“Biz Şimal insanlarıyıq, bu cür havaya öyrəşməmişik”

“Biz Şimal insanlarıyıq, bu cür havaya öyrəşməmişik”
MÜSAHİBƏ 7 İyul 2012 / 10:15 3348
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olan Estoniyanın “Nomme Kalyu” klubunun qapıçısı Vitali Teles Qol.Az saytına müsahibə verib.

- İlk oyunda səfərdə heç-heçə oynadınız. Fikirlərini bilmək maraqlı olardı?

- Prinsipcə, nəticə bizi qane edir. Çünki ilk növbədə uduzmamağı qarşımıza məqsəd qoymuşduq, bunun da öhdəsindən gəldik. İndi artıq cavab oyununu düşünürük. Mənə elə gəlir ki, növbəti mərhələyə keçmək şansımız o qədər də pis deyil.

- Baş məşqçiniz havanın həddindən artıq isti olmasından şikayətləndi. Bu amilin oyununuza təsiri oldu?

- Biz Şimal insanlarıyıq. Ona görə də bu cür havaya öyrəşməmişik. Bu mənada, əlbəttə, çox çətin idi. Əgər bir neçə dəfə belə havada oynamış olsaq, bəlkə də öyrəşərik. Ancaq indiki halda həddindən artıq çətin idi. Yaxşı ki, oyunu axşam saatlarına, gün batandan sonraya təyin etmişdilər.

- Çoxları matçdan öncə “Xəzər Lənkəran”ı favorit sayırdı. Ancaq siz gözlənilmədən erkən qol imza atdınız. 4-cü dəqiqədə hesabı açacağınız sənin üçün gözlənilməz olmadı?

- Hardasa gözlənilməz oldu. Ancaq imkan yaranıbsa, niyə də ondan istifadə etməyəsən?

- Ancaq sonradan öz qapınızdan iki top buraxdınız...

- Düzdür, bu artıq xoş olmadı. Qolları öz səhvlərimizdən buraxdıq. Ancaq futbolda belə şeylər olur. Əsas odur ki, sona yaxın bərabərlik qolunu vura bildik.

- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun fikrincə, sizinlə oyunda onların bəxti gətirməyib. Yəni, siz oyun ərzində iki dəfə mərkəzi keçdiniz və ikisində də qol vurdunuz...

- Bunu demək olmaz kimin bəxti gətirdi, kimin yox. Komanda var ki, 90 dəqiqə öz cərimə meydançasından çıxmır, amma qələbə qazanır. Odur ki, burada bəxt amilini o qədər də qabartmaq istəmirəm. Əsas odur ki, əlinə düşən imkanlardan maksimum istifadə etməyi bacarasan.

- Oyunun böyük hissəsini müdafiədə keçirməyiniz burada heç-heçə üçün gəldiyinizin göstəricisi ola bilər?

- Qeyd etdiyim kimi, biz bura ilk olaraq uduzmamağa gəlmişdik. Bu, o demək deyil ki, qələbə istəmirdik. Sadəcə, səfərdə oyandığımızdan buna uyğun plan qurmalıydıq. Rəqib də zəif komanda deyil. Odur ki, oyunu müdafidən qurub sürətli əks-hücumlara üstünlük verdik. Fikrimcə, bu taktika  bizdə heç də pis alınmadı.

- Cavab oyunu haqqında nə düşünürsən? Artıq sizin şansınız daha çoxdur. Bu fikirlə razısan?

- Təbii, evdə oynamaq hər zaman üstünlükdü. Çünki səni doğma puplika dəstəkləyəcək. Ancaq çətin oyun olacaq. Mən öz komandama və qələbəmizə inanıram. Lakin rəqibi mütləq dəyərləndirmək lazımdır.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın