Mircavadov: “Sxadadze yunan klubunu indidən ciddi təhlil etməlidir”

Mircavadov: “Sxadadze yunan klubunu indidən ciddi təhlil etməlidir”
MÜSAHİBƏ 7 İyul 2012 / 12:55 3645
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində klublarımızın Avropa Liqasının birinci təsnifat mərhələsindəki çıxışlarının dəyərləndirib.

- Başlayaq, “Xəzər Lənkəran”dan. Sizcə, sabiq komandanız niyə qələbə qazana bilmədi?

- Onlar oyuna pis başlamadı. Düzdü, 5-ci dəqiqədə müdafiəçilərin mövqe səhvindən erkən qol buraxdılar. Ümumiyyətlə, doğma meydanda çıxış edən komanda gərək belə top buraxmasın. Sonradan hesabı bərabərləşdirməyə nail oldular. Belə götürəndə ilk hissəni “Xəzər Lənkəran”ın aktivini yazmaq olar. Lakin lazımı anda real qol imkanlarından istifadə edə bilməmələri qələbə qazanmalarına mane oldu. Açığı, mən onların 2-3 top fərqiylə qalib gələcəyini gözləyirdim. Təəssüf ki, bu, baş vermədi.

- Necə düşünürsünüz, “Xəzər Lənkəran” mərhələni keçə biləcək?

- Elə bir oyun oynamalıdırlar ki, rəqiblərinə şans düşməsin. Hətta 0:0 və ya 1:1 hesabı da estonları qane edəcək. İlk növbədə çalışmalıdırlar ki, qapılarından top buraxmasınlar. Əsasən orta xəttdə daha güclü olmalıdırlar ki, topu özlərində daha çox saxlaya bilsinlər. Eyni zamanda əks-hücumlarda daha çevik tərpənməlidirlər. Hər şeyi yerində edə bilsələr, inanıram ki, növbəti mərhələyə keçə biləcəklər.

- Bəs, digər təmsilçimiz “Bakı”dan bu cür oyun gözləyirdiniz?

- Həmin qarşılaşmanı stadiondan izləyirdim. Mən onların ikinci hissədəki çıxışlarını bəyəndim. Elvin Məmmədov və Rəhman Hacıyevin meydana çıxması oyunda canlanma yaratdı. Fikrimcə, “Bakı”nın orta xəttində problemlər var. Növbəti mərhələyə keçmək üçün oyunlarını artırmalıdırlar.

- “Bakı”nın yoldaşlıq görüşündə böyük hesabla məğlub etdiyi bir komanda üzərində qələbə qazana bilməməsi sizin üçün sürpriz oldumu?

- Deməzdim ki, surpriz oldu. Lakin qalib gəlməli idilər. Sadəcə, “Bakı”nın hücumdakı problemi açıq-aydın görünürdü. Bilirsiniz, çempionatın axırlarında komanda necə yaxşı və istəkli çıxış edirdisə, bax, belə oynamaları lazım idi. Həddindən artıq yüksək istək olmalıdır. Rəqibin heyətində 6, 9, və 7 nömrəli futbolçuların çıxışı çox xoşuma gəldi. Sloveniyalılar gözəl müdafiə olunmağı bacardılar.

- Sizcə, “Bakı” niyə qələbə qazana bilmədi?

- Məncə, komandamızın orta və hücum xəttinin zəif təsir bağışlaması qələbə qazanmalarına mane oldu. Orta xətdə çıxış edən futbolçular oyunu üzərlərinə götürmək qabiliyyətinə malik olmalıdırlar. Birinci hissədə Marios Verpakovskisin oyunu xoşuma gəlmədi. Nədənsə o, çinahlara daha çox açılmağa meyl edirdi. Axı, Verpakovskis cinah hücumçusu deyil. O, daha çox orta xəttdə yaxşı təsir bağışlayır. Bir sözlə, “Bakı”ya cərmə meydançasının ortasında oynaya bilən yaxşı hücumçu lazımdır.

- Azarkeşləri sevindirməyi bacaran təkcə “İnter” komandası oldu...

- Bu komandanın oyununu və qələbəsi alqışlanmalıdır. Baş məşqçiləri Kaxaber Sxadadzeni də təbrik edirəm. Artıq “İnter”i növbəti mərhələdə saymaq olar. Sxadadze ikinci mərhələni fikirləşərək, qarşıdakı oyunları, rəqib komandanı indidən ciddi təhlil etməlidir. Eşitdiyimə görə, Yunanıstan təmsilçisi güclü komandadır. Bütün klublarımıza uğurlar arzulayıram.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər