Tahir Gözel: «Kuboku qazanmaq missiyamızın zirvəsidir...»

Tahir Gözel: «Kuboku qazanmaq missiyamızın zirvəsidir...»
MÜSAHİBƏ 11 May 2009 / 18:01 7487
-  A +

«Qarabağ»ın vitse-prezidenti Tahir Gözel klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- 16 illik fasilədən sonra «Qarabağ» Ağdama qayıtdı. Bu hadisəni necə qiymətləndirərdiniz?
- Möhtəşəm! Bir kəlməylə ifadə olunacaq bir duyğudur. Çox həyəcanverici bir an idi. Bilirəm ki, o bölgədə yaşayan insanlar üçün bundan gözəl hədiyyə ola bilməzdi. İnsanların simalarında «Qarabağ» sevgisini sezmək elə də çətin deyildi. Təbii ki, mən də bir «Qarabağ»lı olaraq onların duyğularına şərik oldum. Həqiqətən çox möhtəşəm anlardı. Dayanmadan komandasını irəli səsləyən azarkeşləri gördüyümdə bir daha əmin oldum ki, «Qarabağ» Ağdama qayıtmaqla çox düzgün addım atıb.
- Azarkeşlərin belə dəstəyini gözləyirdiniz?
- Əlbəttə. Amma nəzəri bilməklə, onu yaşamaq fərqli duyğulardır. Stadiona ilk qədəmi basdığın zaman azarkeş izdihamı insana xoş mənada təsir edir. Əsl azarkeş ruhunu duydum Quzanlıda. Onların hər birinə dərin təşəkkürümü bildirirəm. İnşallah, torpaqlarımız geri qayıtdıqdan sonra doğma «İmarət»də də oynayaraq azarkeşlərimizə daha bir böyük bayram nəsib edərik.
- İlk dəfə stadiona daxil olarkən nələr hiss etdiniz?
- Təbii ki, «Qarabağ» sevgisini. Cəbhə bölgəsində yaşayan qaçqınların qəlblərində torpaq nisgili ilə yanaşı, «Qarabağ» sevdası da var. Bu komanda onların ümididir. Biz «Azersun Holding» olaraq «Qarabağ»a sponsorluq etdiyimiz ilk gündən tək hədəfimiz olub: «Qarabağ»ı, «Qarabağ» duruşunu torpaqlarından didərgin düşmüşlərin könlündə dimdik durmasına çalışmaq. Bizim sponsorluğumuz mənəvi qidadır. Hədəfimiz təkdir. «Qarabağ»ı Avropada Azərbaycana ən layiqli şəkilə təmsil etmək. Bir sponsor olaraq başqa bir niyyətimiz ola bilməz. Bu gün Azərbaycanda sponsorların futboldan pul qazanması mümkün deyil.  Ona görə də stadiona daxil olarkən, azarkeşlərin sevincini hiss edərkən doğru yolda olduğumuzu bir daha anladıq.
- Adətən, Bakıda azarkeşlər oyun başlamasına bir necə dəqiqə qalmış stadiona gəlsələr də, Ağdamda oyuna 2 saat qalmış arenada boş yer tapmaq müşkülə çevrilir.
- Bilirsiniz, bilirik ki, «Qarabağ»ın Bakıda da böyük azarkeş ordusu var. Lakin paytaxtda adətən 25-30 stabil azarkeş görə bilərik. Biz istərdik ki, «Qarabağ»ı Bakıda da Quzanlıda olduğu kimi azarkeş ordusu dəstəkləsin. Təəssüf ki, bu gün bunu görə bilmirik. Halbuki məlumdur ki, bu ölkədə ən böyük azarkeş ordusu «Qarabağ»ındır. Amma Quzanlıda azarkeşlər əsl fanatdırlar. Futbolu izləmək üçün hər cür fədakarlıq etməyə hazırdırlar. Belə azarkeşlərə malik olmaq qürürvericidir. Komandasını 90 dəqiqə dəstəkləyən, daim yanında olan azarkeşlər komandaya əlavə güc verir, həm də komandamızın nə qədər mənəvi əhəmiyyəti olduğunu göstərir. Bizim azarkeşlərimiz «Qarabağ»ın ayrılmaz bir hissədir
- İş qrafikinizin çox gərgin olduğunu bilirik. Buna baxmayaraq, Ağdama yollandınız. Peşman deyilsiniz?
- Həyatda heç vaxt peşman olmuram. Təbii ki, iş qrafiki baxımından dediklərinizdə həqiqət var. Amma ən gərgin iş toplantısında belə «Qarabağ» daim mənim qeyd dəftərçəmdə 1-ci sıradadır. Səmimi deyirəm, «Qarabağ»ı düşünmək iş gərginliyindən azad edir. Amma «Qarabağ» məsuliyyətini yaşamaq məni daha da əzmlə çalışmağa vadar edir
- Bir qədər oyuna qayıdaq. «Xəzər-Lənkəran» oyunu «Qarabağ» üçün çox vacib idi. Oyunboyu nə düşündünüz?
- Təbii ki, son ana qədər ancaq qələbəni düşündüm. Düzdü, qalibiyyətin zəruriliyi bir qədər komanda üzərinə təzyiq yaratdı. Amma son dəqiqəyə kimi komandanın lazımı qolu varacağına inanırdım.
- Niyə belə əmindiniz?
- Çünki «Qarabağ» meydana daxil olduğu zaman futbolçuların gözlərindəki o qığılcımı hiss etdim. Onlar öz üzərinə düşən məsuliyyəti dərk edirdilər. «Qarabağ» sadəcə komanda deyil, eyni zamanda mənəvi dəyəyrlər toplusudur. Məni qələbəyə inandıran ən önəmli amillərdən biri də «Qarabağ»da Qarabağ ruhunun olmasıdır. Əminəm ki, stadiondakı 3000 azarkeşlə yanaşı, mavi ekrandan bu oyunu izləyənlər də bunun şahidi oldu.
- Amma komanda son dəqiqələrə kimi azarkeşləri intizarda saxladı.
- Düzdü. Lakin qolun son dəqiqələrdə vurulması komandanın nə qədər yaxşı fiziki hazırlığa malik olmasını göstərdi. Oyunlar göstərdi ki, «Qarabağ» ən yaxşı fiziki hazırlığa malik komandadır. Eyniylə, baş məşqçimizin uğurlu dəyişikliyini də qeyd etməliyəm. Oyuna girən futbolçu bir neçə dəqiqədən sonra qalibiyyət qolunu vurursa bu artıq «Qarabağ» fərqi deməkdir.
- Oyunda diqqətinizi cəlb edən ən maraqlı məqam nə idi?
- Hər halda, Fərhadın zədələnməsi və yerinə Sahilin daxil olması. Çox qəribə bir an idi. Həm qapıçıların bir-birini, eyni zamanda azarkeşlərin hər 2 qapıçını dəstəkləməsi «Qarabağ» azarkeşini böyüklüyünü ortaya qoydu. Mən də belə bir komandaya sahib olduğum üçün duyğulandım. Həmin anda qələbənin bizim olacağına daha da inandım.
- Oyunboyu komandaya çılğınlıqla azarkeşlik etməklə yanaşı bəzən çöhrənizə təbəssüm qonurdu...
- Hə. Xüsusilə, 2-ci yarıda komandamız tam heyətlə irəli atıldğı zaman oynadıqları futbol mənə həzz verdi. Özəlliklə, 2-ci yarıda meydana daxil olmuş Rəşad Sadiqovun oyunundan məftun oldum. Futbolçumuzun texnikası məni valeh etdi.
- Komanda, Ağdamda ölkənin son 3 çempionunu qəbul etdi və 2 qələbə, 1 bərabərlik əldə etdi. Belə bir nəticəni gözləyirdinizmi?
- Əlbəttə. Yenə deyirəm, belə rəqiblərlə Ağdamda oynamaq özü bir qələbə idi. Belə vacib oyunların keçirilməsində təşəbbüş etdiyinə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevə təşəkkürümü bildirirəm. Həsən müəllim oyunların Ağdamda keçirilməsi üçün əlindən nə gəlirdisə artıqlamasıyla etməyə çalışdı. Və özünü əsl «Qarabağ» azarkeşi olduğunu göstərdi. Ağdamda oyunların keçirilməsi üçün stadionun ərsəyə gətirilməsi, matçların təşkil edilməsində çalışan bütün klub çalışanlarına və bu işdə əməyi keçənlərə təşəkkürümü bildirirəm.
- Artıq «Qarabağ» Avropa yolunda böyük yol qət edib. «Qarabağ»ın Avrokuboklara qatılmaq üçün qarşısında qalan 2 matçdan birini qazanması kifayətdir. «Qarabağ»ı işinin öhdəsindən gəlmiş hesab etmək olar?
- Xeyr. Daim maksimum hədəflə çalışan biri kimi, «Qarabağ»ın Avropaya kuboku qazanaraq getməsini istəyirəm. O kuboku yenidən başımın üzərinə qaldırmaq mənim üçün ən böyük hədiyyə olacaq. «Qarabağ» bunu bacaracaq gücdədir.
- «Qarabağ»ı Avropada nə gözləyir?
- Təbii ki hədəfimiz təkdir. «Qarabağ»ı Avropada Azərbaycana ən layiqli şəkildə təmsil etmək! Bunun üçün «Qarabağ»ımıza nə lazımdırsa onu da edəcəyik. «Qarabağ»la Avropada tarix yazmaq istəyirik. Hər kəs öz üzərinə düşən missiyanı yerinə yetirməlidir. Mənim missiyam isə kuboku başımız üzərinə qaldırmaqdır. Bu, bizim hədəfimizidir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord