Ruslan Abışov: “Yəqin ki, rəhbərlik bununla bağlı ölçü götürəcək”

Ruslan Abışov: “Yəqin ki, rəhbərlik bununla bağlı ölçü götürəcək”
MÜSAHİBƏ 21 Sentyabr 2012 / 14:33 5762
-  A +

Azərbaycan Premyer Liqasının təxirə salınmış IV tur matçında “Simurq”a 0:2 hesabıyla məğlub olan “Xəzər Lənkəran”ın və Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Qol.Az-a müsahibə verib.

- “Simurq”a bu cür məğlubiyyət gözlənilməz olmadı?

- “Neftçi”yə uduzduqdan sonra bu oyuna ciddi hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq. İlk hissədə “Simurq” demək olar, hücum eləmədi. Qapıya cəmir bir zərbə getdi, o da qol oldu. Ancaq ikinci hissədə biz hesabda geridə olduğumuzdan irəli atıldıq ki, rəqib də bundan istifadə edib əks-hücumlarda epizodlar qazanmağa başladı. Nə deyə bilərəm, sanki komanda da istək, qələbə əzmi yoxdu. Mən öz adımdan danışaraq deyim ki, çox istəyirəm qələbə qazanaq. Ancaq meydançada cəmi üç azərbaycanlı var, qalanları legionerdir.

- Sənə elə gəlmir ki, legionerlər yerli futbolçulardan fərqli olaraq, oyuna az can yandırırlar, daha məsuliyyətsiz oynayırlar?

- Bilirsiniz, rəqabət olmayan yerdə futbolçu da meydançaya arxayın çıxır, istənilən oyunu oynamır. Yəqin ki, rəhbərlik bununla bağlı ölçü götürəcək.

- Qapıçı probleminin həll olunmaması da təsirini göstərir. Bununla razısan?

- Orxan Sadıqlı gənc qapıçıdır, səhv etməsidi də normaldı, hamımız o yolu keçmişik, səhv edə-edə öyrənmişik. Bu mənada hamımız Orxana dəstək olmalıyıq. O, Azərbaycan futbolunun yetişməkdə olan qapıçısıdır. Ancaq Kamranın qayıtmasını istərdim.

- Komandanızın baş məşqçisi Yunis Hüseynov oyundan sonra istefa verdiyini açıqladı. Buna münasibətin?

- Düzü, çox təəssüfləndim və hələ də buna inanmıram. Çox inanmaq istərdim ki, Yunis müəllim istefasını geri götürüb komandaya qayıdacaq.

- Necə düşünürsən, “Xəzər Lənkəran” uğursuzluq zolağından çıxa biləcək?

- Əlbəttə. Futbolda çox belə hallarla üzləşmişəm. Burada əsas yük futbolçuların üzərinə düşür. Məşqçi tapşırığını verir, onu meydançada futbolçular icra edir.

Anar XANLAROV

Daha çox


Son xəbərlər