“Turan” nağılı” və ya Azərbaycanın Roys Qreysisi

XƏBƏR 7 Avqust 2012 / 12:26 3251
-  A +

Avqustun 4-də Azərbaycanda XXI futbol mövsümü start götürdü. Təqvimdə nəzərdə tutulan 6 oyundan 5- baş tutdu. Yalnız “Neftçi”nin Çempionlar Liqasındakı iştirakı səbəbindən bu komandanın “Bakı” ilə matçı təxirə salındı. İlk tur müəyyən məqamları ilə diqqətçəkən oldu. Xüsusilə çempionluğa oynayan “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və “Qarabağ” mövsümə qələbə ilə başlaya bilmədi.  Təbii ki, bir tura görə, hansısa komandanın oyununu, potensialını şərh etmək doğru olmazdı. Ancaq az öncə yuxarıda qeyd etdiyimiz müəyyən diqqətçəkən məqamları sizinlə bölüşmək istəyirik.

“Sumqayıt” - AZAL - 2:2

Hər iki komanda ötən mövsümlə müqayisədə heyətini demək olar, bütünlüklə yeniləmişdi. İddialara gəlincə, sumqayıtlılar bu mövsüm daha yaxşı çıxışı hədəflədikləri halda, “təyyarəçilər” konkret ilk “altılıq” uğrunda mübarizə aparacağını açıqlayıb. Bu mənada Vaqif Sadıqovun komandası qələbə qazanmalıydı. Lakin meydança sahiblərinin gənc və istəkli futbolçuları buna imkan vermədi. 2:2 hesabı ilə yekunlaşan matç hətta AZAL-ın məğlubiyyəti ilə də başa çata bilərdi. Yalnız Zoahir Benuahinin fərdi ustalığı qonaqları məğlubiyyətdən xilas etdi. Ümumiyyətlə, Sadıqıov pis komanda yığmayıb. Hiss olunur ki, AZAL-ın futbolçuları ayrı-ayrılıqda yüksək fərdi keyfiyyətlərə malikdilər. Lakin hələ ki, komanda şəklində oynamağa çətinlik çəkirlər və bir-birlərini tam anlamırlar. Xüsusilə müdafiə xətti ciddi səhvləri ilə yadda qaldı ki, Sadıqov özü də bununla bağlı ölçü götürüləcəyini bildirdi. “Sumqayıt” isə bu oyunu ilə çoxlarına başağrısı olacağını sübut etsə də, bu komandanın futbolçularının da bir-birinə tam uyğunlaşmadığı hiss olunurdu. Fikrimizcə, sumqayıtlılar II turda Tovuzda iddiasını ortaya qoymalıdır.

“Simurq”-“Qəbələ” - 1:1

Bu oyunu birmənalı şəkildə “Qəbələ”nin passivinə yazmaq olar. Çünki çempionluğa oynayan komanda ilk turda iddiasını ortaya qoya bilmirsə və “Simurq”a xal bağışlayırsa, buna başqa ad vermək olmaz. Təbii, Zaqatala klubu da heyətini gücləndirib, yeni futbolçular cəlb edib, amma qeyd etdiyimiz kimi, “Qəbələ” çempionluğu hədəfləyən bir komanda olduğundan iddiasını elə startdaca ortaya qoymalı idi.

“Kəpəz” - “Turan” - 1:2

Deyəsən, “Turan”ın sirrini açmaq üçün bu sahəni güclü bilən mütəxəssislər araşdırma aparmalı olacaq. Qaydasız döyüş həvəskarları Roys Qreysisi yaxşı tanıyır. Bu döyüşçünün unikallığı nədən ibarətdi? Şübhəsiz ki, çox güclü döyüşçüdür. Ancaq onun döyüşünü izləyənlər bir maraqlı məqamı da görüblər ki, bəzən Qreysi rəqibin altına düşsə də, həmin döyüşü qalib başa vurmağı bacarır. Adətən, qaydasız döyüşdə altda qalan döyüşçünün işi xeyli çətin olur və çox vaxt o əlini yerə vuraraq, məğlubiyyətlə barışır. Ancaq Qreysi alta düşür, amma neyniyir, nə edir, bir də baxırsan ki, üstəki döyüşçü əlini yerə vuraraq, təslim olur. Roysın altda ola-ola döyüşü qalib başa vurması çoxlarına sirr olaraq qalır. Düşünəcəksiniz ki, Qreysi ilə “Turan” arasında nə bağlılıq var? Bağlılıq ondadır ki, “Turan”ın da Qresyi kimi sirri var. Bu komanda hər mövsüm öncəsi ağlaşma qurur ki, dağılırıq, pulumuz yoxdu, hamı komandanı tərk edib, filan. Amma startda bir həftə qalmış yığışırlar, çıxıb hamı ilə başabaş dirəşirlər və yekunda da elitada qalırlar. Məsələn, ötən mövsümün qış fasiləsində də analoji hal yaşandı, hətta baş məşqçi Əsgər Abdullayev də işini buraxıb Bakıya, evinə gəldi. Artıq hamı komandanın dağılacağını düşündüyü bir vaxtda, Tovuz təmsilçisi bir həftənin içində bir araya gəldi və çıxıb ikinci “altılıq”da hamıdan çox xal topladı. Bu mövsüm öncəsi də eyni hal yaşandı, komanda hətta rəsmən fəaliyyətini dayandırdığını da bildirdi. Tovuzlular yalnız çempionatın startına 10 gün qalmış bir araya gəldi, hətta belə demək mümkünsə, baxışa gələn futbolçuları da heç düz-əməlli yoxlamamış müqavilə bağladılar. Ancaq gördüyünüz kimi, Gəncədə “Kəpəz”i məğlub etdilər və ilk turdaca zirvəni ələ keçirdilər. Artıq insanda qəribə şübhə yaranır: nədir “Turan”ın sirri? Günü ağlamaqla, pulsuzluqla keçən ac-yalavac komanda nəyin hesabına Gəncədən qələbə ilə döndü? Bəlkə Tovuzda yeraltı elə xüsusi baza, stadion, 5 ulduzlu otellər var, bizim xəbərimiz yoxdu? Çünki bu komandanın sirrini araşdıranda adamın ağlına başqa fikir gəlmir.

“İnter” - “Qarabağ” - 1:1

Hər iki komanda iddialıdır və çempionluğu hədəfləyib. Bu oyun öncəsi də hərənin özünə görə üstünlüyü var idi. “İnter”in üstünlüyü ondan ibarət idi ki, Avropa Liqasında oynadığından hazırlığa daha erkən başlamışdı və Avropada  4 oyun keçirməklə oyun praktikaıs baxımından daha üstün idi. “Qarabağ”ınü stünlüyü isə ondan ibarət idi ki, “İnter”dən fərqli olaraq, plan üzrə hazırlıq keçmişdi. Qurban Qurbanovun Sxadadzedən fərqli olaraq, istədiyi heyəti qurmaq üçün daha çox vaxtı, imkanı olmuşdu. Konkret oyunda gəlincə, birmənalı şəkildə, Ağdam klubu 2 xal itirdi. Tək ona görə yox ki, hesabda öndə olduğu halda sona 2 dəqiqə qalmış qol buraxdı. Həm də ona görə ki, ilk qolun müəllifi Muarrem Muarrem hesab 1:0 olarkən qapıçını da keçərək topu boş qapıdan keçirə bilmədi, müdafiəçi Admir Teli isə topu öz qapısına vurdu.  Xal itirməsinə baxmayaraq, “Qarabağ”ın daha xoş təsir bağışladığını demək olar.

“Rəvan” - “Xəzər Lənkəran” - 1:1

“Simurq”-“Qəbələ” oyunu haqqında dediyimiz fikirləri “Rəvan”-“Xəzər Lənkəran” matçına da şamil etmək olar. Baxmayaraq ki, “Rəvan” ötən mövsümlə müqayisədə bir qədər də güclənib, yeni baş məşqçi, futbolçular dəvət edib, amma istənilən halda, “Xəzər Lənkəran” bu oyunda qələbə qazanmalıydı. Düzdür, çoxları Lənkəran klubundakı son dəyişiklikləri, transferə çıxarılan 3 futbolçunu, Yunis Hüseynovun 12-13 futbolçunun ümidinə qaldığını deyə bilər. Ancaq fakt faktlığında qalır ki, çempionluğu hədəfləyən “Xəzər Lənkəran” mövsümə xal itkisi ilə başladı. Əgər Lənkəran klubu təcili transferlər etməsə və heyətindəki boşluqları doldurmasa, işi çox çətin olacaq.

Anar XANLAROV


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord