ ol» da demədilər.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"