Fatih Kavlak: “Qəbələ” heç kimi baxışa çağırmır”

Fatih Kavlak: “Qəbələ” heç kimi baxışa çağırmır”
MÜSAHİBƏ 28 İyun 2012 / 14:59 2683
-  A +

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Qol.Az-a müsahibə verib

- Komandanızın hazırlığı necə gedir, heyətdə hansı dəyişikliklər var?

- Hər şey qaydasındadır, hazırlıqlarımız da öz qaydasında gedir. Heyətə gəlincə, bildiyiniz kimi, sloveniyalı Keları heyətimizə qatmışıq. Hazırda bir qapıçı ilə də anlaşmağa çox yaxınıq, ola bilsin, elə bu gün müqavilə bağladıq. Bir nəfər də müdafiəçi ilə danışıqlarımız gedir.

- Həmin futbolçuların adlarını açıqlaya bilərsiniz?

- Xeyr, hələ rəsmi müqavilə imzalanmadığından konkret  ad çəkmək istəmirəm. Hər şey rəsmiləşəndən sonra ad da açıqlanacaq.

- Bilirik ki, hazırlığın ikinci mərhələsini Sloveniyada keçəcəksiniz və 5 yoxlama görüşündə qüvvənizi sınayacaqsınız. Rəqibləriniz artıq məlumdur?

- Hələ ki, məlum deyil.

- Heyəti tam komplektləşdirib Sloveniyaya gedəcəksiniz, yoxsa ola bilər ki, orada da kimisə sınaqdan çıxardasınız?

- Ümumiyyətlə, “Qəbələ” heç kimi baxışa çağırmır. Bizdə “baxış” deyilən söz yoxdur. Bəyəndiyimiz futbolçunu dəvət edib onunla birbaşa müqavilə bağlayırıq. Dediyim kimi, heyəti demək olar, komplektləşdirmişik və yalnız iki oyunçu qalıb. Onlarla da tam razılaşıb müqavilə bağladıqdan sonra toplanışa yollanacağıq.

- Maraqlıdır ki, bizdən daha çox inkişaf etmiş Türkiyə futbolunun iki təmsilçisi - “Antalyaspor” və “Elazıspor” hazırlıq keçmək üçün Qəbələyə gəldiyi halda, “Qəbələ” Sloveniyanı seçir. Bu nə ilə əlaqədardı?

- Dediyiniz komandalar daha başqa iki məkanda hazırlıq keçib sonra Qəbələyə gələcəklər. Öz təmsil etdikləri şəhərlərdə heç hazırlıq keçmədilər. Təbii ki, biz də Qəbələnin, buradakı şəraitin önəmini bilirik. Ona görə də hazırlığımızın əsas hissəsini burada keçdik. Sadəcə, yoxlama görüşləri keçirmək üçün Sloveniya daha uyğun məkandı. Çünki burada qalsaq, ancaq 2-3 Azərbaycan klubu ilə yoxlama görüşü keçirə bilərik ki, bu da bizə sərf etmir.

- Növbəti mövsüm üçün qarşıya qoyduğunuz məqsəd nə olacaq, sırf çempionluq, yoxsa avrokuboklara vəsiqə?

- Hədəfimiz yüksək yerlərdi, bunu açıqlamışıq. Dəvət etdiyimiz futbolçulardan da razıyam, istədiyim  heyəti qura bilmişəm və bu mənada rəhbərliyə  öz təşəkkürümü bildirirəm. Çünki bunun üçün mənə bütün şəraiti yaratdılar.

- Bəs, oyun planında hansısa dəyişiklik olacaq? Ötən mövsüm daha çox Mendi-Kamana-Dodo üçlüyünün sürətinə güvənirdiniz və oyun daha çox onların üzərində qurulurdu. Bu mövsüm necə olacaq, “Qəbələ” daha çox hücum, yoxsa müdafiə futbolu oynayacaq?

- “Qəbələ” ilk növbədə qazanmaq üçün oynayacaq. Əldə olan futbolçulara uyğun taktika qurulacaq. Belə deyək, qol vurmaq üçün 20 ötürmə vermək lazımdırsa, 20 ötürmə veriləcək. Əsas odur ki, istədiyimiz nəticəni qazanaq.

Anar XANLAROV

Daha çox


Son xəbərlər