Novruz Əzimov: “Mura-05” oyuna daha yüksək motivasiya ilə çıxacaq”

Novruz Əzimov: “Mura-05” oyuna daha yüksək motivasiya ilə çıxacaq”
ÖLKƏ FUTBOLU 5 İyul 2012 / 01:10 2059
-  A +

Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Sloveniyanın “Mura-05” klubu ilə qarşılaşacaq “Bakı”nın baş məşqçisi Novruz Əzimov oyunöncəsi mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi ənənəvi olaraq, komandasının hazırlığından və düşərgədəki son durumdan danışıb: “Düşünürəm ki, komandamız “Mura-05”-lə oyuna 70-80 faiz hazırdı. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Təbii, problemlər var. Konkret hücum xəttini nəzərdə tuturam. Ancaq buna baxmayaraq, qələbə üçün oynayacağıq. Eyni zamanda unutmayaq ki, müdafiəni də yaddan çıxarmaq olmaz. Yaxşı hücum etdiyin kimi, gərək diqqətli də müdafiə olunasan”.

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovdan fərqli olaraq, Əzimov bu günkü oyunda meydançaya buraxacağı start heyətini müəyyənləşdirmədiyini dedi: “Start heyətiylə bağlı hələ son qərarımı verməmişəm. Nurlan Novruzovu oyuna hazır sayıram. Ancaq məsələ burasındadır ki, onun yetərincə oyun təcrübəsi yoxdur. Odur ki, 100 faiz meydançaya çıxacağını deyə bilmərəm. Parksa gəlincə, o maksimum bir hissə oynaya bilər. Yalnız növbəti mərhələdə 90 dəqiqə meydançada ola bilər”.

“Bakı”nın baş məşqçisi “Mura-05”-in viza problemi səbəbindən hələ də ölkəmizə gələ bilməməsini və yalnız oyun günü Bakıda olacağının onlar üçün elə də böyük üstünlük olmadığını düşünür: “Mura-05”in Bakıya gecikməsinin bizim üçün böyük üstünlük sayıla bilməz. Əksinə, onlar daha böyük motivasiya ilə oyuna çıxacaqlar. Yadımdadır, 1984-cü ildə biz də “Karpatı” ilə oyuna gec getmişdik. Ancaq oyunu yüksək səviyyədə keçirdik və evə 1 xalla döndük”.

52 yaşlı mütəxəssis heyətə yeni futbolçu cəlb olunacağının mümkünlüyünü də bildirib: “Yeni transferlər olacaq. Hazırda bir hücumçu və bir qapıçı axtarırıq. Hazırkı qapıçımız Aqil Məmmədova çox güvənirəm. O, oyuna hazırdı. Yeni qapıçı məsələsinə gəlincə, bildiyiniz kimi, bu sahədə iş də gördük, qapıçı da tapdıq, razılıq da əldə etdik. Lakin biri zədəli çıxdı, digər ikisi də əvvəl söz verdi, razılıq əldə olundu, hətta klubumuzun bazasına da təşrif buyurdu. Lakin sonradan gözlənilmədən verdikləri sözlərin üstündə durmadılar və Bakını tərk etdilər”. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı