Yunis Hüseynov: “Lazım gəlsə, müdafiəçiləri də hücumda oynadacam”

Yunis Hüseynov: “Lazım gəlsə, müdafiəçiləri də hücumda oynadacam”
ÖLKƏ FUTBOLU 4 İyul 2012 / 23:58 2265
-  A +

Sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, o, ilk öncə komandasının hazırlıq prosesi haqqında danışıb: “Hazırlığımız pis getmir, əsas odur ki, düşərgədə zədəli və xəstə futbolçu yoxdur. Bundan öncə Avstriyada toplanış keçmişdik və həmin toplanışın da nəticəsindən narazı qalmadım. Artıq sabahkı oyunu gözləyirik və inanıram ki, azarkeşləri sevindirə biləcəyik”.

47 yaşlı mütəxəssis “Xəzər Lənkəran” azarkeşlərini daha çox narahat edən hücumçu probleminə də toxunub: “Mən də komandaya hücumçu lazım olduğunu bilirəm, özüm də bu mövqeyə futbolçu götürmək istəyirdim. Bu məqsədlə baxışa hücumçular da dəvət etdik. Ancaq onların hazırlıq səviyyəsi məni qane etmədiyindən heyətimizə qatmadıq. Lakin bu, o demək deyil ki, bu səhifəni bağlamışıq. Xeyr, hücumçu axtarışlarımız davam edir. Yerli futbolçularla da maraqlandıq mən özüm də azərbaycanlı hücumçu ilə anlaşmağın tərəfdarı idim. Ancaq razılığa gələ bilmədik”.

Bütün bu çətinliklərə baxmayaraq, Hüseynov sabahkı qarşılaşmada əsas hədəflərinin tarix yazmaq olduğunu bildirib: “Xəzər Lənkəran” yarandığı tarixdən bu yana hələ ki, avrokuboklarda qələbə qazanmayıb. Odur ki, sabah tarix yazmaq istəyirik. Problemlərə baxmayaraq, hücum futbolu oynayacağıq. Lazım gəlsə, müdafiəçiləri də hücumda oynadacam”.

“Xəzər Lənkəran”ın baş məşqçisi əsas heyəti beynində müəyyənləşdirdiyini desə də, bunu sabah açıqlayacağını vurğulayıb. O, rəqib haqqında da fikirlərini bölüşüb: “Estoniya klubunun iki oyununun videoyazısına baxmışam. Normal komandadır. Məşqlərinə də baxdım. Daha çox əks hücumlara üstünlük verdikləri hiss olunur. Bir də yaxşı qışqırmaqları var. Zəif cəhətlərini isə sabah deyəcəm”.

3:0, 4:0 hesabıyla qələbə qazanmaq istəyində olduğunu deyən Hüseynov ona ünvanlanan “Əgər növbəti mərhələyə keçə bilməsəniz nə olacaq?” sualına konkret cavab verib: “Belə şey olmayacaq, biz, mərhələni keçəcəyik”.

Daha çox


Son xəbərlər