“Bizə dedilər ki, Bakıda üzərində ivrit dilində yazılar olan köynəklərdə küçəyə çıxmayaq”

XƏBƏR 8 Avqust 2012 / 15:23 2587
-  A +

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Neftçi” - “Hapoel” matçı İsrail mətbuatının da diqqət mərkəzindədir. Ancaq maraqlıdır ki, israilli jurnalistlər oyundan daha çox, oyunətrafı məqamları ön plana çəkirlər.

Qol.Az-ın məlumatına görə, burada daha çox siyasi motivlər, Azərbaycanın İranla həmsərhəd olması, Azərbaycan-İran və İsrail-İran münasibətləri qabardılır.

İsrailin nüfuzlu “ONE” nəşri bugünkü sayında sözügedən qarşılaşmaya xüsusi yer ayırıb. İsrailli həmkarlarımız əvvəlcə Azərbaycan haqda məlumat veriblər. Həmin məlumatda ölkəmizin ilk dəfə müstəqilliyini 1918-ci ildə elan etdiyi bildirilib. Həmçinin Şərqdə ilk müstəqil müsəlman dövləti olduğu qeyd edilib. Daha sonra Azərbaycanın Rusiya, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğu, eyni zamanda ölkənin paytaxtı Bakı haqqında da məlumat verilib.

İsrailli jurnalistlər Bakıda 3 milyion əhalinin yaşadığını, ümumiyyətlə, Bakının Azərbaycanın əsas iqtisadi və ticarət mərkəzi olduğunu vurğulayıblar. Yazıda Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olduğu, elə “Neftçi”yə spondurluğu Dövlət Neft Şirkətinin etdiyi xatırladılıb.

Yazıda hazırda ölkənin əsas arenası olan Tofiq Bəhramov adına Respublika stadionundan da söz açılıb. Qeyd olunub ki, 30 min nəfər tutuma malik bu arena həm də “Neftçi”nin ev oyunlarını keçirdiyi əsas arenadır. Eyni zamanda Azərbaycan millisinin ev oyunlarında rəqiblərini burada qəbul etdiyi, Almaniya millisinin də millimizlə səfər qarşılaşmasını məhz bu stadionda keçirdiyi yazılıb.

Yazıda toxunulan siyasi məqamlara gəlincə, Azərbaycanın İranla qonşu olduğu qeyd olunub. Bildirilib ki, siyahi cəhətdən hələ ki, bu iki ölkə arasında ciddi problem yaşanmasa da, son vaxtlar Azərbaycan əhalisinin İrana qarşı narazılıqları artmaqdadır. Əsas səbəb isə İranın Azərbaycan qarşı siyasətində bəzi xoşagəlməz məqamların olmasıdır.

İsrailli həmkarlarımız ötən il sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan millisinə qarşı keçirdiyimiz oyunda stadionda yaşanan atmosferə xüsusi toxunub: “Bu oyunda azərbaycanlılar İranın onlara qarşı qərəzli siyasətinə xüsusi pankartlar və şüarlarla cavab vermişdilər. Onların arasında hətta İran prezidenti Əhmədinejatın pankartı da vardı”.

Yazıda həmin oyundan çəkilən və üzərində “Azərbaycan bir olsun, istəməyən kor olsun” pankartı yerləşdirilib və bildirilib ki, azərbaycanlıların tələbi İran hökumətinin bu ölkəyə qarşı qərəzli siyasətinə son qoymasıdır.

Yazıda eyni zamanda “Hapoel”in baş direktoru Yossi Ederinin fikirlərinə də yer verilib. Ederi Azərbaycan paytaxtlna ayaq basan gündən ciddi qoruma altında olduqlarını bildirib: “Komandamız ciddi mühafizə altındadır. Bizdən tələb olunan hər şeyə əməl etməyə məcburuq. Hətta bizə tapşırılıb ki, üzərində ivrit dilində yazılar olan köynəklərdə küçələrə çıxmayaq. Təsadüfən, bu hal olsa belə, dərhal qaçaraq otelə qayıdırıq. Baş verə biləcək hər hansı bir hadisəyə hazır olmalıyıq”.

Qeyd edək ki, “Neftçi”-“Hapoel” matçı bu gün saat 21:00-da Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.

Daha çox


Son xəbərlər