Subaşiç: “Xəzər Lənkəran”a təkcə hücumçu yox, hər mövqeyə oyunçu lazımdır”

Subaşiç: “Xəzər Lənkəran”a təkcə hücumçu yox, hər mövqeyə oyunçu lazımdır”
MÜSAHİBƏ 6 İyul 2012 / 13:51 3694
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində evdə Estoniyanın “Nomme Kalyu” klubu ilə 2:2 oynayan “Xəzər Lənkəran”ın serbiyalı hücumçusu Branimir Subaşiç Qol.Az saytına müsahibə verib.

- Çoxları bu oyunda “Xəzər Lənkəran”dan qələbə gözləyirdi. Uğur qazanmağınıza nə mane oldu?

- Açığı, bu gün nəticəyə görə çox təəssüflənirəm. “Xəzər Lənkəran” bu günə kimi avrokuboklarda qələbə qazana bilməmişdi. Bu gün bunu reallaşdırmaqm istədik, amma alınmadı. Çox üzülürəm. Ancaq buna baxmayaraq, inanıram ki, Estoniyadakı cavab matçında qələbə qazana biləcəyik.

- İkinci oyunda mərhələ keçəcəyimizə əminsən?

- Bəli, bu mümkündür və buna şübhə eləmirəm. Çünki gücümüz mərhələ keçməyə imkan verir. Özünüz də gördünüz ki, nə qədər imkanımız oldu. Elə 2 dəfə top qapı dirəyinə dəydi. Digər imkanları hələ demirəm. Neyləmək olar, futbolda bəzən belə də olur. Ancaq yenə deyirəm, gücümüz mərhələ keçməyə imkan verir.

- Rəqib haqqında nə deyə bilərsən?

- Pis komanda deyillər. Həm də unutmayaq ki, hazırda onlarda çempionat gedir və “Nomme Kalyu” futbolçuları daha çox oyun praktikasına malikdi. Biz isə təlim-məşq toplanışından sonra ilk oyunumuza çıxırdıq. Lakin mən özümüzü onlardan daha güclü hesab edirəm.

- Ancaq “Nomme Kalyu”nun baş məşqçisi deyib ki, artıq növbəti mərhələyə biz daha yaxınıq, nəinki “Xəzər Lənkəran”. O, buna səbəb kimi səfərdə 2 qol vurmalarını göstərib.

- Razıyam, səfərdə vurulan 2 qol böyük üstünlük sayılır. Məsələn, əgər hesab 0:0 olsaydı, o zaman estonların şansını o qədər də yuxarı qiymətləndirmək olmazdı. Ancaq 2:2, artıq onların şansını artırır. Bütün bunlara baxmayaraq, mən öz fikrimcə qalıram və düşünürəm ki, biz növbəti mərhələyə yüksəlməyi bacaracağıq. Bunun üçün tezliklə toparlanmaq və cavab oyununda səhv buraxmamaq lazımdır.

- Oyunun sonlarına yaxın qol vurmaq üçün çox yaxşı bir imkanın olsa da, topu qapının yanından vurdun. Düşünmürsən ki, həmin epizodda bir qədər dəqiq olsaydın, komandana qələbə qazandıracaqdın?

- Bildim hansı epizodu deyirsiniz. Düzdür, o epizodda qol vura bilərdim. Sadəcə, zərbə istədiyim kimi alınmadı və top qapının yanından keçdi. Ondan başqa, daha bir neçə epizodda real şansımız oldu. Nə deyə bilərəm, top sanki qapıya girmək istəmirdi. 

- “Xəzər Lənkəran” azarkeşləri səndən çox narazıdır və düşünürlər ki, Subaşiçin gücü komandaya uğur qazandırmaq üçün yetərli deyil, komandaya təcili səviyyəli hücumçu alınmalıdır. Onların bu fikrinə münasibətin necədir?

- Bilirsiniz, komandaya təkcə hücumçu yox, hər mövqeyə oyunçu lazımdır. Bir mövqeyə ən azı iki eynisəviyyəli futbolçu lazımdır ki, rəqabət olsun. Bəli, hücumçu da alınamıdır, mən bunun əleyhinə deyiləm. Komandanın baş məşqçisi var, rəhbərliyi var, lazım olarsa, onlar bu məsələni həll edəcəklər. Mən öz məşqimi edirəm. Azarkeşlərin dediklərinə gəlincə, bu, onların şəxsi fikridir və hörmətlə yanaşıram.

Anar XANLAROV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı