“Ola bilsin ki, “Zestafoni”nin futbolçuları da bizə zəif gözüylə baxsın”

“Ola bilsin ki, “Zestafoni”nin futbolçuları da bizə zəif gözüylə baxsın”
MÜSAHİBƏ 30 İyun 2012 / 02:06 2932
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyin Seyidovun Qol.Az saytına müsahibəsi

- Çempionlar Liqasında Gürcüstanın “Zestafoni” klubunun sizə rəqib olmasını necə qarşıladın?

- Düzdür, “Zestafoni” Zaqreb “Dinamo”su və ya “ Bazel” deyil. Lakin özlərinə görə avrokuboklarda təcrübəsi olan bir komandadır. Onların sürətli və texnikalı oyuna üstünlük verdiklərini yaxşı bilirik. Bundan sonrakı işin çox hissəsi məşqçilərin üzərinə düşür. Çünki ilk növbədə rəqibi daha yaxşı analiz etməyimiz lazımdır. Yəqin ki, bütün bu araşdırmalardan sonra məşqçilər tərəfindən tapşırıqlar alacağıq. Belə götürəndə, “Zestafoni”ni münasib rəqib saymaq olar.

- Lakin çoxları hesab edir ki, gürcü komandası “Neftçi”nin tam “dişinə” görədir və sizi artıq növbəti mərhələdə saymaq olar...

- Ümumiyyətlə, Çempionlar Liqasında “zəif rəqib” anlayışı düzgün deyil. Bu fikirlə razılaşmıram. Ola bilsin ki, “Zestafoni”nin nümayəndələri və futbolçuları da bizə zəif gözüylə baxsın. Keçən il uğursuz çıxış etməyimizə baxmayaraq, bu il əlimizdən gələni etməliyik. Arxayınlaşmaq olmaz. İnşallah, ciddi hazırlaşıb növbəti mərhələyə keçərik.

- Rəqib komandanın futbolçuları belə fikir səsləndirir ki,  “Neftçi”nin bizi zəif hesab etməsi onlara baha başa gələcək”. Doğurdanmı komanda yoldaşların rəqibi zəif hesab edir?

- Onlar da özlərinə görə futbolçudu. Əgər mənim komandam haqqında “zəif” kəlməsi işlədilsə, mən də həmin sözü deyənin cavabını verərəm. Məncə, “Neftçi” futbolçuları rəqib haqqında belə fikir səsləndirməyib. Şəxsən mən, “Zestafoni”ni  zəif hesab etmirəm.

- Rəqibinizin məlum olandan sonra rəhbərlik bunu necə qarşıladı?

- Açığı həmin vaxt mən komandayla birlikdə deyildim. Püşkün nəticəsi bəlli olanda İstanbuldan Bakıya uçurdum. Rəqibin kimliyini təyyarədən düşəndə bildim. Həmin zaman 2-3 futbolçu da mənim yanımdaydı. Onlardan biri də Araz Abdullayev idi. Açığını desəm, püşkün nəticəsini pis qarşılamadıq. Əksinə, çox sevindik. Çünki potensial rəqiblər içərisində “Bazel”, “Dinamo” kimi güclü komandalar var idi. İnşallah, bu sevinci qələbəylə doğrultmalıyıq. Belə deyək, şansımız öz əlimizdədir.

- “Neftçi”ni daha çox futbolçu tərk etdi.  Sanki komandanı gücləndirmək prosesi zəif gedir...

- Zəif deyəndə, artıq dörd futbolçuyla müqavilə bağlanılıb. Bu işlə məşğul olanlar var. Bir neçə gündən sonra Avstriya toplanışına yollanacağıq. Çox güman ki, orada da bir neçə futbolçu düşərgəyə dəvət olunacaq. Düzdür, bu işlərlə biz məşğul olmuruq. Lakin bir futbolçu kimi hesab edirəm ki, əgər az transfer edilibsə, deməli, üstünlük gənclərə verilib. Ola bilsin məhz buna görə iş bir az yavaş getsin. O ki, qaldı transfer məsələsinə, lazım olan bir neçə futbolçular artıq alınıb.

- Bəs yeni transferlər barədə nə deyə bilərsən?

- Brazilyalı Bruno Bertuççi komandaya yeni qoşulmasına baxmayaraq, onunla əla münasibət qura bildik. Peşəkar futbolçu kimi ən xoş sözlərə layiqdi. Əgər yeni futbolçular “Neftçi”yə transfer ediliblərsə, deməli, səviyyəli futbolçulardı. İnanıram ki, tez bir zamanda yenilər də kollektivə öyrəşəcəklərlər və bu mötəbər turnirdə “Neftçi”üçün çox faydalı olacaqlar. 

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər