Fürsət və intiqam yarımfinalı

Fürsət və intiqam yarımfinalı
ÖLKƏ FUTBOLU 28 İyun 2012 / 13:56 2281
-  A +

“Əla! Biz yenə İtaliya ilə qarşılaşacağıq. Almaniya neçə vaxtdır ki, belə fürsət axtarırdı. İndi biz intiqamımızı alacağıq”... Bu gün saat 23:45-də Almaniya-İtaliya yarımfinalı haqda Oliver Birhoffun (adı hər şeyi deyir) elə bu iki cümləsi ilə də kifayətlənmək olardı. Fürsət... İntiqam... Sözlərə bax! Adama biri şillə vuranda ömür boyu unutmursan, di gəl komandanı öz evində, yarımfinalda, hamının gözü qarşısında... udalar. Özü də Almaniya kimi komandanı. Almanlar bunu unutmaz.

Biz də xatırlayaq. 2006-cı il Almaniyada keçirilən dünya çempionatının yarımfinalında ev sahibləri ilə İtaliya millisi qarşılaşırdı. Baş məşqçisi Marçello Lippi olan İtaliyanın həmin il çox güclü heyəti vardı. İndi o heyətdən qapıçı Canluici Buffon, Andrea Pirlo və Daniel de Rossi qalıb. Almaniya da zəif deyildi. Onlar meydan sahibi kimi dünya çempionluğunu qazanmağa çox yaxın idilər. Yarım addım. Yarımfinalı keçdinsə, ya qismət. Yurgen Klinsmann oyunçu kimi çox güclü idi, amma məşqçi kimi nəsə alınmadı. Almaniyanın komanda korpusunda həmin il rəhbər Klinsmann idi. İndi o tərkibdən qalan Kloze və Podolskidir.

Dramatik bir yarımfinal oldu. Qapılar 90 dəqiqə toxunulmaz qaldı. Əlavə vaxtın birinci hissəsində də bərabərlik qorundu. Hər şey penallaşmaya doğru gedərkən... 119-cu dəqiqədə Almaniya yıxıldı. Fabio Qrosso İtaliyanın gözlədiyi qolu vurdu. Almanlar özlərinə gəlməmiş 120-ci dəqiqədə Del Pyero daha bir top vurdu.

Bunu unutmaqmı olar? İtaliya finala çıxdı və Fransanı udub dünya çempionu oldu. Almanların vətənində. Almanlar üçüncü yer uğrunda çox həvəssiz bir oyuna çıxdılar və Portuqaliyanı uddular. Almanlara üçüncü pilləmi lazım idi?

İndi Almaniya ona hava-su kimi lazım olan qızıl kubokun yenə yarım addımlığına gəlib çıxıb. Rəqib yenə İtaliyadır. Almaniya 2006-cı ildəkindən daha güclüdür, İtaliya isə çempion olduğu ildən zəif komandadır. Amma bunların hamısını bir kənara qoyaq. Ortada Birhoffun dediyi kimi, fürsət və intiqam var. Bunu italyanlar da bilir. Oyun necə olacaq - bunu isə bir Allah bilir...

Gözəl bir yarımfinal olmalıdır. Bəlkə də finala bərabər bir oyun. Tərslikdən Almaniyaya azarkeşlik etdiyim bu çempionatda rəqib heç vaxt rəğbətimi gizlətmədiyim, İngiltərə ilə penallaşmada həyəcandan siqareti-siqaretə caladığım İtaliyadır. Almaniya bir dəfə yazdığım kimi, meydanda “xor oxuyur”, amma İtaliyada “solo” çoxdur: Balotelli, Pirlo, Di Natale kimi... Onların ifası da gözəldir. Bəlkə elə bu gözəllikdən zövq alaq, tərəf tutmayaq. Tərəfsiz də nə futbol? Durumum çətin...

İtaliyanın baş məşqçisi Çezare Prandelli də tarixi xatırlayıb. Almanlar kimi yaddaşları var italiyalıların da. Prandelli bir az uzağa gedib. 1970-ci ilə. Meksikada keçirilən dünya çempionatına: “O zaman mənim 14 yaşım vardı. Atamla Almaniya-İtaliya oyununa baxırdıq. O oyundan sonra Almaniya mənim yaddaşıma İtaliyanın prinsipial rəqibi kimi yazıldı”.

Prandelli də təsadüfən həmin oyunu xatırlamır. 14 yaşında baxdığı oyun da yarımfinal idi. Oyun necə qurtarıb? Yenə italyanlar qalib gəliblər. Yenə gərgin oyunda. Özü də 4:3! Braziliyanın çempion olduğu həmin çempionat deyilənə görə, çox maraqlı olub. Bunu elə bu hesabdan da bilmək olar. Bəs italyan məşqçi indi nə deyir? Almaniya o zamankı AFR deyil axı...

“Almaniya şübhəsiz ki, çempionatın favoritidir və finala çıxmaq şansları da çoxdur. Oyuna yaxşı hazırlaşsaq, bizim qarşımızda məğlubedilməz komanda yox, yaxşı komanda olacaq. Bizi çox gərgin mübarizə gözləyir” - deyir Prandelli.

Prandellinin fikrincə, Almaniyanın əsas gücü oyunu orta xətt hücumçuları üzərində qurmasıdır: “Mən onları yarımhücumçu adlandırardım. Rəqibə əsas problemi də məhz bu oyun üslubu yaradır”.

İtaliyalı məşqçi komandasının müdafiədə “yatmayacağını” söyləyib: “Biz müdafiə olunmaqdansa oynayıb qapımıza qol vurulmasına üstünlük verəcəyik”.

Aydındır məncə. Prandellinin İngiltərə ilə oyunda Kassanonu, De Rossini meydandan çıxarıb onların birinin yerinə oyuna heç olmasa Di Nataline buraxmamasını anlaya bilməmişdim. Amma burda aydın danışır - müdafiədənsə hücum. Müdafiədə oturmaqla Almaniyanın qarşısında duruş gətirmək olar. Qapıya uzağı 3 qol vuracaq. Amma Almaniyaya hücum etsən, bəlkə uğur oldu. Bu il almanların müdafiəsi yalnız Fillip Lamın təcrübəsi sayəsində ayaqda durur. Almaniya bu çempionatda - Portuqaliya ilə matçdan başqa - bütün oyunlarda qapısından top buraxıb. İngiltərə Con Terrinin sayəsində qapısını 120 dəqiqə toxunulmaz saxladı, yoxsa İtaliya məsələni əsas vaxtda həll edə bilərdi. İndi İtaliyanın rəqibi daha hücumda güclü, müdafiədə isə bir az zəifdir. İtaliya hirslə oynasa, qapıya yol tapacaq.

Almanlar belə görünür ki, intiqama hazırlaşır. Hirsli başda isə ağıl olmaz deyiblər. Görək, bizim atalar məsəlinin almanlara nə dəxli var...

İtaliya İngiltərə ilə oyunda göstərdi ki, bu çempionatda təkcə İspaniya deyil, həm də onlar topa nəzarət etməkdə ustadırlar. Almaniya isə belə oyunu sevmir, bəlkə də nifrət edir. Alman futbolçuları aqressiv və cəlddir. Top bir dəqiqə onlarda olmayanda hirslənirlər, cığallıq edirlər və oyun sxemləri pozulur. İtaliya bu gün Almaniyanı məncə, belə sınağa çəkəcək. Almanlar hirslənsin, cığallıq etsin və oyunları pozulsun. Amma orta xətdə bir Pirlo da olacaqsa...

Əla bir oyunçudur. Komandanın gözüdür Pirlo. İngilislər onu yarımmüdafiədə yaxşı bağladılar, amma yenə mühasirəni tez-tez yarıb çıxdı. Onun ötürmələrini vuran futbolçu lazımdır. Hələ onun Co Xartın qapısına vurduğu penalti. Sovet İttifaqının çempionatında Yuri Qavrilov vardı, “Spartak”ın oyunçusu. O da topa zərbə vurmazdı. Yalnız qapıya dığırladardı. Bizim Ponomaryov da pis vurmurdu penaltini. Amma Pirlo... O cür gərgin oyunda o cür penalti?! Özü oyundan sonra komanda yoldaşlarına deyib ki, penaltini ingilislər psixoloji cəhətdən zərbə alsınlar deyə elə vurub.

Elə də oldu. Amma Pirlonun o penalı Co Xartı aşağılamadı. 33 yaşlı dünyanın ən güclü yarımmüdafiəçisinin usta olduğunu göstərdi.

Bu gün hücumda Pirlonun ötürmələrini gözləyəcək Balotellini də görə biləcəyik. Məşqçi onun oyunundan razı qalıb. Komandada belə qalmaqallı və diqqətçəkən oyunçunun olması İtaliyanın bu çempionatda böyük üstünlüyüdür. Hətta çempionata yeni saç düzümü ilə gələn 90 milyon avroluq Ronaldoya da bu qədər diqqət yoxdur. Ondan da çox yazırlar, amma manşetlər Balotellidir. Bugünkü oyunda qol vurmaq üçün çox çalışacaq. Əgər bu gecəyədək ağzını və əlini dinc saxlasa, meydanda olacaq.

Di Natalenin də bu gün meydanda yeri var. Kassano çox bacarıqlı oyunçudur, daim irəli, irəli gedir. Nə yazıq ki, onun zədəsi tam sağalmayıb və bu da oyunun sonlarına yaxın özünü göstərir. Bu oyunda isə yorulub meydanda almanların qarşısında dayanmaq olmaz.

İtaliyanın yarımmüdafiəçisi Daniel De Rossinin İngiltərə ilə oyunun sonlarına yaxın aldığı zədə isə deyəsən, ciddidir. Hər halda bu oyunçunun meydana çıxması İtaliyanın orta xəttinə mütləq lazımdır. Oyunda olmaması İtaliya üçün ciddi itki sayıla bilər.

Almanlara da basqı var. Almaniya millisinin vəziyyəti heç də ispanlardan yaxşı deyil. O mənada ki, Almaniya Lövün bu komandasından Avropa çempionatının kubokunu istəyir. Başqa heç nə. Zatən qarşıda kubokdan başqa da heç nə yoxdur. İspanlar “uduzduq” deyə bilərlər, ard-arda aldıqları mükafatlarla tarixə düşüblər. Fəqət, Almaniya bu günü 16 ildir gözləyir. Psixoloji cəhətdən ağır yükdür.

Bu gün Löv Almaniyanı tam gücü ilə oynatmalıdır. Burdan o yana kənd yoxdur ki... Almaniya tam gücünü göstərsə, biləcəyik ki, “nemes xalqı” ümidlərində nə qədər haqlıdırlar.

Millinin kapitanı Filipp Lam da etiraf edib ki, alman mediasında komandaya psixoloji basqı var: “Bizim qarşımızda bir məqsəd var. 1 iyulda Kiyevdə Avropa kubokunu başımız üzərinə qaldırmaq”.

2006-cı il yarımfinalının şahidi olan Lukas Podolski sanki İtaliyanı artıq udublarmış kimi finaldan danışıb. Təcrübəli hücumçu deyib ki, İspaniya ilə final çox maraqlı olacaq və Almaniya qalib gələcək. Bu çempionat başlayandan çox futbol mütəxəssisi İspaniya-Almaniya final matçından danışır. Proqnozlar düz çıxsa, ola bilsin maraqlı bir final oldu. Amma bu final üçün iyunun 27-də gecə İspaniya (bu oyunun nəticəsini artıq bilirsiniz), 28-də axşam isə Almaniya qalib gəlməlidir.

Oyunu fransalı hakim Stefan Lannua idarə edəcək.

Çempionatın son oyunu qaldı. 3 gün sonra finaldır. Hələ nöqtə qoymağa var...
 
Nazim SABİROĞLU,
“Yeni Müsavat” qəzeti

 

Daha çox


Son xəbərlər