Pireney yarımadasının yarımfinalı: İspaniya - Portuqaliya

Pireney yarımadasının yarımfinalı: İspaniya - Portuqaliya
AVRO-2012 27 İyun 2012 / 14:04 2750
-  A +

Bu gün saat 23:45-də Donetskdə (Ukrayna) Avro-2012-nin ilk yarımfinal oyununda Portuqaliya son dünya və Avropa çempionu İspaniya ilə qarşılaşır. İspaniya Fransaya 2:0 qalib gəlməklə ilk dəfədir ki, yarımfinala uzatma dəqiqələri olmadan vəsiqə qazanır. Bu günədək düz 10 oyundur ki, ispanlar beynəlxalq səviyyəli görüşlərdə uduzmurlar.

Ola bilər ki, bu gün İspaniya millisi öz titullarından birini itirsin. Ola da bilər ki, yenə finalın qapısından keçib bəxtini dalbadal üçüncü dəfə çempionluq yolunda sınasın. Nə olacaqsa, bu gün biləcəyik.

Bəri başdan deyim ki, Ronaldonun komandasını Avro-2012-də çempionluğa layiq hesab etməmişəm və yenə o fikrimdə qalıram. Amma İspaniya da məyus edir... İspaniya 2 il əvvəlki kimi güclü təsir bağışlamır və bunu dünyanın ən adlı-sanlı məşqçiləri, futbol adamları da deyir. “Perepasovka” - meydanda topa aşırı nəzarət ispanların oyununu darıxdırıcı edir. Sanki onlar əsl mübarizəyə deyil, oyunun baş məşqinə çıxırlar. Bəlkə də ispanlar məşqçi taktikası, usta oyunçuların sayəsində qarşıya qoyulan məqsədə doğru addım-addım irəliləyirlər və artıq güc sərf etməyə gərək yox. Bu cür oyun bəlkə də növbəti çempionluğu gətirərdi.

Amma... Almaniya olmasaydı. İspanların bu çempionatda baxımlı oyun göstərə bilməməsindən bu qədər çox danışılmasının da bir səbəbi var: Almaniyanın güclü və baxımlı oyunu. Məhz Almaniya millisi ilə müqayisədə İspaniya parlaq görünmür. İnşallah, bu mövzuya final ərəfəsi yenidən qayıdarıq.

Portuqaliya və İspaniya əzəli rəqiblər sayıla bilməz. Çünki Pireney yarımadasının bu iki millisinin Avropa çempionatlarına yolu hamar olmayıb. Portuqaliya 1984-cü ildə ilk dəfə Avropa çempionatına qatılanda İspaniya artıq uzaq 1964-cü ildə o zaman Avropa Kuboku adlanan baş mükafatın tozunu silirdi. Çünki onlar da çox uzun müddət idi ki, qələbəyə həsrət idilər. 1984-də Portuqaliya İspaniyanın da yer aldığı qrupa düşmüşdü. Qrup turnirində ispanlarla portuqaliyalıların qarşılaşması sülhlə bitmişdi. İspanlardan qolu Karlos Santilyani, portuqaliyadan isə Antonio Souza vurmuşdu. İspanlar həmin çempionatda uğursuz oynasalar da portuqallar irəliləməyi bacardılar və Avro-1984-nün qalibi olacaq meydan sahibləri Fransaya yarımfinalda uduzdular.

12 sonra - 1996-cı ildə Avropanın mötəbər yarışmasına qayıdan portuqaliyalılar yenə pey-offa çıxıblar. Burada isə onların yolunu çexlər kəsib. 2000-ci il çempionatında Portuqaliya ilə ispan millisi yarımfinalda yenidən görüşə bilərdilər. Amma Portuqaliya Türkiyəni udsa da ispanlar Fransanı keçə bilmədilər. Yarımfinalda da onların yenə çempionluq arzularına Fransa nöqtə qoydu.

2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatında meydan sahibləri yenə İspaniyanın da yer aldığı qrupa düşmüşdü. Qrup mərhələsində də ispanları o zamanın ulduz oyunçularından olan Nuno Qomeşin qolu ilə yendilər. 2008-də isə İspaniya millisi o qədər güclü idi ki, gözü Portuqaliyanı görəcək deyildi.

Bu komandaların sonuncu qarşılaması CAR-da keçirilən dünya birinciliyinin 1/8 finalında oldu. İspanlar həmin oyunda David Vilyanın vurduğu yeganə qolla qalib gəldilər.

İspaniya millisi bu gün Portuqaliya ilə fərqli taktika ilə oynamayacaq. Fərqli nə taktika ola bilər ki?! Müdafiədə Alvaro Arbeloa olmayacaqsa, Serxio Ramos meydanda olacaq. Raul Albiol ehtiyatda oturacaqsa, Herard Pikeni görəcəyik. Sonra kim gəlir: Xavi, Andres İnyesta, Sesk Fabreqas, Xabi Alonso, Fernando Torres, Pedro Rodriqes...

Sadaladıqca adamın nəfəsi daralır. Visente Del Boske ona görə dahi məşqçi deyil ki, komandanı ard-arda çempion edib. Boske ona görə dahidir ki, bu ulduzların hansını meydandan nə vaxt çıxaracağını, hansını meydana haçan buraxacağını problemsiz həll edir. Problem çıxaran isə yenə mətbuat, yenə azarkeşlərdir... Məsələn, komandadan daha maraqlı oyun gözləyən İspaniya mediası Torresin bu çempionatda yalnız əvəzedici oyunçu kimi meydana buraxılmasını həzm edə bilmir. Elə Sesk Fabreqasın da. İspaniyalı məşqçi bu çempionatda adını çəkdiyimiz hər iki oyunçunu əvəzedici heyətdə saxlayır. Torresi gah Navasla, Fabreqası Silva ilə (olur ki, hər ikisi bir-birini) əvəzləyir.

Torresin İtaliya ilə oyundan sonra dediklərini xatırlayaq: “Sesk Fabreqasın əsas heyətdə oyuna çıxması baş məşqçinin qərarı idi. Məncə, onun bu qərarı özünü doğrultdu. Çünki bərabərlik qolunu məhz Fabreqas vurdu. Əgər belə davam edərsə, qoy mənim yerimə elə Fabreqas oynasın”.

“Real”ın baş məşqçisi Joze Mourinyo ispan millisinin oyununu bu çempionat dövründə verdiyi açıqlamalarla bir neçə dəfə tənqid edib. O, xüsusilə hücum xəttinin oyununu bəyənmədiyini deyib. Mourinyo bu çempionatda indi ispanlara rəqib olan Portuqaliyanı çox bəyəndiyini də demişdi. Onun “iki-üç ən yaxşı komandadan” biri hesab etdiyi yerliləri indi çempionatın ən yaxşı olmaq üçün çalışır.

Portuqaliyanın heyətində məşqçinin hansı dəyişiklik edəcəyini oyunda biləcəyik. Çexlərlə görüşdə Türkiyə çempionatında çıxış edən Hüqo Almeydanın (“Beşiktaş”) oyunu çox yaxşı təsir bağışladı. Halbuki Portuqaliyanın baş məşqçisi Paulu Bentu da onu bu çempionatda əsasən ehtiyat oyunçular skamyasında saxlayır.

Yeri gəlmişkən, İspaniya millisinin baş məşqçisi yarımfinalında qarşılaşacaqları Portuqaliyanı məğlub edəcəklərinə inandığını deyib.

Rəqib futbolçu Kriştiano Ronaldoya qarşı xüsusi taktika seçiləcəyi haqda suala cavabında isə Del Boske deyib: “Təbii ki, Ronaldoya qarşı xüsusi müdafiəmiz olacaq”.

Oxucular bilir ki, çempionat uzunu yazılarımda şəxsi proqnozlar verməkdən çəkindim. Amma bu gün yetər deyirəm. Ronaldonun komandasının bu heyət və oyunla ən böyük nailiyyəti artıq qazanıb. Əlbəttə ki, bəyənmədiyim Ronaldonun sayəsində. İspaniyanın heyətində isə müdafiədə də ronaldolar var, yarımmüdafiədə də, hücumda da. Futbolda gözlənilməzliklər çoxdu, adına sensasiya deyirlər. Bu çempionatın ən böyük sensasiyası ispanların bu gün uduzması olardı. Mən bir az hövsələsizlik edib irəli qaçıram. İspaniyanı finalda görürəm, amma rəqib Almaniya olarsa...

İnşallah, bu mövzuya final ərəfəsi yenidən qayıdarıq. Qeyd edək ki, oyunu türkiyəli hakim Cüneyit Çakır idarə edəcək.

Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti

 


Son xəbərlər