“Xəzər Lənkəran” dünənki kimi oynasa, mərhələ adlayacaq”

“Xəzər Lənkəran” dünənki kimi oynasa, mərhələ adlayacaq”
MÜSAHİBƏ 6 İyul 2012 / 12:53 3753
-  A +

“Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev komandalarının dünən Avroliqada Estoniyanın “Nomme Kalyu”ya qarşı keçirdikləri oyunla (2:2) əlaqədar Qol.Az saytının suallarını cavablandırıb

- Qələbə qazana bilməməyinizə nə səbəb oldu?

- Hamınız gördünüz ki, “Xəzər Lənkəran” bu qarşılaşmada çox üstün idi. Vurduğumuz qollardan başqa top iki dəfə qapı dirəyinə dəydi. Eyni zamanda rəqibin qapıçısının inamlı oyununu da qeyd eləmək lazımdır. Ümumi götürəndə, komandamız matça çox yaxşı köklənmişdi və oyunu yüksək səviyyədə keçirdi. Sadəcə, bəxtimiz gətirmədi.
 
- Komandanızın qapısına vurulan qollar kobud səhvlər nəticəsində baş verdi. İlk səhv isə Kamran Ağayev tərəfindən oldu...

- Bəli, sizinlə razıyam ki, səhvlər edildi. Əgər bu səhvlər olmasaydı, nəticə də başqa cür olardı. Bir şeyi deyə bilərəm ki, səfərdə də evdəki kimi oynasaq, növbəti mərhələyə keçə biləcəyik.

- Erkən qol buraxmağınız komandanızın oyununa necə təsir etdi?

- Bu amil futbolçulara psixoloji baxımdan təsir göstərir. Demək olar ki, hücumu olmayan bir komandadan qol buraxmaq təsirli olur. Əgər ilk qolu biz buraxmasaydıq, böyükhesablı qələbə də qazana bilərdik.

- Baş məşqçiniz Yunis Hüseynov görüşün baş hakimindən narazı qalıb. Bəs, siz hakimlik haqda nə deyərdiniz?

- Bütün dünyada görünüb ki, hakimlərin meydan sahiblərinə az da olsa, simpatiyası olur. Lakin bu hakim doğrudan da, nə qərar verdiyini özü də bilmirdi. Hakim özünü əməlli-başlı itirmişdi. Məncə, hakim bizə qarşı çox qərəzli idi. Rəqib ikinci qolu cərimə zərbəsindən vurdu. Lakin həmin epizodda cərimə zərbəsindən söhbət gedə bilməzdi. Hakimin belə səhvləri qələbə qazanmağımıza mane oldu.

- Bir çoxları deyir ki, “Xəzər Lənkəran”ı səfərdə ağır oyun gözləyir. Bəziləri isə düşünür ki, ümumiyyətlə, mərhələ adlaya bilməyəcəksiniz.

- Mən deməzdim ki, ağır oyun olacaq. Bir daha deyirəm, dünənki kimi oynasaq, qələbə qazanacağıq. Baş məşqçi və futbolçulara rəhbərlik tərəfindən mərhələni adlamaq tapşırığı verilib.

Əli HƏYATİ


 

Daha çox


Son xəbərlər