Şahin Diniyev: “Estonlar Lənkəran stadionundakı səs-küyü sakit qarşılayacaqlar”

Şahin  Diniyev: “Estonlar Lənkəran stadionundakı səs-küyü sakit qarşılayacaqlar”
MÜSAHİBƏ 5 İyul 2012 / 12:56 2871
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində bu gün Avropa Liqasında mübarizəyə başlayacaq klublarımızın şanslarını dəyərləndirib

- Avroliqada bu gün üç klubumuz mübarizə aparacaq. İlk olaraq “Bakı”- “Mura” (Sloveniya) qarşılaşması haqda fikrinizi bilmək istərdik.

- “Mura” haqda məlumatım çox azdır. Lakin hər şeyə rəğmən, “Bakı” ev oyununda ilk növbədə qapısından top buraxmamalıdır. Bu, onların başlıca məqsədi olmalıdır. Fikrimcə, “Bakı”nın bu oyunda 0:0 heç-heçə etməsi 2:1 hesablı qələbə qazanmasından daha yaxşıdır.

- Erkən qol vurmaları “Bakı”nın qələbə qazanmasında önəmli rol oynaya bilər?

- Hər məşqçinin öz taktikası var. Bu, çox vacib amillərdəndir. Bunu ancaq baş məşqçi yaxşı bilə bilər. Məşqçi tam olaraq bilir ki, bu gün komandası hansı səviyyədədir. Ona görə də bizlər yalnız proqnozlar verə bilərik. Ola bilər “Bakı” fiziki cəhətdən hazır olmasın, ilk dəqiqələrdən sürətli və aramsız hücumlara üstünlük versin. Lakin rəqib bu həmlələrin qarşısını alaraq, ikinci yarıda fiziki baxımdan axsayan komandamızı cəzalandıra bilər.

- “Bakı”nın hücum xəttindəki problem komandaya nə kimi mənfi təsir edə bilər?

- Müasir futbolda müdafiəçi və hücumçu anlayışı artıq qalmayıb. Son Avropa çempionatında qızıl mükafatı qazanan İspaniya komandasını buna nümunə göstərə bilərik. Məncə, hücumçunun olmamasından daha çox, orta və arxa xətt oyunçularının hücuma necə dəstək verməsini düşünmək lazımdır.

- Bu gün daha bir təmsilçimiz “Xəzər Lənkəran” öz meydanında Estoniyanın “Nomme Kalyu” komandasının qəbul edəcək. Bəs, cənub bölgəsini təmsil edən komandamızın şanslarını necə görürsünüz?

- Rəqiblərimiz barədə yaxşı məlumatımız yoxdur. Bircə “Neftçi”yə rəqib olab Gürcüstanın “Zestafoni”sindan başqa. Ancaq hər şeyə rəğmən “Xəzər Lənkəran”ın üstünlüyü var. Onların böyük azarkeş ordusu var. Doğma meydan amilini də unutmamalıyıq. Lakin yaddan çıxarmayaq ki, estonlar soyuqqanlı millətdirlər. Onlar Lənkəran stadionundakı səs-küyü sakit qarşılayacaqlar. “Xəzər Lənkəran”ın heyətində böyük dəyişiklik olmadığı üçün qələbə qazanmaq şansları var. Amma bütün hallarda “Xəzər Lənkəran” hələ ki, kağız üzərində favoritdir. Bu komandanın evdə qələbə qazanmaq şansı əlli faizdən yuxarıdır.

- Bəs səfərdə Estoniyanın başqa bir təmsilçisi  “Trans”la oyuna çıxacaq “İnter” haqda nə düşünürsünüz?

- Mən ilk növbədə “İnter”in heyətinin qorumasını və sabit oyununu qeyd edə bilərəm. Bundan başqa, “İnter”i zəif hesab etmirəm. Sabit heyət, sabit oyun uğurlu nəticəyə bərabərdir. Səfər qarşılaşmasında “İnter” arxa zonada daha diqqətli olacaq. Lakin əsas məsələ hücumda necə oynayacağıdır. Çünki səfər qarşılaşmasında qol vurmaq mütləq hesab edilir.

- Ümumiyyətlə, bu gün hansısa klubumuzdan böyükhesablı qələbə gözləyirsiniz?

- İndi Avropada zəif komanda yoxdur. Qarşılaşdığımız klubların ölkəsində çempionat varsa, deməli, mübarizə və gərginlik də var. Mən inanmıram ki, hansısa klubumuz asanlıqla   böyükhesablı qələbə qazansın.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər