Arif Əsədov: “Bu, "Neftçi" üçün yaxşı nəticədir"

Arif Əsədov: “Bu, "Neftçi" üçün yaxşı nəticədir"
MÜSAHİBƏ 21 Sentyabr 2012 / 13:50 3934
-  A +

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi

- Avroliqanın qrup mərhələsində “Neftçi” səfərdə “Partizan”la ilk qarşılaşmasına çıxdı. Sabiq komandanız sizə necə təsir bağışladı?

-  “Neftçi” inamlı və yaxşı oyun nümayiş etdirdi. Rəqibin nə adından, nə də səfərdə oynamaqdan çəkindi. Komanda şəklində çox əla təsir bağışladı. “Partizan”ın futbolçularına oynamaq imkanı vermədilər. Təəssüf ki, “Neftçi” qol vurmaq üçün bir necə dəfə imkan əldə etsə də, bundan yararlana bilmədi.

- Təmsilçimiz oyunu daha çox müdafiədən qurmağa üstünlük vermişdi. Hətta hücumda aktiv olan cinah müdafiəçiləri də irəli nadir hallarda atılırdılar. Bunu doğru taktika hesab etmək olar?

- Əgər komanda məğlub olmayıbsa, deməli, qurulmuş taktika düzgündür. Lakin mən belə başa düşürəm ki, baş məşqçi birinci və səfər oyunu olduğu üçün bir qədər ehtiyatlı addım atmışdı. İlk hissədə “Neftçi”nin əks-hücum zamanı qol vurmaq üçün bir neçə imkanı oldu. Sadəcə, bir az dəqiqlik çatmırdı.

- Flavinyo, Vobay və Kanalesin potensiallarından  tam istifadə edə bilməməsini oyundan öncə güclü yağış yağmasıyla əlaqələndirmək olar?

- Yağışdan sonra meydanda yüksək sürətli və texnikalı oyun göstərmək çətindir. Lakin mənim fikrimcə, futbolçular komanda şəklində oynadıqları üçün özlərini tam göstərə bilmədilər. Yəni, fərdi deyil, komanda şəklində mübarizə aparırdılar. Ərazi üstünlüyü “Partizan”nın olsa da, “Neftçi”nin çərimə meydançasına girməkdə çox çətinlik çəkirdilər. Bu da təmsilçimizin düzgün taktiki gedişi və kompakt şəkildə oynamasıyla əlaqədardır. Bunu yalnız  alqışlamaq olar.

- Qarşılaşmadan sonra baş məşqçi Böyükağa Hacıyev “Neftçi”nin bir xal qazanmadığını, iki xal itirdiyini söylədi. Siz necə düşünürsünüz?

- Hər bir məşqçinin öz fikri var. Lakin mənim fikrimcə, “Neftçi” üçün bu nəticə yaxşıdır. Həmin görüşdə “Neftçi” bir neçə real qol şansını qaçırdı. Bəlkə də bu baxımdan Böyükağa Hacıyev bu fikri yürüdüb.

- Bəs, “Partizan” haqda nə deyə bilərsiniz? Əvvəlki illərdən fərqli olaraq, onların xeyli zəiflədiyi söylənilir...

- Futbol elə bir duruma gəlib çatıb ki, artıq zəif-güclü anlamı unudulur. Hər bir komanda meydançada düzgün taktika və əzmkarlıq nümayiş etdirərsə, istədiyi nəticəyə nail ola bilər.  Bu gün hər şey meydançada həll olunur. Komandaların adlarıyla yox. Birdə ki, rəqib nə qədər imkan verirsə, o qədər oynamaq olur. “Neftçi” isə rəqibinə oynamaq imkanı yaratmadı. Xüsusilə ikinci hissədə “Partizan”ın futbolçuları ötürmələrdə tez-tez səhvlərə yol verirdilər. “Neftçi”nin futbolçuları bir-birlərinə yaxın oynadığı üçün sıxlıq yaranmışdı. Buna görə də rəqib təmsilçimizin cərimə meydançasına asanlıqla girə bilmirdi.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki