Artim Şakiri: “Haciyevskiylə dost olsam da, ...”

Artim Şakiri: “Haciyevskiylə dost olsam da, ...”
MÜSAHİBƏ 26 May 2009 / 12:49 3531
-  A +

“Qarabağ”ın makedoniyalı futbolçusu Artim Şakirinin jurnalistlərə müsahibəsi
 


- İlk olaraq, kubokun finalı haqda fikirlərini bildirərdin.
- Çox gözəl matç alındı. Biz dəfələrlə demişdik ki. ölkə kubokunu qazanmalıyıq. Çünki çempionatda istədiyimiz nəticələri əldə edə bilmədiyimizdən, bütün ümidimizi kuboka bağlamışdıq. “Qarabağ”ın Avropaya gedən yolu məhz kubokdan keçirdi. Çox şadam ki, istəyimizə çata bildik. Bununla həm də “Qarabağ”a gəldiyim ilk gündə vitse-prezidentimiz Tahir Gözələ verdiyim sözün üstündə durdum.
- Tahir Gözələ söz vermişdin ki, “Qarabağ” kuboku qazanacaq?
- Mən müqaviləyə qol çəkdikdən sonra onunla görüşərkən, demişdim ki, sizə söz verirəm, “Qarabağ” bu mövsüm ya çempionatı medalçılar sırasında başa vuracaq, ya da kuboku qazanacaq. Amma çox təəssüf ki, digər sözümün üstündə dura bilmədim.
- Başqa nə söz vermişdin ki?
- Həm də demişdim ki, bu mövsüm künc zərbəsindən birbaşa qapıya qol vuracağam. Amma təəssüf ki. bunu edə bilmədim.
- Artıq “Qarabağ”la müqavilən başa çatıb. Gələcək taleyinə aydınlıq gəlib?
- Yox, hələ heç nə məlum deyil. Yəqin ki, qarşıda günlərdə məsələyə aydınlıq gələcək.
- Sənin kimi əksər təcrübəli futbolçular müqavilə müddətinin başa çatmasına 1-2 ay qalmış artıq yeni sözləşmə barədə klub rəhbərliyi ilə danışıqlar aparır. Bəs sən nəyə görə bu vaxta qədər danışıqlara başlamamısan?
- Bu mənim prinsiplərimə ziddir. Mən hər zaman mövsümün sonunu gözləmişəm. Çünki yalnız mövsümün sonunda komandanın hansı nəticə qazandığı bəlli olur. Yalnız bundan sonra oturub, yeni müqavilə haqda düşünmək olar. Çünki komandanın mövsümü necə başa vuracağını bilmədən, durub pul barədə danışmağı düzgün hesab etmirəm.
- Zəhmət olmasa, bir az konkret danış. “Qarabağ”da qalacaqsan, ya yox?
- İndi bunu sizə dəqiq deyə bilmərəm. Çünki bu danışıqlardan asılıdır.
- Artıq danışıqlara başlamısan? Yeni şərtlərini klub rəhbərliyinə bildirmisən?
- Yox, hələ ki heç bir danışıq olmayıb. İlk addımı onların atmasını gözləyirəm.
- Danışıqları burada davam etdirəcəksən, yoxsa öz ölkənə gedirsən?
- Yox, danışıqlarıməız yəqin ki. telefon vasitəsiylə olacaq. Çünki artıq sabah (bu gün - red) səhər saatlarında Bakını tərk edəcəyəm. Əgər danışıqlarımız müsbət nəticələnsə, komanda yeni mövsümün hazırlığına başlayarkən, geri qayıdacağam.
- Birdən “Qarabağ” rəhbərliyi ilə ortaq məxrəcə gələ bilməsən, karyeranı vətənində davam etdirəcəksən?
- Yox, Makedoniyada çıxış etməyəcəm. Yenə də legioner həyatı yaşayacağam.
- Digər ölkələrdən təkliflər var?
- Var. Mənimlə 1-2 ölkədən maraqlanırlar. Amma yenə də deyirəm ki, ilk növbədə mən “Qarabağ”la danışıqlar aparacağam. Əgər razılığa gələ bilməsək, o zaman digər klublarla danışığa başlayacağam.
- Bəlkə təklif aldığın ölkələrin adını açıqlayasan?
- Yox, inciməyin, bunu deyə bilmərəm.
- Əgər “Qarabağ” variantı alınmasa, səni “Bakı”da görə bilərik?
- Bu barədə də açıqlama verə bilmərəm.
- Amma hər halda, bu klubun baş məşqçisi həmyerlin, yaxşı tanıdığın Coko Haciyevskidir. 
- Həqiqətən də Haciyevskiylə dostam. Onunla həm klubda, həm də millidə uzun müddət birgə çalışmışam. Amma təkrarlayıram, ilk növbədə “Qarabağ”la danışıq aparacağam.
- Ümumiyyətlə, “Bakı”dan təklif almısan?
- Bağışlayın, amma bu suala cavab verə bilmərəm.
- Karyeranı bitiməyin necə, mümkündür?
- Yox, hələ bir il də oynamaq istəyirəm.
- Ondan sonra məşqçiliyə başlayacaqsan?
- Hə. Gələn həftə artıq “pro” lisenziyasını alacağam. Bundan sonra məşqçi karyerama başlaya bilərəm. Özü də “pro”nu aldıqdan sonra istənilən ölkədə çalışa bilərəm. Makedoniyada da, Azərbaycanda da, digər ölkədə də.
- Bir müddət əvvəl adın Makedoniya milli komandasının baş məşqçi postuna namizdələr arasında hallanırdı...
- Sonda üstünlüyü başqa məşqçiyə verdilər. Amma bu müvəqqətidir. Çünki o yalnız son 4 oyunda milli komandanın başında olacaq. Seçmə mərhələ başa çatdıqdan sonra yenidən seçim aparılacaq.         

Daha çox


Son xəbərlər