“Mən daim Azərbaycanda yaşasaydım, dilinizi də öyrənərdim”

“Mən daim Azərbaycanda yaşasaydım, dilinizi də öyrənərdim”
MÜSAHİBƏ 6 Avqust 2012 / 13:49 3981
-  A +

Azərbaycan millisinin sabiq müdafiəçisi Deni Qaysumov Qol.Az-a müsahibə verib

- Hazırda nə işlə məşğulsunuz?

- Futboldan tamam kənar bir sahədə çalışıram.

- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?

- 2000-ci ildə.

- Ümumiyyətlə, Azərbaycanla, Azərbaycan futbolu ilə əlaqələriniz var?

- Əlbəttə ki, əlaqələrim var. Azərbaycan futbolu ilə də mütəmaddi olaraq, maraqlanıram. Ancaq əlaqə ancaq telefon vasitəsi ilə mümkün olur. Oraya getməyə imkan olmadığından dostlarla görüşmək də mümkün olmur.

- Bəs, Azərbaycan yığmasının, klublarının oyunlarını izləyirsiniz?

- Azərbaycan millisinin bütün oyunları ilə maraqlanıram və izləyirəm. Həmçinin də Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını.

- Sizin milli komandada oynadığınız dönəmdə indiki kimi şərait yox idi. İndi isə bütün şərait var, amma yenə də nəticə yoxdur. Bunun səbəbini nədə görürsünüz?

- Elədir, bizim dövrümüzdə milli komandaya münasibət tamam başqa cür idi. Bunu siz də bilirsiniz, əlavə sözə ehtiyac yoxdur. Bir sözlə, çox çətin idi o şəraitdə oynamaq. Amma vətənpərvərlik hissi daha çox idi. O ki qaldı hazırkı duruma, düzü, çətinlik çəkirəm cavab verməyə. Ancaq şərait, diqqət, qayğı varsa, nəticə də olmalıdır.

- “Neftçi”nin Çempionlar Liqasındakı son məğlubiyyətindən xəbəriniz oldu?

- Bəli.

- 0:4 hesablı məğlubiyyət haqqında siz nə deyə bilərsiniz?

-  Çox acı nəticə oldu. “Neftçi” bu cür hesabla uduzmamalıydı.

- Bəs, “Bakı”, “Xəzər Lənkəran” və “İnter”in çıxışları haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, adlarını çəkdiyiniz bütün klubların azarkeşlərinə səbr arzulayıram. Bir qədər səbr etmək lazımdır, bütün yaxşı nəticələr olacaq. İldən ilə avrokuboklardakı nəticələr yaxşılaşacaq. Hiss olunur ki, klub rəhbərləri futbola böyük sərmayələr qoyurlar.

- Millidəki keçmiş komanda yoldaşlarından Tərlan Əhmədovla Yunis Hüseynov hazırda “Neftçi”də və “Xəzər Lənkəran” çalışırlar. Onların məşqçi kimi potensialını necə görürsünüz?

- Mən bu sahədə çalışan bütün keçmiş komanda yoldaşlarımın hamısına məşqçilik fəaliyyətlərində uğurlar arzulayıram. Bilirəm ki, onlar üçün çox çətin olacaq. Ancaq çox istərdim ki, bizim keçmiş milli üzvlərindən biri milli komandanın başına keçsin və uğurlu nəticələrə imz atsım.

- Maraqlıdır, sizin Azərbaycan millisinə gəlişiniz necə olmuşdu, kim dəvət etmişdi?

- Mənə ilk dəfə təklif 1995-ci ildə, Moskvada olarkən millinin o vaxtkı baş məşqçisi Kazbek Tuayevlə, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev tərəfindən gəlmişdi. Ümumiyyətlə, o dövrlə bağlı yalnız xoş xatirələr danışa bilərəm. Ətrafımda gözəl insanlar var idi. İndi də sizin vasitənizlə həmin insanlara can sağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıram.

- Bilirik ki, milliyyətcə osetinsiniz və Azərbaycan millisində milliləşdirilmiş futbolçu kimi çıxış etmisiniz. Hazırda da millimizdə kifayət qədər milliləşdirilmiş legioner çıxış edir. Buna münasibətiniz necədir?

- Əgər legioner dəvət olunursa, gərək səviyyəli olsun və milliyə xeyir versin. Həmin futbolçu elə olmalıdır ki, yerlilər ondan baxıb nəsə öyrənə bilsinlər.

- Hazırda Azərbaycan millisində Vladimir Levin, Aleksandr Çertoqanov kimi milliləşdirilmiş futbolçular var, hansı ki, 7 ildir Azərbaycanda yaşayırlar, futbol oynayırlar, amma Azərbaycan dilini, himnini öyrənmirlər. Heç öyrənmək fikirləri, istəkləri də yoxdur. Sizin dövrünüzdə necə idi?  Məsələn, siz özünüz Azərbaycan dilini və himnini bilirdiniz?

- Əgər həmin vaxt mən daimi olaraq, Azərbaycanda yaşasaydım və futbol oynasaydım, dilinizi də öyrənərdim. Ancaq bizim dövrümüzdə millidə çıxış edən futbolçuların hamısı rus dilində sərbəst danışırdı və ünsiyyətdə heç bir problem yox idi. Həm də həmin dövr millidə gəlmələrin də sayı indiki qədər çox deyildi.

- Necə düşünürsünüz, Berti Foqts Azərbaycan millisi üçün düzgün seçimdi?

- Ümid edirəm ki, milli komanda Berti Foqtsun rəhbərliyi altında bu mövsüm seçmə mərhələdə daha yaxşı nəticə göstərəcək.  Ancaq mənim fikrimcə, Azərbaycan millisinin başında yerli məşqçi dayanmalıdır.

Anar XANLAROV

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı