Elxan Məmmədov: "Biz unudulmaz şou hazırlayırıq"

Elxan Məmmədov: "Biz unudulmaz şou hazırlayırıq"
GÜNDƏM 6 Avqust 2012 / 17:56 2689
-  A +

“FİFA U-17 qadınlararası dünya çempionatının tanıtımının hazırlığı çərçivəsində indiyədək 70-yə yaxın universitet və məktəbdə təqdimat, çoxsaylı aksiya, tədbir keçirilib. 30-a yaxın müxtəlif sərgidə iştirak etmişik. Təbii ki, biz bununla kifayətlənmirik. Ən yaxın zamanda bir neçə böyük sosial layihələrdə çempionatın təqdimatı ilə bağlı çıxış edəcəyik. 1000-ə yaxın könüllünü bu işlərə cəlb etmişik. Hazırda çempionata ən son hazırlıq işləri gedir. Yeni stadionların tikintisi və təmiri qısa müddətdə tam hazır vəziyyətə gətiriləcək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrda Azərbaycanda baş tutacaq 17 yaşadək qızlar arasında dünya çempionatı haqda biznesinfo.az saytına danışarkən deyib.

Elxan Məmmədov dünya çempionatının oyunlarının 8-ci kilometr qəsəbəsi, Tofiq Bəhramov adına Respublika, “Dalğa Arena”, “Şəfa” və Lənkəran şəhər stadionlarında keçiriləcəyini bildirib: “Bütün bu stadionlar FİFA-nın standartlarına cavab verir. Açılış, yarımfinal və final oyunu Respublika stadionunda baş tutacaq. Azərbaycan ilk dəfə olaraq belə yüksək səviyyəli idman yarışı keçirir. Bizim üçün hər şeyin ən yaxşı səviyyədə keçməsi çox önəmlidir. Bildiyiniz kimi, dünya çempionatının açılış mərasiminda məşhur müğənni Cennifer Lopez iştirak edəcək. Həmçinin dünya ulduzları Rihanna və Şakira da çempionatın yarımfinal və final oyunlarında çıxış edəcəklər. Biz unudulmaz şou hazırlayırıq”.

AFFA-nın baş katibi çempionatın oyunlarına bilet satışı ilə bağlı hər şeyin yaxşı getdiyini vurğulayıb: “Artıq çempionatın açılış oyununa biletlərin yarısı satılıb. Biz bu yaxınlarda yarımfinal və qrup oyunlarına da biletləri satışa çıxardıq. Azərbaycanda ilk dəfə olaraq futbol oyunlarına onlayn bilet satışı həyata keçirildi".

Baş katibin sözlərinə görə, dünya çempionatı dünyanın 125 ölkəsində canlı yayımlanacaq.

Elxan Məmmədov milli komandamızın çempionatdakı şanslarını da dəyərləndirib: “Milli komandamız cəmi iki il əvvəl yaradılıb və deyə bilərəm ki, çox az təcrübəsi var. Buna baxmayaraq, qızlar özlərini ən yaxşı tərəfdən göstərirlər. Komanda halında yaxşı çıxış edirlər və qələbələr qazanırlar. Biz öz millimizlə fəxr edirik və ümidimiz var ki, azarkeşlər stadiona gəlməklə qızlarımızda özünəinam hissini artıracaqlar. Əsl futbol sevərlər də mənimlə razılaşarlar ki, əsas olan qələbə yox iştirak etməkdir. Mən əminəm ki, öz növbəsində millimiz gözəl oyun göstərmək üçün əlindən gələni edəcək”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın