Elvin Məmmədov: “Cütün taleyini Bakıda həll etməliyik”

Elvin Məmmədov: “Cütün taleyini Bakıda həll etməliyik”
MÜSAHİBƏ 29 İyun 2012 / 12:52 2369
-  A +

“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi

- Sloveniyadakı təlim-məşq prosesinizdən razı qaldınız?

- Bəli, komanda çox gözəl hazırlaşdı. Həmçinin keçirdiyimiz bir neçə yoldaşlıq görüşü də xeyrimizə oldu. Məncə, bu yoldaşlıq görüşləri komandanın oyun praktikasının itməməsinə çox kömək etdi. Hazırda sizinlə Avstriyadan danışıram. İndi Bakıya qayıdırıq.

- Avroliqadakı ilk rəqibiniz bir müddət əvvəl 4:0 hesabıyla məğlub etdiyiniz Sloveniyanın “Mura” klubu oldu. Ümumiyyətlə, bu komandanın potensialı haqda nə deyə bilərsən?

- Düzdü, “Mura”ya qalib gəldik. Lakin sloveniyalılar bizdən bir gün öncə də yoldaşlıq görüşü keçirmişdilər. Ancaq əsas heyət üzvlərinin 6-7 futbolçuları oynamadı. Düzünü deyim ki, çətin olacaq. Lakin çalışacağıq ki, bu klubla ilk mərhələdəki qarşılaşmada maksimum nəticə göstərək.

- Necə düşünürsən, rəqibinizin hansı xüsusi özəlliklərindən ehtiyatlanmaq lazımdır?
 
- Bu barədə hələ heç bir bilgimiz yoxdur. Lakin baş məşqçimiz hər şeyi daha yaxşı bilir. Yəqin ki, Bakıda bütün bu məsələlərdə komandaya göstərişlərini verəcək. Hər şeyə rəğmən deyə bilərəm ki, çox yaxşı komandadır. Belə götürəndə Avroliqada zəif komanda olmur. Bu turnirə vəsiqə qazanıbsa, deməli, layiqli rəqibdir.

- İlk oyunun Bakıda keçirilməsi sizə nə kimi üstünlük verə bilər?

- Biz birinci oyunu Sloveniyada oynamaq istəyirdik. Çünki təkrar evə dönüb, təzədən geri qayıtmaq yol yorğunluğuna səbəb olacaq. Ancaq nə etmək olar. Çalışacağıq ki, cütün taleyini Bakıda həll edib səfərdəki oyuna bir qədər rahat çıxaq.

- Bəs, sən real olaraq şanslarınızı necə görürsən?

- Şanslar bərabərdir. Çünki rəqib ilk qarşılaşmada hücumdan daha çox müdafiə olmağı düşünəcək. 

- Səncə, komandanıza transfer edilən legionerlər uğurlu çıxış üçün kifayət edəcək?

- Yeni oyunçularımız çox səviyyəlidir. İnanıram ki, onlar komandanın Avroliqada uğurlu çıxış etməsinə kömək edəcəklər. Lakin hər şey üçün müəyyən bir vaxt lazımdır. Bu məsələ 1-2 oyunla həll olunmur.

- Özün haqda nə deyərdin? Artıq optimal formanı bərpa etdiyini söyləmək olar?
 
- Demək olar ki, səksən faiz əsas formamı bərpa etmişəm. Məncə, bu yarışmada komandama istənilən kimi kömək edə biləcəyəm.

Əli HƏYATİ

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord